18 yanvar 2017 – ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun akt zalında qanlı 20 yanvar faciəsinin şəhidlərinin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib. Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlk sükutla yad edilib.

Sonra institutun direktoru, akademik Teymur Kərimli çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet imperiyasının işğalçı ordusunun Bakı şəhərinə daxil olaraq, dinc əhaliyə amansızlıqla divan tutmasından danışıb. O, həmin məşum qara yanvar gecəsinin heç zaman unudulmayacağını və xalqımızın yaddaşında əbədi yaşayacağını qeyd edib.

Alim daha sonra Azərbaycan ədəbiyyatında 1990-cı il 20 yanvar hadisələrinin bədii təsvirini verən əsərlərdən, xalqımızın mübarizə əzmini, qətiyyətini göstərən bədii nümunələrdən söhbət açmışdır. T.Kərimli həmin qətliamın xalqımızın mübarizə əzmini nəinki qırmadığını, əksnə onun müstəqillik uğrunda mücadiləsini daha gücləndirdiyini diqqətə çatdırıb. O, bu hadisələrin törədilməsində birbaşa iştirakı olan sovet imperiyası rəhbərlərinin iç üzünün açılmasında ulu öndər Heydər Əliyevin göstərdiyi qətiyyəti bir daha xatırladıb. Akademik çıxışının sonunda 20 yanvarın millətin qürur və şərəf tarixi olduğunu diqqətə çatdırmışdır.

İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov öz çıxışında xalqımızın qəhramanlıq tarixindən söz açmışdır. O, bu tarixdə 20 yanvarın xüsusi yeri olduğunu bildirib. P. Kərimov Azərbaycan xalqının başına gələn bəlaların əksəriyyətinin ölkəmizin siyasi- coğrafi mövqeyi ilə bağlı olduğunu vurğulayıb. O, bu faciənin heç bir zaman unudulmayacağını, xalqın yaddaşında əbədi yaşayacağını bildirib. Əlyazmalar İnstitutunda xalqımızın keşməkeşli tarixi ilə bağlı çoxsaylı materialların olduğunu nəzərə çatdıran alim fikrini belə yekunlaşdırmışdır: “Hər bir xalq öz tarixi ilə böyük olur, əsas məsələ bu tarixi yaşatmaq və onu nəsildən-nəsilə ötürməkdir”.

İnstitutun elmi katibi, fil.ü.f.d. Əzizağa Nəcəfov çıxışında 20 yanvar hadisələri zamanı uşaq olduğunu, həmin faciə haqqında məlumatları əsasən şahidlərin dilindən eşitdiyini və kitablardan oxuduğunu bildirib. O, 20 yanvarı millətin istiqlal mübarizəsinin tarixində ən şərəfli səhifələrdən biri adlandırıb. Ə.Nəcəfov məhz bu hadisədən dərhal sonra ulu öndər Heydər Əliyevin Moskvada sovet imperiyasının rəhbərliyinə qarşı öz kəskin etirazını bildirməsini müstəqillik yolunda qətiyyətli addımlardan biri kimi qeyd edib.

İnstitutun əməkdaşı, fil.ü.f.d. Əkrəm Bağırov 20 yanvar tarixinin hələ tam açılmadığını, bu sahədə ciddi tədqiqatlara ehtiyac olduğunu bildirib. O, tədbirdə 20 yanvara həsr etdiyi “O gecə” şeirini oxumuşdur.

elyazmalarinstitutu.com