AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun Elmi Şurasının qərarı ilə “İlahiyyata dair əlyazmalar kataloqu”nun II cildi çap olunub. Kataloqu institutun əməkdaşı Nailə Süleymanova tərtib etmişdir. Kitaba ərəb, fars və türk dillərində qiraət, təcvid və təfsirə dair əlyazmalaraın elmi-paleoqrafik təsviri daxil dilmişdir. Qeyd edək ki, bu cilddə indiyədək haqqında heç bir yerdə bəhs edilməyən bir çox əsərlər də yer almışdır ki, onlar paleoqrafik xüsusiyyətəri, tərtibatı və yazılış tarixinin qədimliyinə görə xüsusi maraq doğurur.

Kataloq “Qiraət və təcvidə dair əlyazmalaraın təsviri”, “Təfsirə dair ərəbdilli əlyazmaların təsviri”, “Təfsirə dair farsdilli əlyazmaların təsviri”, “Təfsirə türkdilli əlyazmaların təsviri”, “Quran elmlərinə dair ərəb, fars və türkdilli əlyazmaların təsviri” , “Təsvir olunmuş əlyazmaların göstəriciləri”, “Qiraət və təcvidə dair göstəricilər”, “Təfsirə dair ərəbdilli əlyazmaların göstəriciləri”, “Təfsirə dair farsdilli əlyazmaların göstəriciləri”, “Təfsirə dair türkdilli əlyazmaların göstəriciləri və s. bölmələrdən ibarətdir.

Kitabın elmi redaktorları filologiya üzrə elmlər doktorları Paşa Kərimov və Kamandar Şəriflidir. Farsdilli əlyazma təsvirlərinin redaktoru Könül Bağırova, ərəbdilli əlyazma təsvirlərinin redaktoru isə Yeganə Rəhnulladır.

elyazmalarinstitutu.com