Oktyabrın 20-də AMEA-nın Ədəbiyyat İnstitutunun Elektron akt zalında Humanitar və İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr olunan "Molla Pənah Vaqifin sənət idealları və müasirlik" mövzusunda elmi sessiya keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli elmi sessiyanın Prezident İlham Əliyevin "Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən təşkil olunduğunu bildirib. Molla Pənah Vaqifin adının UNESCO-nun "2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı"na daxil edildiyini deyən alim bildirib ki, bu, Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür.
Akademik İ.Həbibbəyli şairin poeziya dünyası, nadir yaradıcılıq üslubu, ictimai və siyasi xadim kimi diplomatik təcrübəsi, bölgədəki proseslərə təsir imkanları barədə danışıb. "M.P.Vaqif özünəməxsus ənənələrə malik ədəbi məktəb yaradıb və onun bənzərsiz poeziya nümunələri ədəbiyyatımızın yeni istiqamətdə inkişafına böyük təsir göstərib" - deyən AMEA-nın vitse-prezidenti şairin erkən yeni dövr Azərbaycan realist ədəbiyyatının yaradıcısı olduğunu bildirib. Qeyd edib ki, xalq həyatının təsviri Vaqifin şeiri üçün əsas olub və təsadüfi deyil ki, o, xalq nəğməkarı adlandırılır.
Sonra ədibin həyat və yaradıcılığına həsr olunan "Həyatın nəsrlə yazdığını mən nəzmlə vəsf edirəm" sənədli filmi nümayiş olunub.
Sessiyada Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyev "Molla Pənah Vaqif və Məhtumqulu" adlı məruzə ilə çıxış edib. Alim XVI əsrin əvvəllərindən xalq şeiri üslubunun, ona məxsus poetik formaların klassik poeziyada işlənməsindən, hüdudlarının getdikcə genişlənməsi və klassik ədəbiyyatda mövqelərini gücləndirməsindən danışıb. M.Əliyev qeyd edib ki, Molla Pənah Vaqif və Məhtumqulu Fəraqi yaradıcılığı ilə anadilli şeirin poeziyadakı hakim mövqeyi tam bərqərar olunub. Yazılı ədəbiyyatda ədəbi dil normaları Azərbaycan və türkmən xalq danışıq dilləri hesabına zənginləşərək möhkəmlənib.
Tədbirdə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovun "Gerçəklik və gözəllik nəğməkarı" mövzusunda məruzəsi dinlənilib. P.Kərimov bildirib ki, Molla Pənah Vaqifin yaradıcılığında şifahi xalq ədəbiyyatından gələn qoşma klassik poeziyadan gələn obrazlarla, ərəb-fars tərkibləri, sözləri ilə zənginləşdiyi kimi, klassik poeziya janrları da şifahi xalq ədəbiyyatı janrlarına, qoşmaya yaxınlaşır, xəlqiləşir. Vurğulayıb ki, Vaqifin XVIII əsrin əvvəllərində yaşayan sələflərinin ictimai həyatın tənqidinə həsr edilmiş əsərlərindən xəbəri vardı. Məruzəçi Vaqifin "Görmədim" rədifli müxəmməsinin XVII əsrin sonları - XVIII əsrin birinci yarısında yaşamış Nişat Şirvaninin "Görmədim" rədifli mürəbbəsinə cavab olaraq yazıldığını əlavə edib.
"Molla Pənah Vaqifin obrazı Azərbaycan təsviri sənətində" mövzusunda məruzə ilə çıxış edən Memarlıq və İncəsənət İnstitutunun ümumi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov bildirib ki, XX əsr Azərbaycan təsviri sənətinin ən böyük nailiyyətlərindən biri də xalqımızın görkəmli söz ustadlarının portretlərinin yaradılmasıdır. Qeyd edib ki, klassik nəsli təmsil edən bir qrup görkəmli Azərbaycan rəssamı klassik şair və mütəfəkkirlərin, söz və qələm sahiblərinin yüksək bədii kamilliyi, obrazın bütövlüyü, yetkinliyi ilə seçilən portretlərini çəkiblər. Portretləri yaradılan tanınmış şairlər arasında M.P.Vaqifin də özünəməxsus mövqeyi olduğunu deyən məruzəçi onun bədii obrazına Mikayıl Abdullayev, Cəlal Qaryağdı, Albert Mustafayev, Ramiz İsmi Qaya kimi tanınmış rəssam və heykəltəraşların müraciət etdiyini diqqətə çatdırıb.
Daha sonra Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan sənətkarlıq tarixi şöbəsinin rəhbəri, tarix üzrə elmlər doktoru, professor Camal Mustafayevin "Molla Pənah Vaqif və Qarabağ xanlığının xarici siyasəti" adlı məruzəsi dinlənilib. Molla Pənah Vaqifin həm də görkəmli dövlət xadimi olduğunu deyən alim onun bacarığı və iti ağlı ilə Qarabağ hakimi İbrahimxəlil xanın diqqətini cəlb etdiyini, sarayda eşikağası, nədimi-hüzur və baş vəzir vəzifələrində çalışdığını bildirib.
Məruzəçi Vaqifin Qarabağ xanlığının idarə edilməsində, xüsusilə xarici siyasət məsələlərində əhəmiyyətli rol oynadığını qeyd edib: "O, Qarabağ xanlığı ilə Kartli-Kaxetiya çarlığı arasında uzun müddət davam etmiş dostluq və müttəfiqlik münasibətlərinə böyük töhfələr verib. Vaqif Ağa Məhəmməd şah Qacara və 1796-cı ildə Azərbaycana yürüş etmiş rus ordusunun komandanı general V.Zubova ünvanlanmış məktubların əsas müəllifi olub. Hətta onun yazdığı, oğlu Əbülfət ağa tərəfindən V.Zubova təqdim olunmuş məktub rus komandanlığı ilə Qarabağ xanlığı arasında yaranmış gərginliyin müharibə həddinə çatmasının qarşısının alınmasında mühüm rol oynayıb".
Tədbirdə, həmçinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə elmlər doktoru Mahirə Quliyeva və başqaları da çıxış edərək böyük şairin həyat və yaradıcılığından bəhs ediblər.
science.gov.az