Mədəniyyət və Turizm Nazirliyi, Səməd Vurğunun ev-muzeyi və Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Səməd Vurğun və ədəbi türk dünyası” adlı respublika elmi konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə şairin ev-muzeyi ilə yaxından tanış olublar.
Ev-muzeyinin direktoru Nüşabə Babayeva-Vəkilova konfransı giriş sözü ilə açaraq, Səməd Vurğunun xatirəsinə həsr olunmuş və artıq ənənəyə çevrilmiş belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
O, Yusif Səmədoğlunun Türkiyədə yenicə çapdan çıxan və ev-muzeyin kitabxanasına daxil olmuş “Qətl günü” romanını iştirakçılara təqdim edib.
Filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı “Qətl günü” romanı haqqında maraqlı elmi fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Sonra konfransda seçilmiş mövzuya uyğun məruzələr dinlənilib.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvinin “Özbək poeziyasında Səməd Vurğun mövzusu” adlı məruzəsi böyük marağa səbəb olub.
Məruzədə deyilir: “Ötən əsrin 40-50-ci illərində Səməd Vurğun poeziyasının şöhrəti dünyanın əksər ölkələrinə yayılmışdı. Ədəbiyyata gəldiyi ilk vaxtlardan, daha çox isə 30-cu illərin yarısından bu gün də dillər əzbəri olan əsərlər yazsa da, 1937-ci ilin qara-qorxularından nə şöhrətin şirinliyini, nə də şairə olan xalq məhəbbətini sevinclə könülə doldurmaq, dilə gətirmək mümkün deyildi. Çox güman ki, o xoflu zamanlarda bu duyğuları – nəşəli anları yaşamaq adamın yadına da düşmürdü. Sonra müharibənin odu-alovu hər kəsin arzularını, istəyini, sevən qəlbini qarsaladı. Amma bir həqiqəti də deyək ki, 37-nin xofu, dəhşəti müharibədən də ağır, işgəncəli idi. Bu illərdə ən gözəl əsəri, şeiri-sənəti, sənətkarlığı tərif etməyə qorxurdular. Birdən nə isə, hansısa ifadədə sətiraltı məna "tapılardı". Onunla da hər şey bitmiş olardı. Amma müharibə illərində yaxşı, gözəl əsər tərifləndi, şairə də, oxuyana da, eşidənə də ruh gətirdi, ağrılardan yorulan ruhu bir hovur dincəltdi. Eyni ağrıları Səməd Vurğun da yaşayıb. 37-nin hər qara gecəsinin işıqlı sabahla açılmasına sevinib, sonra yenə qorxulu gecələr gəlirdi. Nəhayət, "bu div heybətli" illər başa çatdı və sən demə, artıq Səməd Vurğun poeziyasının səsi-sədası düzü-dünyanı başına alıbmış. Hamı Səməd Vurğun kimi yazmağa can atırdı. Gənclər bu təsiri öz yaradıcılıqlarında daha tez hiss etdilər. Hətta o dövrün 50-60-cı illərin mötəbər ziyalıları, ədəbiyyatşünasları, tənqidçiləri az qala "üsyan etdilər" ki, hamı Səməd Vurğun olmayacaq ki?! Klassiklərdən bəhrələnmək, öyrənmək lazımdır. Səməd Vurğundan o yana – ötən illərə, əsrlərə, bəşər ünvanlı sənətkarlara nəzər yetirmək, onların məktəblərindən faydalanmaq lazımdır. Belə tərzdə yazılmış ədəbi-tənqidi məqalələr hələ şairin sağlığında ikən yayılır, dərc olunurdu. Səməd Vurğun isə öz şeir dünyasında idi. Azərbaycan ədəbi mühitində bu təsir az qala kütləviləşmişdi. Eyni vəziyyəti özbək poeziyası ilə yaxından tanış olarkən orada da gördük. Sanki özbək şairləri də Səməd Vurğun kimi yazmaq - yaratmaq bəhsində imişlər...” .
Daha sonra M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovun “Səməd Vurğun və Məhəmmədhüseyn Şəhriyar”, Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Yaşar Qasimbəylinin “Səməd Vurğun və XX yüz il özbək klassikləri”, Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının “Səməd Vurğunun nəzəri-estetik irsində türk xalqları ədəbiyyatı”, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyat nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun “Səməd Vurğun yaradıcılığına türk ədəbiyyatının təsiri”, Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin dissertantı Sənubər Səmədovanın “Müstəqillik illərində özbək mətbuatında Səməd Vurğun yaradıcılığı” mövzularında məruzələri dinlənilib.
Dinlənilən məruzələrin əsas qayəsini Səməd Vurğun yaradıcılığının türk xalqları ədəbiyyatına, o cümlədən Türkiyə, özbək, tatar, qazax, qırğız ədəbiyyatlarına təsiri, şairin əsərlərinin həmin ölkələrdə tərcüməsi və ədəbi əlaqələr müstəvisində tədqiqi kimi məsələlər təşkil edib. Məhəmmədhüseyn Şəhriyar, Qafur Qulam, Musa Cəlil, Mehmet Akif Ərsoy kimi görkəmli şairlərin yaradıcılıqları ilə müqayisəli təhlil konfrans iştirakçıları tərəfindən yüksək dəyərləndirilib.
azertag.az