Mayın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Rumıniya “Al.İ.Kuza” Universitetinin (Yassı) dosenti, filologiya elmləri doktoru, tərcüməçi Lyudmila Bejenarunun “Kamal Abdulla: dolğunluq fəlsəfəsi” (“Камал Абдулла: философия полноты”) monoqrafiyasının təqdimatı keçirilib.

Alimlər, şairlər və yazıçıların iştirak etdiyi təqdimat mərasimini giriş sözü ilə açan Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qonaqları salamlayaraq, Lyudmila Bejenarunun Bilik Fondunda görməkdən məmnunluğunu ifadə edib. O.Səmədov, rumıniyalı alimin Azərbaycanın ictimai və elm xadimi, dünya səviyyəsində tanınmış yazıçı Kamal Abdullanın yaradıcılığı haqqında kitab yazmasını xalqımıza və ədəbiyyatımıza verilən yüksək dəyərin təzahürü adlandırıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev Azərbaycanın tanınmış ictimai və dövlət xadimi, eyni zamanda əsərləri dünyanın bir çox xalqlarının dillərinə tərcümə olunmuş yazıçı Kamal Abdullanın Azərbaycan ədəbiyyatına verdiyi töhfədən danışıb. Ç.Abdullayev rumıniyalı alim, tərcüməçi Lyudmila Bejenaruya “Kamal Abdulla: dolğunluq fəlsəfəsi” monoqrafiyasını ərsəyə gətirdiyinə görə minnətdarlığını ifadə edib. Sonra Lyudmila Bejenaru “Kamal Abdullanın yaradıcılığı dünya ədəbiyyatı kontekstində” mövzusunda mühazirə söyləyib və təqdimatı keçirilən monoqrafiyanın tərtib və nəşr edilmə zərurətindən danışıb. Müəllifin sözlərinə görə, milli mədəniyytətlərin və ədəbiyyatların müasir dialoqu dünya mədəniyyətinə inteqrasiyanı zəruri edir. Dünya şöhrətli qorqudşünas Kamal Abdulla Azərbaycan postmodernist ədəbiyyatının banisi olaraq, “Yarımçıq əlyazma” əsəri ilə yeni Azərbaycan romanının əsasını qoyub və bədii mətnin içərisində elmi mətnin oxucuya çatdırılmasına nail olub. Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyevin sözlərinə görə, Lyudmila Bejenarunun bu monoqrafiyasında Kamal Abdulla fəlsəfəsinin açılması onun yaradıcılığının rusdilli oxucu üçün əhatəli təhlilinə imkan yaradır. O bildirib ki, “Kamal Abdulla: dolğunluq fəlsəfəsi” monoqrafiyasının Azərbaycan dilinə tərcüməsi gənc yazarların püxtələşməsinə, yaradıcılıq imkanlarının cilalanmasına imkan yarada bilər. AMEA Folklor İnstitunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlil monaqrafiyanı oxuduqdan sonra müəllifin təhlil etdiyi məqamların Kamal Abdulla yaradıcılığının aparıcı istiqamətlərini əhatə etdiyini vurğulayıb. Natiq Kamal Abdullanın alim kimi dilçilik elmi sahəsində xidmətlərindən danışaraq, eyni zamanda ədəbi yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına verdiyi töhfədən də bəhs edib.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu monoqrafiyanın müxtəlif dillərə tərcüməsinin vacibliyini vurğulayaraq, Kamal Abdullanın Yaponiyadan tutmuş Qərbi Avropayadək dünyanın bir çox ölkələrində sevilərək oxunduğunu nəzərə çatdırıb. M.Nağısoylu onu da deyib ki, Kamal Abdulla öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını, mədəniyyətini, tarixini və milli dəyərlərini dünya ədəbiyyatına və oxucusuna çatdırır. Təqdimat mərasimində Azərbaycan Respublikasıın Əməkdar Mədəniyyət İşçisi Çingiz Əlioğlu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Tofiq Abbasov, BDU-nun kafedra müdiri, professor Cəlil Nağıyev, filologiya elmləri doktoru Gülər Abdullabəyli çıxış edərək, ruminiyalı müəllifin qələmə aldığı kitabın Azərbaycanın ədəbi və ictimai həyatında mühim əhəmiyyətə malik olduğunu, monoqrafiyanın gənc ədəbiyyatçılar üçün istinad mənbəyinə çevriləcəyini bildiriblər.

bilikfondu.gov.az kulturaplus.az