Paşa Əli oğlu Kərimov 1959-cu il 10 fevral tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olub. Görkəmli şair Əli Kərimin böyük oğludur.
Orta təhsilini Bakı şəhərində 132 saylı məktəbdə aldıqdan sonra Paşa Kərimov Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur.Ali təhsilini bitirdikdən sonra 1982-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar institutunda çalışır. 1999-2003-cü illərdə Əlyazmalar İnstitutunun elmi katibi işləmişdir. 2003-2011-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2011-ci ilin 1 noyabrından AMEA Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edib. 2014-2021 ci illərdə direktor müavini, 2015-2021-ci illərdə həm də "Multidistiplinar əlyazmalar və çap kitabları" şöbəsinin müdiri vəzifəsində çalışıb. 2021-ci il Noyabr ayından Əlyazmalar İnstitutunun icraçı direktorudur. AMEA Əlyazmalar İnstitutunun nəzdindəki 7213.01-“Dinşünaslıq” üzrə birdəfəlik ixtisaslaşdırılmış dissertasiya şurasının sədridir.UNESKO-nun Dünya yaddaşı proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədr müavinidir.
1991-ci ildə «Əlican Qövsi Təbrizinin «Divan»ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2012-ci ildə isə «XVII əsr anadilli Azərbaycan lirikası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.Nazirlər kabineti yanında Tərcümə Mərkəzinin elmi-bədii şurasının, Nizami adına Milli Ədəbiyyat Muzeyinin elmi şurasının, Respublika Elmi Tədqiqatları Əlaqələndirmə Şurasının Filologiya Problemləri Üzrə Elmi Şurasının, Milli Təhsil Muzeyi qiymətləndirmə şurasının üzvüdür. "Azərbaycan", "Filologiya məsələləri", "Multikulturalizm", "Əlyazmalar Yanmır" jurnallarının redaksiya heyətinin üzvüdür. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Klassik ədəbi abidələrimizin filoloji və tekstoloji araşdırılması və nəşrə hazırlanması işi ilə məşğul olur. İlk dəfə olaraq XVI-XVII əsr Azərbaycan şairlərindən Qövsi Təbrizi, Mürtəzaqulu xan Şamlu, Vəhid Qəzvini, Sadiq bəy Əfşar, Yusif bəy Ustaclu və b. türkcə divanlarını, XIX əsr şairi Mirzə İsmayıl Qasirin şeirlərini və bir sıra başqa abidələrimizi çap etdirmişdir. Azərbaycan tarixində əhəmiyyətli rola malik bir çox əlyazmaların
1.ABŞ-ın Merilend ştatının Baltimor şəhərindəki Volters İncəsənət Muzeyində saxlanılan 15-ci əsr osmanlı şairi Ətainin Nizami Gəncəvinin təsiri ilə türkcə yazdığı "Miniatürlü xəmsə" əsəri
2.Almaniyada yaşayan soydaşımız Məhəmmədəli Hüseyninin köməyi ilə Şah İsmayıl Xətainin xətt nümunələri
3.Almaniyada yaşayan soydaşımız Məhəmmədəli Hüseyninin köməyi ilə, adı indiyədək ədəbiyyat tariximizə düşməmiş Abdulla Bərqi Xoyinin şerləri
4.Ağqoyunlular və Səfəvilər dövründə yaşamış (XV-XVI əsrdə) Azərbaycan şairi Əhməd Şövqi Təbrizinin lirik şeirləri toplusu divanının Ankara Milli Kitabxanasında saxlanan nüsxəsi
5.XV- XVI əsrlərdə yaşamış Azərbaycan şairi Sürurinin şeirlər toplusu-divanının İstanbulun Süleymaniyyə və Manisa şəhər kitabxanalarında saxlanan əlyazmaları
6.XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əbülqasim Nəbatinin Təbriz Mərkəzi Kitabxanasında saxlanan anadilli "Divanı"
7.Təbriz Mərkəzi Kitabxanasından XIX əsrdə yaşamış Güney Azərbaycan şairi Sabit Əndəbilinin lirik şeirlər divanı
8.XIX əsrin sonu-XX əsrin əvvəllərində yaşamış Azərbaycan şairi Molla Əli Talibinin divanı
9.Paris Milli Kitabxanasında saxlanan Azərbaycan tarixinə, mədəniyyətinə dair 200-dən artıq materialın surətləri, elektron variantları
10.Filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimov ilə birgə Mirzə Baxış Nadimin iki əlyazma şeir toplusu
11.Almaniyada yaşayan həmvətənimiz Məhəmmədəli Hüseyninin köməyi ilə Şah İsmayıl Xətainin nəvəsi İbrahim Cahinin şeirlər toplusu divanının surəti
12.Ankara Milli Kitabxanasından yaradıcılığında Nəsiminin güclü təsiri olan, XVI əsrdə yaşamış osmanlı şairi Heyrəti divanının surəti
13.Ankara Milli Kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının iki nüsxəsinin surəti
14.Ankara Milli Kitabxanasından Şah İsmayıl Xətainin və onun oğlu I Şah Təhmasibin ana dilində yazdıqları şeirləri
15.Tehranın Məclis kitabxanasından Osmanlı şairlərinin şeirlərindən ibarət bir əlyazma məcmuəsinin surəti
16.Ankara Milli Kitabxanasından Məhəmməd Füzulinin oğlu Fəzlinin iki qəzəli, bir təkbeyti, iki misrası
