Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin kitab xəzinələrindən sayılır.
Əlyazmaların toplanması respublikamızda ötən əsrin 20-ci illərindən başlamış, buradakı materialların əsasını orta əsr kitabxanaları, eləcə də XIX-XX əsrlər görkəmli Azərbaycan ziyalılarından Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Əbdülqəni Əfəndi Xalisəqarızadə, Hüseyn Əfəndi Qayıbov, Bəhmən Mirzə Qacar, Mir Möhsün Nəvvab və başqalarının şəxsi kolleksiyaları təşkil etmişdir. 1950-ci ildən bu qurum Əlyazmalar Fondu adı ilə müstəqil müəssisə kimi fəaliyyət göstərmişdir. Orta əsr elmlərinin bütün sahələrinə, tibb, astronomiya, riyaziyyat, mineralogiya, poetika, fəlsəfə, teologiya, hüquqşünaslıq, qrammatika, tarix, coğrafiya, bədii nəsr və poeziyaya dair Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə fond zəngin və nadir əlyazma kolleksiyasına malikdir. İndi burada 40 mindən artıq əlyazma, sənəd, şəxsi arxiv materialları, əski çap kitabları, qəzetlər və s. saxlanılır və tədqiq edilir.
Əlyazmalar İnstitutunun elmi tədqiqat mərkəzi kimi təşəkkülü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Yeni 2001-ci il, Yeni əsr, Üçüncü minillik münasibətilə xalqa müraciətində Heydər Əliyev Azərbaycan xalqının dünya sivilizasiya qarşısındakı tarixi xidmətlərini yüksək qiymətləndirərək demişdir: "İkinci minilliyin tarixi əyani surətdə göstərir ki, Azərbaycan xalqı dünya mədəniyyətində öz dəst-xətti ilə seçilən xalqlardandır. Keçən iki min il ərzində bəşər sivilizasiyasının ayrılmaz hissəsi kimi azərbaycanlılar dünya mədəniyyəti xəzinəsinə sanballı töhfələr vermişlər. Bizim əcdadlarımız ibtidai insanın mədəniyyət sahəsində əldə etdiyi bütün nailiyyətlərdən faydalanaraq özünəməxsus zəngin mədəni-mənəvi irs yaratmışlar. Bunu istər Azərbaycan ərazisində arxeoloji qazıntılar nəticəsində tapılmış abidələr, istərsə də bu günümüzə qədər gəlib çatmış şifahi xalq ədəbiyyatı və yazılı ədəbi irsimiz sübut edir".
Hələ 1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan KP MK-nın və hökumətin Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir. 1982-ci ildən fond Bakının indi İstiqlaliyyət adlanan küçəsindəki ən gözəl binalardan birində yerləşdirilmişdir. Binanın tarixi barədə bir neçə söz demək istərdim. İlkin olaraq, bu bina məşhur mesenant Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına qızlar seminariyası kimi tikilmiş, 1901-ci ildən istifadəyə verilmişdir. Sonrakı illərdə burada Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti, məktəb, Azərbaycan SSR Ali Soveti fəaliyyət göstərmişdir. Ali Sovet yeni binaya köçərkən bir neçə təşkilat bu binaya köçmək üçün təşəbbüslər etdilər. Yalnız əlyazmalarımızın, yazılı abidələrimizin milli mədəniyyətdəki rolunun müstəsnalığını dəyərləndirən ümummilli liderin iradəsi ilə bina Respublika Əlyazmalar Fonduna verilmişdi. Ötən əsrin 80-ci illərində RƏF öz fəaliyyətində akademiyanın institutlarından geri qalmır, akademik elmi-tədqiqat institutu kimi işləyirdi. Bunu nəzərə alan akademiya və institut rəhbərliyi RƏF-in instituta çevrilməsinə çalışır, "yenidənqurma" adı altında respublikalardakı ayrı-ayrı müəssisələri ləğv etməyi, birləşdirməyi üstün tutan Moskva isə buna razı olmurdu. Yalnız bir neçə illik mübarizədən sonra, 1986-cı ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyən Heydər Əliyevin yaxından iştirakı və köməyi sayəsində SSRİ Nazirlər Sovetinin 28 oktyabr tarixli sərəncamı, bir müddət sonra Azərbaycan SSR Nazirlər Sovetinin 1986-cı il 11 noyabr tarixli qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 1986-cı il 4 dekabr tarixli qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir. İndi bir neçə postsovet respublikasında Əlyazmalar institutları yaradılmışdır. Hazırda bu o qədər də çətin məsələ deyildir. Müstəqil, suveren ölkədə, əlbəttə ki, əlyazmaları tədqiq edən elmi-tədqiqat müəssisəsi - institut təşkil edilməsində qeyri-adi bir şey yoxdur. Sovet dövründə isə əlyazmaları öyrənən cəmi iki institut vardı. Tiflisdə K.Kekelidze adına Əlyazmalar İnstitutu, İrəvanda Matenadaran adlanan Əlyazmalar İnstitutu. "Qardaş respublikalar ailəsində" bu xüsusi imtiyazlı respublikalardan başqa, digərlərinin yazılı abidələrini, əlyazmalarını öyrənən institut açmaları müşkül məsələ idi. Həmin illərdə AMEA Əlyazmalar İnstitutunun yaradılması uğrunda gedən müdarizənin bir sıra şahidləri - AMEA-nın keçmiş prezidenti, akademik Həsən Abdullayev, Əlyazmalar İnstitutunun keçmiş direktoru Cahangir Qəhrəmanov artıq dünyalarını dəyişmişlər. Onlardan yalnız o zaman Mərkəzi Komitədə yüksək vəzifədə işləyən, indi isə Azərbaycanın Polşadakı səfiri olan Həsən Həsənov sağdır və deyilənləri təsdiqləyə bilər. Mərhum professor C.Qəhrəmanov Moskva səfərindən sonra danışırdı ki, Azərbaycandan alimlər qrupu əvvəlcə Heydər Əliyevin yanına gedirlər. Heydər Əliyev onlara məlumat verir ki, artıq SSRİ Nazirlər Sovetinin sədri ilə, digər yüksək vəzifəli şəxslərlə razılaşdırmışam, SSRİ EA-nın prezidentinə də demişəm, onun yanına gedin. Bizim heyət SSRİ EA-nın prezidenti Q.İ.Marçukun yanına getdikdə əmin olurlar ki, artıq məsələ bircə günün içində həll edilmişdir. Bundan sonra xoş xəbərlə Bakıya qayıdırlar.
Əlyazmalar İnstitutunun kimin adını daşıması da mübahisəli məsələ olaraq qalırdı. Bir sıra şəxslərin adları təklif edilir, hər kəs öz seçimində təkid edirdi. Sonralar hamı Heydər Əliyevin qərarının nə qədər məntiqli olduğunu dərk etdi. İndi hamı üçün aydındır ki, əgər Ədəbiyyat İnstitutu Nizami Gəncəvinin, Dilçilik İnstitutu İ.Nəsiminin adını daşıyırsa, Əlyazmalar İnstitutu da M.Füzulinin adını daşımalıdır. 1996-cı ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verildi. Heydər Əliyev işinin çoxluğundan, məşğulluğundan asılı olmayaraq, həmişə yazılı abidələrimizi, əlyazmalarımızı düşünmüşdür. Bunu sübut etmək üçün onun "Kitabi-Dədə Qorqud"un tədqiq və təbliği, 1300 illik yubileyinin keçirilməsi sahəsindəki fəaliyyətini yada salmaq kifayətdir. Ulu öndər 1997-ci il aprelin 20-də "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi haqqında" fərman, 1999-cu il fevralın 21-də "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında" sərəncamları imzaladı. Onun sədrliyi ilə Dövlət Komissiyasının 1999-cu il 16 fevral, 1999-cu il 8 aprel və 2000-ci il 11 mart tarixli üç iclası keçirildi. Bu iclaslarda o, giriş sözü və yekun nitqi ilə çıxış etdi. Və nəhayət, ulu öndərin təşəbbüsü ilə "Kitabi-Dədə Qorqud"un təntənəli surətdə Bakıda keçirilən 1300 illik yubileyi bütün türk xalqlarının bayramına çevrildi.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları, bütün ziyalılarımız ulu öndər Heydər Əliyevin bu müəssisənin tarixindəki rolunu heç vaxt unutmur, həmişə onu Azərbaycan elminin və mədəniyyətinin böyük hamisi kimi yad edirlər.
525.az