AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Respublikasının əməkdar elm xadimi, professor Cahangir Qəhrəmanovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d., professor Aybəniz Əliyeva-Kəngərli C.Qəhrəmanovla bağlı təəssüratlarını dilə gətirib. O, alimlə cəmi bir neçə dəfə görüşdüyünü bildirib: “Mən o zaman Ədəbiyyat Muzeyində işləyirdim, bizim hesabatlarımızı ekspert kimi C.Qəhrəmanov yoxlayırdı. Bu qısa görüşlərdə mən onun necə qayğıkeş, mehriban insan olduğunu hiss edirdim. Onun xatirəsi hamımızın qəlbində daim yaşayacaq”.

İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. professor Paşa Kərimov Cahangir Qəhrəmanovun həyat və fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. Alimin elmi, ictimai fəaliyyəti üzərinə işıq salan Paşa Kərimov sonda xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O, C.Qəhrəmanovun Əlyazmalar Fondunun instituta çevrilməsindəki xidmətlərindən danışıb və yüksək qiymətləndirib.

Tarix ü.e.d. Tahirə Həsənzadə “Cahangir Qəhrəmanov irsinin öyrənilmə tarixindən” adlı məruzəsində alimin yaradıcılığından, "Памятники письменности Востока" seriyasından olan nəşrlərdə, "Cоветская тюркология" jurnalında, "Ədəbiyyat və incəsənət" qəzetində, "Архивы Aзербайджана" məcmuəsində səmərəli fəaliyyətindən, Nəsimi əlyazmaları üzərindəki araşdırmalarından danışıb.

Sonra akademik Vasim Məmmədəliyev, Möhsün Nağısoylu çıxış edərək alimin elmi və ictimai fəaliyyətindən, mütəxəssis və kadr yetişdirmək sahəsində gördüyü işlərdən söhbət açıblar.

Professorlar Kamandar Şərifov, Azadə Musayeva, İsmayıl Məmmədli yubuiliyar haqqında xatirələrini bölüşüblər.

Sonda çıxış edən, alimin oğlu Elçin Qəhrəmanov tədbiri təşkil etdiklərinə görə akademiyanın, o cümlədən Əlyazmalar İnstitutunun rəhbərliyinə dərin minnətdarlığını bildirib.

elyazmalarinstitutu.com