Mayın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda “Məhtimqulu Fəraqi – dostluq və qardaşlıq nəğməkarı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Ədəbiyyat İnstitutunun alim və mütəxəssisləri, Türkmənistanın Azərbaycandakı səfirliyinin nümayəndələri, ölkəmizin tanınmış elm xadimləri iştirak ediblər.

AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinin müasir inkişafının yüksək səviyyədə olduğunu deyib. O, Ədəbiyyat İnstitutu tərəfindən şairin Azərbaycanda tapılan "Divan"ının çapının ədəbi əlaqələrimizə töhfə olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, görkəmli türkmən şairi M.Fəraqinin xatirəsi ölkəmizdə əziz tutulur və onunla bağlı silsilə tədbirlər keçirilir.

Türkmənistanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Batır Recepev Azərbaycan-Türkmənistan əlaqələrinin əhəmiyyətindən danışıb, beynəlxalq konfransın təşkilinə görə AMEA-nın rəhbərliyinə, akademik İ.Həbibbəyliyə minnətdarlığını bildirib. Vurğulanıb ki, bu cür tədbirlər ölkələrimiz arasındakı ədəbi əlaqələrin inkişafına müsbət təsirini göstərir.

Konfransda AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin “Türk ellərinin böyük şairi Məhtimqulu Fəraqi”, filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlının “Məhtimqulu Fəraqinin poemaları” mövzularında məruzələri dinlənilib. Məruzələrdə M.Fəraqinin həyat və yaradıcılığı barədə danışılıb, şairin poemalarının ilk dəfə ölkəmizdə həm Azərbaycan, həm də türkmən dillərində nəşrə hazırlandığı qeyd edilib.

Sonra filologiya elmləri doktoru Paşa Kərimov “Oğuz türkləri ədəbiyyatının qüdrətli nümayəndəsi Məhtimqulu Fəraqi” və Ədəbiyyat İnstitutunun dissertantı Töhfə Talıbova “Məhtimqulu Fəraqinin Azərbaycanın qədim Nuxa (Şəki) şəhərində olması barədə” mövzularında çıxış ediblər.

Sonda mövzu ilə bağlı müzakirələr aparılıb. Tədbir çərçivəsində M.Fəraqinin əsərlərindən ibarət sərgi təşkil olunub.

azertag.az

Filologiya üzrə elmlər doktoru Paşa Kərimovun çıxışı:

Oğuz türkləri ədəbiyyatının qüdrətli nümayəndəsi Məhtimqulu Fəraqi

Türkmən xalqının ən böyük şairi, bütün türk xalqları ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Məxdumqulu Fəraqi yaradıcılığında xalq şeiri ilə klassik şeir ənənələrini birləşdirən sənətkarlardandır. Dövlətməhəmməd Azadi və Nurməhəmməd Əndəlibin simasında türkmən ədəbiyyatında özünü büruzə verən bu cərəyan Məxdumqulu Fəraqinin şəxsində öz zirvəsinə çatmışdır. Məxdumqulu şeiri realizmə, həyat gerçəkliyinin realist təsvirinə meyl edən türkmən poeziyasının ən parlaq səhifəsidir. M.Fəraqi yaradıcılığı xalqın həyat tərzi, məişəti, sevinc və kədəri ilə sıxı surətdə bağlı, əslində türkmən xalqının ensiklopediyası olan böyük sənətkardır. Şair türkmən xalqının həyatının ən çətin, zidiyyətlərlə dolu, daxili çəkişmələrin, ölkələrarası münaqişələrin getdiyi bir dövrdə yaşayıb-yaratmış, həmişə qəlbi xalqının qəlbi ilə bir vurmuş, onun sevinc və kədərinə şərik olmuşdur. Yaşadığı dövrün haqsızlıqlarını, ədalətsizliklərini amansız tənqid hədəfinə tutan, xalqını azad, xoşbəxt görmək istəyən, türkmənlərə daxili çəkişmələrə son qoyub, vətəni düşmən tapdağı altına düşməyə qoymamağı, ölkəni bir yumruq kimi birləşib müdafiə etməyi tövsiyə edən, sözün əsl mənasında milli şairdir.

