4 aprel 2017-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “Müqayisəli ədəbiyyatşünaslığın aktual problemləri” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
Konfransa təqdim olunan məqalələrdə ədəbiyyat incəsənətin bir sahəsi kimi təhlil və təqdim edilmişdir. Məruzələrdə müqayisəli ədəbiyyatşünaslığın predmeti olan ədəbi əsərlər, janr və üslublar, yazıçının yaradıcılıq xüsusiyyətləri, ədəbi cərəyanlarla yanaşı, xalqların ictimai, mədəni inkişafı, mədəni və ədəbi əlaqələri qarşılıqlı tədqiq olunmuşdur. Ədəbiyyatşünalıq məsələlərinə müxtəlif aspektlərdən - fəlsəfi, sosioloji, tarixi, kulturoloji kontekstdən yanaşılmışdır.
“Mədəniyyətlərin dialoqu: Şərq və Qərb təmasları”, “Bədii tərcümə ədəbiyyatların inteqrasiyasının əsas amili kimi” və “Şərq-Qərb dixotomiyası kulturoloji kontekstində” üç seksiyadan ibarət olan elmi konfransda 56 məruzə dinlənilmişdir.
Konfransın əhəmiyyətli cəhətlərindən biri də budur ki, məhz müqayisəli ədəbiyyatşünaslıq elmi Şərq-Qərb ənənələri əsasında formalaşan dünya duyumunun, Şərq və Qərb mədəniyyətinin, Azərbaycanda avropatipli teatrın yaranmasının “Şərqin Molyeri” - dahi M.F.Axundzadənin dramaturgiyası əsasında öyrənilməsinə, mədəniyyətlərarası dialoqun qarşılıqlı mübadilə prosesinə, multikultural ədəbi irsin dəyərləndirilməsinə, tərcümə sahəsinin inkişaf tarixinə nüfuz etmək imkanı yaradır. Konfrans öz işini məruzələrin müzakirələri ilə davam etdirmişdir.
www.admiu.edu.az