17.Əbdürrəhim Şirvaninin Tehranın Məclis kitabxanasında saxlanan Əfşarlar dövrünə aid türk dilinin leksika və qrammatikasından bəhs edən “Kitabi-məzhər əttürki” əsərinin surəti
18.Tehranın Məclis kitabxanasından Səfəvilər dövründə yaşamış təbrizli Azərbaycan şairi Heydərinin farsca əsərlər külliyatının surəti
19.Tehranın Məclis kitabxanasından osmanlı şairi Tacəddin İbrahim Əhmədinin “İsgəndərnamə” poemasının surəti
20.Tehranın Məclis Kitabxanasından “Lüğəte-Nemətullah” əsərinin surəti
21.Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Etnoqrafiya və Arxeologiya İnstitutunun kitabxanasından Dağıstan və Şirvan tarixinə dair Azərbaycan dilində yazılmış “Kitabi-nəsəbnameyi-ümərayi-Qaytaq” əsərinin əlyazmasının surəti
22.İstanbulun Topqapı Sarayı Muzeyindən XVII-XVIII əsrlərdə yaşamış Nəşə Təbrizinin divanının surəti
23.Tehranın Mulis kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının – lirik şeirlər toplusu nüsxəsinin surəti
24.Tehranın Məclis Kitabxanasından XVIII əsr Azərbaycan şairi Mir Fəttah Marağayinin anadilli şeirlərinin surəti
25.Tehranın Məclis Kitabxanasından XIV-XV əsrlərdə yaşamış görkəmli tarixçi alim Əhməd ibn Məhəmməd ibn Ərəbşahın (1392-1450) Əmir Teymurun hakimiyyətinə həsr olunmuş “Əcaib əl-məqdur” əsərinin Seyid Hüseyn adlı şəxs tərəfindən dilimizə tərcüməsinin surəti
26.Tehranın Məclis Kitabxanasından orta əsrlərin görkəmli alimi Carullah Əllamə Zəməxşərinin “Müqəddimətül-ədəb” əsərinin türk dilinə tərcüməsinin əlyazmasının surəti
27.Tehranın Məclis Kitabxanasından türk mənşəli alim Əbu Nəsr İsmayıl Həmmadın “Tacü l-lüğa və sihahil-ərəbiyyə” əsərinin türk dilinə tərcüməsinin əlyazmasının surətini
28.Məşhədin Astane-Qüdse-Rəzəvi kitabxanasından Orta Asiyanın böyük alimi Əbu Əli ibn Sinaya həsr edilmiş “Qisseyi-Əbu Əli Sina” adlı əsərin surəti
29.Böyük Azərbaycan şairi İmadəddin Nəsimi divanının-lirik şeirlər toplusunun Ankaranın Milli Kitabxanasında saxlanan iki əlyazma nüsxəsinin sürəti
30.Ankara Milli Kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının naməlum əlyazma nüsxəsinin surəti
31. XIII əsrdə yaşamış Azərbaycan şairi Əlinin “Qisseyi-Yusif” poemasının Moskva Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinin nadir kitablar fondunda saxlanan əlyazmasının surəti
32. “Aşıq Qurbani” dastanının 1880-ci ildə İstanbulda nəşr edilmiş 40 səhifədən ibarət nüsxəsi
33. Paris Milli Kitabxanasından XVII əsrdə yaşamış, adı ədəbiyyat tariximizə düşməmiş Azərbaycan şairi Zövqinin anadilli lirik şeirlər toplusunu - divanının surətini
34. ABŞ-ın Kaliforniya Universitetinin kitabxanasından Nəsimi ardıcılı, hürufi şair Sürurinin anadilli divanının avtoqraf nüsxəsinin surəti
35. XIX əsrdə yaşamış Azərbaycan ədibi Əbdürrəzzaq Məftun Dünbülinin “Nigaristani-Dara” təzkirəsinin Tehran Universiteti Kitabxanasında saxlanan əlyazmasınn elektron surəti
36. İstanbulun Süleymaniyyə Kitabxanası və Tehran Milli Kitabxanasından XV-XVI əsrlərdə yaşamış Azərbaycan şairi Məhəmməd Bəsirinin lirik şeirlər toplusu — divanının avtoqraf nüsxələri
37. İstanbulun Süleymaniyyə kitabxanasının Fatih qismindən XV əsrdə yaşamış Azərbaycan şairi, Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşah Həqiqinin (1405-1467) “Şeirlər toplusu – “Divan”ının”əlyazma surəti
38. Tehranda yaşayan ədəbiyyat tədqiqatçısı Firuz Rifahi Ələmdarinin yardımı ilə XVI əsr Azərbaycan şairi Yusif bəy Ustaclunun Tehran Universitetinin Mərkəzi Kitabxanasında saxlanan anadilli divanının surəti
39. Şəmsəddin Şəmsi və ya Dərviş Şəmsi adı ilə tanınmış, XV-XVI əsr Azərbaycan şairinin “Dəh Mürğ” (On quş) poemasının 5 müxtəlif əlyazma nüsxəsi
40. Paris Milli kitabxanasından "Əsli və Kərəm" ("Hekayəti Kərəm" adı ilə) və "Aşıq Qərib" ("Aşıq Qərib və Şahsənəm xanım" adı ilə) dastanlarımızın XIX əsrdə ərəb qrafikası ilə yazıya alınmış variantlarının surətləri
və s.
aşkarlanmasına və AMEA Əlyazmalar İnstitutuna gətirilməsinə nail olub. Bir çox yerli və beynəlxalq konfranslarda iştirak edib və bir sıra mükafatlara layiq görülüb. Şair Əli Kərimin "Daş" şeiri əsasında çəkilmiş "Daş" Qısametrajlı Cizgi Filminin ssenari müəllifi olmuşdur. 2016-cı ildən AMEA Əlyazmalar İnstitutunun magistrlarına müxtəlif fənlərdən mühazirələr deyir.