Maraqlıdır ki, Məxdumqulunun yaradıcılığındakı milliliyi tərənnüm edən, realizmi əsas təsvir üsulu sayan meyllər onun yaşadığı dövrdə bir sıra digər oğuz türklərinin də yaradıcılığında müşahidə olunur. Qeyd edək ki, M. Fəraqi yaradıcılığı oğuz türklərinin, türkmənlərin folklorundan, Yunus Əmrə, İmadəddin Nəsimi kimi klassiklərin irsindən bəhrələnmişdir. Öz sələfləri kimi, təsəvvüflə bağlı olan şair dilinin sadəliyi, aydınlığı etibarı ilə də adları çəkilən böyük oğuz şairlərini özünə nümunə götürmüşdür. Dini-təsəvvüfi mövzuların oxuculara çatdırılması tərzi və ədasında Məxdumqulu şeirlərinin Y.Əmrə və İ.Nəsimi əsərləri ilə səsləşdiyini görürük. M.Fəraqinin birbaşa Yunus Əmrədən təsirləndiyini sübut edən nümunələr mövcüddur. Məsələn, Yunusun

Şol cənnətin irmaqları axar Allah deyü-deyü,

Çıxmış islam bülbülləri, ötər Allah deyü-deyü (1.s.308).

* mətləli qəzəli məşhurdur. Məxdumqulunun bu şeirin təsiri ilə yazdığı

Mən Yəqubam, ahu zarı çəkəm Yusif deyü-deyü,

Gözlərimin qanlı yaşın tökəm Yusif deyü-deyü (2.s169).

* mətləli 9 beytlik qəzəli vardır.

XVIII əsrdə Məxdumqulu ilə bərabər Şimali Azərbaycanda Molla Pənah Vaqifin, cənubda Tilimxanın, Türkiyədə Nədimin yaradıcılığında realizmə, xəlqiliyə meyl, real gözəlin, dünyəvi eşqin vəsfi, nikbin notlar diqqəti ilkin cəlb edən cəhətlərdəndir. Türk xalqları arasında Füzuli şeirlərinin çox geniş yayıldığı bir dövrdə Azərbaycan şairi Vaqifin (1717-1797) qoşmaları meydana çıxdı və oxucular tərəfindən çox bəyənildi. Onun xüsusilə xalq ədəbiyyatı formalarında yazdığı əsərlərində, qoşmalarında nikbin əhvali-ruhiyyə, həyati, dünyəvi gözəlliyə pərəstiş hissləri qüvvətlidir, Azərbaycan xalqının adət və ənənələri, milli həyat canlı, poetik ifadəsini tapmışdır. Vaqif Azərbaycan türklərinin bədii dilini yeni yüksəliş pilləsinə qaldırmışdır. Onun əsərlərində Azərbaycan türkcəsi bütün gözəlliyi, zənginliyi ilə təzahür edir. Məxdumqulu təsəvvüflə daha çox bağlı oluğundan şeirlərində fani dünyanı deyil, baqi dünyanı düşünməyi məsləhət görür. Lakin bununla bərabər onun yaradıcılığında dünyəviliyə, real hadisələrin realistcəsinə təsvirinə, təbiət, məişət lövhələrinə, cəmiyyətin həyatı ilə bağlı məsələlərə münasibətin ifadəsinə, vətənvərpərlik motivlərinə rast gəlirik. Xüsusi olaraq qeyd etmək lazımdır ki, cəmiyyətin ən müxtəlif təbəqələrinə sadə xalqa müraciət edən Məxdumqulu Vaqif kimi geniş kütlələrin anlaya biləcəyi dildə yazırdı, danışıq dilinə məxsus söz və ifadələrdən istifadə edirdi. Vaqif kimi o da klassik janrlarla bərabər şifahi xalq ədəbiyyatı formalrında əsərlər yazmışdır.

M.P.Vaqif gündəlik həyatda gördüyü, el qızlarına qoşma, qəzəl və müxəmməslər həsr etmiş, bu əsrlərdə onların ayrı-ayrı bədən üzvlərinin, bəzəklərinin, geyimlərinin gözəlliyini vəsf etmişdir. Məxdumqulunun da vəsf etdiyi gözəllər mücərrəd deyillər, onlar şairin hər gün gördüyü el qızlardır. Bu səbəbdən onların tərifi gerçəkçi təfərrüatı ilə diqqəti cəlb edir.

