1 fevral 2017-ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclasın gündəliyində duran əsas məsələlərdən biri institutun qocaman əməkdaşı Həmid Adil oğlu Haqvediyin 80 illik yubileyinin qeyd edilməsi olmuşdur.

Tədbirdə ilk söz alan yubiliyarın dostu, uzun illər institutda onunla çiyin-çiyinə çalışmış Seyfəddin Məmmədvəliyev H.Haqverdiyev kimi insanların cəmiyyətimizə əsl nümunə olduğunu bildirib.1953-cü ildən H.Haqverdiyevlə birgə çalışdığını deyən S.Məmmədvəliyev bu insanın hər zaman öz işinə vicdanla yanaşdığını, məsuliyyətli işçi, gözəl dost, nümunəvi ailə başçısı olduğunu qeyd edib. O, bu dostluqla fəxr etdiyini dilə gətirib. İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli öz çıxışında H.Haqverdiyevin təsərrüfat işçisi olmasına baxmayaraq, mədəniyyətimizin, əlyazmalar xəzinəmizin uzun illər keşiyində ləyaqətlə dayandığını vurğulayıb. Daha sonra institutun elmi işlər üzrə direktor müavini fil.ü.e.d. Paşa Kərimov yubiliyara institutun fəxri fərmanını və mükafatını təqdim edib. Sonda institutun elmi katibi, fil.ü.f.d., dosent Ə.Nəcəfov, fil.ü.e.d. Kamandar Şərifov və digər əməkdaşlar çıxış edərək yubiliyara öz arzu və diləklərini çatdırıblar.

elyazmalarinstitutu.com