07.03.2017-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının iclası keçirilmişdir. İclasın əvvəlində İnstitutda çalışan qadın işçilər İnstitutun direktoru akademik Teymur Kərimli adından 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edilmişlər.

İclasın gündəliyində duran birinci məsələ 2016-2017-ci il tədris ilində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə əyani doktoranturaya qəbul olmuş doktorantların dissertasiya mövzuları və elmi rəhbərləri təsdiq olmuşdur. Mövzuyla bağlı İnstitutun təhsil şöbəsinin müdiri Kərimulla Məmmədzadə çıxış etmişdir.

Sonra İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov 28 fevral-2 mart tarixlərində Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərinə ezamiyyəti barədə hesabat vermişdir. Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitində P.Kərimov Elm və Texnologiya nominasiyası üzrə mükafata layiq görülmüşdür.

İnstitutun Beynəlxalq əlaqələr üzrə aparıcı elmi işçisi, fil.ü.f.d. Əkrəm Bağırov da 23-24 fevral tarixlərində Bolqarıstanın Sofiya şəhərində keçirilən elmi konfransda iştirakı barədə hesabat məruzəsi ilə çıxış etmişdir.

Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, professor Kamandar Şərifov görkəmli pedaqoq, alim və kitabşünas Əbdülqəni Əfəndi Xalisəqarızadənin 200 illik yubileyi ilə əlaqədar elmi sessiyanın keçirilməsi barədə təkliflə çıxış etmişdir. Müzakirələrdən sonra sessiyanın payızda keçirilməsi qərara alınmışdır. Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Sevinc Bayramovanın Əhməd bin Həsənin “Şərh əş-Şafiyə” əsərinin Bakı əlyazmaları” mövzusunda məqaləsinin çapa tövsiyə edilməsi barədə institutun elmi katibi fil.ü.f.d. Əzizağa Nəcəfov məlumat vermişdir. Mövzunun aktuallığını nəzərə alan Elmi Şura məsələyə müsbət münasibət bildirmişdir.

İnstitutun sabiq əməkdaşı Müzafəddin Əzizovun tərcümə etdiyi “Məhəmməd ibn Mahmud Şirvaninin “Rövzətül-itr” kitabının nəşri məsələsi müzakirə edilmişdir. İnstitutun elmi işlər üzrə direktor müvini, fil.ü.e.d. Paşa Kərimov kitab barədə məlumat verərək onun çapının zəruri olduğunu vurğulamışdır. Elmi Şura çapla bağlı qərar qəbul etmişdir.

İclasın sonunda “Elm” qəzetində 27.01.2017-ci il tarixində getmiş elana əsasən Farsdilli əlyazmaların tədqiqi şöbəsinin və Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri vəzifələrini tutmaq üçün namizədlər irəli sürülmüşdür. Gizli səsvermə nəticəsində fil.ü.e.d. Nəsib Göyüşov Farsdilli əlyazmaların tədqiqi şöbəsinin, fil.ü.e.d. Nailə Səmədova isə Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri vəzifələrinə seçilmişlər.

elyazmalarinstitutu.com