Sentyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “Molla Pənah Vaqif təsviri realizmin banisi kimi” respublika elmi-praktik konfransı keçirilib. AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə M.P.Vaqifin əsərlərindən, eləcə də şairin həyat və yaradıcılığına həsr olunmuş kitablardan ibarət sərgisi ilə tanış olublar.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamını xatırladıb.

Qeyd olunub ki, M.P.Vaqifin adının UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür. Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan verib. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoyub. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həm də siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirib. Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdəndir.

Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas, Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutu direktorunun müavini, professor Paşa Kərimov Vaqifin ədəbiyyatımızın inkişafında, ana dilimizin zənginləşməsində böyük xidmətləri olduğunu vurğulayıblar.

Konfransda M.P.Vaqifə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbirdə filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilovun “Molla Pənah Vaqifin özü və tarixin sözü”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru Təyyar Salamoğlunun “ XX əsrin 20-30-cu illərinin ədəbi-nəzəri fikrində Vaqif (Salman Mümtazın tədqiqatları əsasında)” mövzularında məruzələri dinlənilib.

Sonra konfrans öz işini “Molla Pənah Vaqifin ədəbi irsinə yeni baxış”, “Molla Pənah Vaqif yaradıcılığında dil və üslub xüsusiyyətləri”, “Molla Pənah Vaqifin ictimai-siyasi xadim və şair kimi tədrisi məsələləri” bölmələrində davam etdirib. Bölmə iclaslarında ümumilikdə 44 məruzə dinlənilərək müzakirə edilib. Sonda bölmə rəhbərlərinin hesabatları dinlənilib və müvafiq qərarlar qəbul olunub.

azertag.az