Ey dostlar, yaxşı yarın

Qoynu cənnət gülə bənzər.

Söyləsə dürlər saçılar,

Dilləri bülbülə bənzər...

Özünə çoxdur binası,

Geyib rəngbərəng libası,

Əlinə qoyduğu xınası,

Sanki qızıl xuna bənzər (3. s.113).

M.P.Vaqifin xüsuilə son şeirlərində, “Bax” rədifli qəzəlində və “Görmədim” rədifli müxəmməsində icitmai həyatın, insanların əxlaqının, mənəvi dünyasının pozulmasının kəskin tənqidi vardır. Məxdumqulunun da belə mövzulu müxəmməsinə rast gəlirik:

Dövran, necə dövransan, qərib ağlar, el dinməz,

Zülmü artar zalimin, heç könlünə rəhm enməz,

Cahanı yandırdı getdi, yamanın odu sönməz,

Bir Məhəmməd xatirinə yer yarılmaz, göy enməz,

Çərx sevinər bu işə olmaz axırzamana (3. s.421).

Vaqif “Görmədim” rədifli müxəmməsində əxlaqların bu qədər pozulduğu halda dünyanın sonunun, axırzamanın gələcəyindən danışır, şiələrin inamına görə o zaman zühur edəcək sonuncu imam sahibi-əzzəman Mehdiyə xilas üçün müraciət edir. M.Fəraqi isə eyni ruhlu şeirində ancaq Həzrət Məhəmmədin xatirinə axırzamanın gəlmədiyindən danışır.

Qeyd etmək istərdik ki, XVIII əsr Azərbaycan ədəbiyyatında olduğu kimi, həmin dövr türkmən ədəbiyyatında da bəndlərdən ibarət klassik janrlara, xüsusilə də müxəmməslərə meyl artmışdır. Bunu da, fikirimizcə, onunla izah etmək lazımdır ki, hər iki qardaş xalqın poeziyasında həyatın gerçəkçi əks etdirilməsi, ayrı-ayrı faktların, təfərrüatların ifadəsi üçün bəndlərdən ibarət janrların, müxəmməsin daha geniş imkanları bu dövrün sənətkarları tərəfindən üzə çıxarılmışdı.

M.P.Vaqif doğma təbiətin təsvirinə, məişət əşyalarına, geyim növlərinə, ayrı-ayrı şəxslərə şeirlər həsr etmişdir ki, bu da XVIII əsr ədəbiyyatımızda realizmə meylin artması ilə bağlıdır. M. Fəraqi də təbiətin təsvirinə, geyimlərə, qocalığa, şəxsən tanıdığı adamlara şeirlər həsr edib. Onun Çovdur xana, atası D.Azadiyə, anasına, qardaşı Abdullaha və başqalarına həsr etdiyi şeirlər o zamankı Türkmənstanda insanların arasınada, ailə daxilində münasibətlərin öyrənilməsində mühüm əhəmiyyətə malikdir.

Atası Azadinin ölümünə həsr etdiyi 10 bəndlik qoşmasında şair dərin kədərini səmimi səkildə etiraf etmişdir:

Fələk, səni axtarırdım, sən düçar oldun,

Gözümün nurani-Azadi hanı?

Ürəyim soğurub itlərə verdin,

Şəhrimin sultanı-Azadi hanı?...

Şəkər ikən zəhər oldu sözlərim,

Zəfəran tək saralıbdır üzlərim,

Qüvvət getdi, qübarlandı gözlərim,

Minbərim əzanı-Azadi hanı? (3.s.34).

Məxdumqulunun XVIII əsr oğuz türkləri ədəbiyyatındakı ən böyük xidmətlərindən biri şeirə vətənpərvərlik motivlərini gətirməsidir. Əslində oğuz türklərinin ədəbiyyatı həmişə vətənpərvər olmuşdur. M.Fəraqinin haqqında danışdığımız şeirləri dövrün tələbindən, türkmən xalqının maraqlarından irəli gəlirdi. Şair yadelli işğalçıların təzyiqinə davam gətirmək üçün ayrı-ayrı türkmən ellərinin bir yumruq kimi, bir məmləkər halında birləşməsi zərurətini ən vacib məsələ kimi diqqətə çatdırırdı:

Təkə yomut, yazır, göklən, axal eli bir olub,

Eyləsə bir yerə yürüş, açılar gül laləsi (3.s.13).

