Iclası Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli açaraq dissertant və dissertasiya haqqında qısa məlumat verib. Sonra o, sözü Aygül Hacıyevaya verib. Dissertant elmi işinin mövzusu, predmeti, elmi əhəmiyyəti və yenilikləri barədə müfəssəl danışıb. O, Ruhi Bağdadi “Divan”ında Füzuli təsirinin güclü olduğunu və buna görə divanın dilinin Azərbaycan ədəbi dili ilə xalq dili arasında ortaq mövqeyə malik olduğunu vurğulayıb.
Dissertasiya işinin elmi məsləhətçisi professor Azadə Musayeva tədqiqat işinin əhəmiyyətindən, əldə edilən nəticələrdən danışıb. O, Ruhi Bağdadi “Divan”ının 30 əlyazma nüsxəsinin olduğunu, dissertasiyada onların yeddisinin tədqiqata cəlb olunduğunu qeyd edib.
Rəsmi rəyçi professor Roza Eyvazova dissertasiya işinin məziyyətlərindən, alimin polemik məsələlərə xüsusi münasibətindən söhbət açıb. Digər rəyçi, fil.ü.e.d. Tünzalə Baxşıyeva isə Ruhi Bağdadinin “Divan”ının dilinin araşdırılmasının türk dillərinin müqayisəli qrammatikasının yazılması üçün əhəmiyyətli olduğunu bildirib.
Sonra AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, fil.ü.e.d Paşa Kərimov, fil.ü.e.d.,prof. Kamilə Vəliyeva, fil.ü.e.d.,prof. Kamandar Şərifov, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli çıxış edərək, işin AAK-ın tələblərinə tam uyğun olduğunu bildiriblər.
elyazmalarinstitutu.com