AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Bakı Dövlət Universitetinin filologiya fakultəsinin “SABAH” qrupunun III kurs tələbələri “Azərbaycan yazılı abidələrinin dili” fənni çərçivəsində növbəti dərsdə iştirak ediblər. İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov “Seyid İmadəddin Nəsimi və davamçıları” mövzusunda mühazirə oxuyub.
O, əlyazma qaynaqlarında Nəsiminin tərcümeyi-halı və şəxsiyyəti ilə bağlı məlumatları dinləyicilərin nəzərinə çatdırıb, əsərlərinin tədqiq və nəşr tarixi haqqında, hürufilik təriqəti barədə geniş məlumat verib. Alim şairin külliyyatının tənqidi mətninin hazırlanması prosesində alimlərin rastlaşdığı çətinliklərdən söhbət açıb.
Tələbələrə mühazirə əsnasında Əlyazmalar İnstitutunun fondunda qorunan Nəsimi “Divan”ının XVI və XVII əsrə aid olan nadir əlyazma nüsxələri nümayiş olunub.
Qeyd edək ki, akademik Teymur Kərimlinin təşəbbüsü ilə qış sessiyasında Əlyazmalar İnstitutunda “SABAH” qrupunun tələbələri üçün mütəmadi olaraq dərslər keçilir.
elyazmalarinstitutu.com