Şair vətəninin təbiətinin gözəlliyi, insanaları, ağsaqqalları, gəncləri ilə fəxr etdiyini şeirlərində böyük bir ilhamla, aydın bir dildə ifadə etmişdir:

Al yaşıla bürünüb çıxar pərisi,

Kükrəyib bərq vurar ənbər iyisi,

Bəy, törə, ağsaqqal-yurdun yiyəsi,

Kürən tutar gözəl eli türkmənim...

Könüllər, ürəklər bir olub başlar,

Qoşun çəksə, əriyər topraqlar, daşlar,

Bir süfrədə hazır düzülsə aşılar,

Yüksələcək xoş iqbalı türkmənin (3, s.11).

Bu şeir XVII əsrin böyük Azərbaycan şairi, zəhmətkeş xalqin qüvvəsinə inanan və onu öz gücünün tükənməzliyinə inandırmağa çalışan Abbas Tufarqanlıın insanları birliyə çağıran misralarını xatırladır:

Abbas deyər bu sözləri sərindən,

Arxı vurun suyu gəlsin dərindən,

Söz bir olsa dağ oynadar yerindən,

El bir olsa, zərbi kərən sındırar (4,s.328)

İranın Savə bölgəsinin Mərəğey kəndində dünyaya gəlmiş Tilimxanın (1763-1831) şeirləri Savə, Qum, Ətrak, Həmədan, Qəzvin və Zəncanda, Cənubi Azərbaycanın müxtəlif bölgələrində dillər əzbəridir. Tilimxanın əsərlərinin, xüsusilə də şifahi xalq ədəbiyyatı formalarında yazdığı qoşma, gəraylı və cığalı təcnislərinin geniş kütlələr arasında yayılması onun əsl xalq şairi olduğunu sübut edir. Tədqiqatçılar onun yaradıcılığında Vaqif və Məxdumqulunun təsiri olduğunu qeyd etmişlər. Onun qoşmalarından birində Vadiqfin misra, söz və ifadələrinin olduğu kimi iqtilas edildiyi görünür:

Xumar-xumar baxmaq göz qaydasıdır,

Qayıdıb can almaq öz qaydasıdır,

Zülfün pərişandır, üz qaydasıdır,

Nə badi-səbadan, nə şanədəndir (5.s.103).

M.Fəraqidə olduğu kimi, Tilimxanın yaradıcılığında da vətənpərvərlik motivlərinin olduğunu görürük. Şair qoşmalarından birində ölkələri səyahət etmək istədiyini, lakin bülbül güldən ayrı dura bilmədiyi kimi, vətənindən ayrıla bilmədiyini deyir:

İstərəm mən gedəm diyarbədiyar,

Göyül vətənindən əl çəkə bilməz.

Bülbül necə çəksin gülün qəhrini,

Bülbülün qəhrini gül çəkə bilməz (5.s.111).

Vaqif və Məxdumqulu kimi Tilimxan da cəmiyyətin nöqsanalrını, ictimai bəlaları tənqid etmişdir. Şair insanlar arasındakı münasibətlərdə pulun hakim mövqeyə keçməsini zəmanənin bəlası kimi dəyərləndirərək yazır:

Ey ağalar, bəd zamana olubdur,

Dövlətli yanında qul dolanandır.

Yad olub məhəbbət, gedib sədaqət,

İndi zəmanəni pul dolandırır (5.s.107).

Tilimxan da Vaqif və Məxdumqulu kimi həyatda gördüyü el gözəllərini, doğma yurdun təbiətini vəsf etmiş, məşiət əşyalarından bəhs açmış, vəfasız dostlardan, bədxasiyyət adamlardan, yoxsuluqdan, qocalıqdan şikayət etmişdir. Vaqif müxəmməslərindən birində yarı zarafatla qocalıq əlaməti kimi saqqalından şikayət edir, saqqalı ağararsa gözəllərin birdəfəlik ondan üz döndərəcəyindən qorxduğunu bildirir.

