Əli Kərim 1931-ci ildə Göyçay şəhərində doğulub. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, III kursdan Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirib və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.
Ədibin ilk əsəri olan "Təzə müəllim" şeiri "Azərbaycan pioneri" qəzetində dərc edilib. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında onun "İlk simfoniya" poeması mükafata layiq görülüb.
Əli Kərim "Azərbaycan" jurnalının redaksiyasında şeir şöbəsinin müdiri işləyib.
İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibətilə Moskvada çap olunmuş "Два влюбленных" ("İki sevgili") olub.
Əli Kərim ilk şeirlərindən parlaq istedadı ilə şeirsevərlərin diqqətini cəlb eden və bir sıra şairlərə güclü təsir bağışlayan sənətkarlardandır. Şairin əsərlərindən bir çoxu ölümündən sonra işıq üzü görub.
Bu gün onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər də az deyil.
Əli Kərim 1969-cu ildə Bakıda vəfat edib. O Göyçayda Boz dağın ətəyində dəfn edilmişdir. Daha sonra Ümummilli lider Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra Əli Kərimin məzarının ətrafında Azərbaycan Hökumətinin qərarı ilə park salınmış, heykəl qoyulmuşdur. Hal-hazırda Bakı, Göyçay, Sabirabad Şəhərlərində Əli Kərimin adını daşıyan küçə, Sumqayıtda Əli Kərim adına poeziya klubu, Xocalı rayonunda isə Əli Kərim adına tam orta məktəb vardır.
Şairin anım günü münasibəti ilə onun aliə üzvləri Göyçayda şairin məzarını ziyarət ediblər. Bu gün isə şairin oğlu filologiya elmləri doktoru Paşa Kərimov İctimai Televiziyanın qonağı olub