Qocalığa bir sıra şeirlər həsr etmiş Məxdumqulu “Dostlar” rədifli qoşmasında qoca adamın əhvalını, ailədəki vəziyyətini, tənhalığını, xəstəliklərin ona əziyyət verdiyini realist bir qələmlə təsvir etmişdir:

Getdi tamam qədir bilən tay-tuşun,

İndi sağlıq ötdü, dərddir yoldaşın,

Getdikcə il-ildən sərt olur qışın,

Dərdin pisi qocalıqdır, dostlar (3.s.180).

Tilimxanın “Qocalıq” rədifli qoşması M.Fəraqinin şeiri ilə səsləşməkdədir:

Başımı ağartdı, dişimi tökdü,

Ağladıb gözümün yaşını tökdü,

Qəddim kaman olub, belimi bükdü,

Cavanlıq güllərin dərdi qocalıq (5.s118).

XVIII əsr osmanlı divan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Əhməd Nədim (1680-1730) də xalq şeiri formalarında şeirlər yazmış, dünyəvi eşqi vəsf etmiş, şeirdə sünilikdən qaçaraq real həyat səhnələrinin təsvirinə meyl etmişdir. Nədim xalq şeiri formalarına müraciət edən ilk osmanlı şairlərindən olmuşdur. Onun lirik-aşiqanə mövzulu qoşmalarında klassik poeziyanın təsiri ilə ərəb-fars sözlərindən geniş istifadə edildiyini görürük:

Sevdiyim, bəndənə düşərsə xidmət,

Qapında qul olmaq canıma minnət,

Görə idim səndə buyi-məhəbbət,

İstədigim budur sən bivəfadən (6, s.251).

Böyük türkmən şairi M.Fəraqinin poeziyası ilə onun müasiri olan oğuz türkləri şairlərinin yaradıcılığı arasında bir sıra oxşar cəhətlərin nəzərə çarpdığını görürük. Məxdumqulu hər şeydən əvvəl böyük şair və istedadlı aşıqdır. O, həm klassik poeziyanın, həm də şifahi xalq ədəbiyyatının janrlarında eyni dərəcədə uğurla yazıb-yaratmışdır. Artıq XVI-XVII əsrlərdən etibarən oğuz-türklərinin ədəbiyyatında divan şeiri ilə xalq yaradıcılığı qovuşaraq yeni bir mərhələyə qədəm qoymuş, yazılı ədəbiyyatla şifahi ədəbiyyatın sintezi nəticəsində şair-aşıq sənətkarlar yetişmişlər. Məxdumqulu türkmən və ümumtürk folklorunu dərindən mənimsəyən xalq şairi-aşığı səviyyəsinə yüksəlmişdir. XVIII əsr oğuz türkləri poeziyasının müşahidəsi göstərir ki, həyatın realist əksinə meylin artması, poeziyaya ictimai, vətənpərvərlik motivlərinin gətirilməsi və.s. məsələlərdə Məxdumqulu yaradıcılığı ilə Azərbaycan və Türkiyə ədəbiyyatları arasınada müəyyən ortaq cəhətlər vardır. Fikrimizcə, bunun iki əsas səbəbi vardır: Haqqında danışılan ədəbiyyatların ortaq mənşəyi və XVIII əsr realığının bu qardaş xalqlar qarşısında qoyduğu tələblərin yaxınlığı.

Ədəbiyyat



1. Yunus Emre divanı. Hazırlayan: Selim Yağmur. İstanbul: “Dergah” yayınları, 2008.

2. Fəraqi Məhtimqulu. Divan. Bakı: “Elm və təhsil”, 2015.

3. Məhtimqulu. Seçilmiş əsərləri. Bakı: “Elm və təhsil”, 2014.

4. XVII əsr Azərbaycan lirikası (Antologiya). Bakı: “Nurlan”, 2008.

5. Həkim Tilimxan divanı. Toplayan: Əsədullah Əmiri. Tehran, 1385.

6. Nedim divanı. Hazırlayan: prof.dr.Muhsin Macit. www.kulturturizm.gov.tr.