Akademik Rafael Hüseynovun sədrliyi ilə ARETƏŞ Filologiya Problemləri üzrə Elmi Şurasının 8-ci iclası keçirilmişdir. Bu dəfəki iclasda 5-i elmlər doktorluğu hazırlığı, 33-ü fəlsəfə doktorluğu hazırlığı üzrə olmaqla 38 nəfər sənəd tədqim etmiş iddiaçının mövzuları müzakirə olunmuş, dissertant və doktorantlara müvafiq tövsiyələr verilmişdir. Elmlər doktoru hazırlığı proqramı üzrə müraciət etmiş şəxslərdən Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Türkologiya kafedrasının doktorantı Əliyeva Gülgün Şükür qızının “Türk xalqları ədəbiyyatında İmadəddin Nəsiminin bədii obrazı”, eləcə də ötən iclasda nəzərdən keçirilərək mövzunun adının dəyişdirilməsi və redaktəsi ilə bağlı konkret məsləhətlər verilmiş, müvafiq plan-prospektlərin hazırlanması tövsiyyə edilmiş AMEA Naxçıvan Bölməsinin doktorantı Vəliyeva Fatimə Mayis qızının “Azərbaycan dilində aforizmlər, onların linqvostruktur təhlili və lüğətlərdə istifadə formaları” və AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Zamanov Nağdəli Tapdıq oğlunun “Heydər Əliyev nitqinin arxitektonikası, ekspressivliyi və üslubi-qrammatik xüsusiyyəti” mövzuları olduğu kimi təsdiq edilmişdir. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı Quliyeva Qətibə Vaqif qızının “Qədim türk-uyğur abidələrinin linqvo-tekstoloji tədqiqi” mövzusu “VI-X əsrlər türk-uyğur hüquq sənədlərinin linqvo-tekstoloji tədqiqi” şəklində təsdiq edilmişdir. Bakı Slavyan Universitetinin Rus ədəbiyyatı kafedrasının doktorantı Yusifov Tofiq Sədrəddin oğlunun “Nazim Hikmətin əsərlərinin Rusiyada tərcüməsi və resepsiyası məsələsi” mövzusu onun doktorantura üzrə ixtisasına uyğun gəlmədiyinə və ümumiyyətlə, bu mövzu elmlər doktorluğu pilləsi üçün yetərincə miqyaslı olmaması səbəbindən təsdiq edilmədi.

Fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə mövzusu müzakirəyə çıxarılanlardan Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının əyani doktorantı Abdullayeva Ülkər Mehman qızının “İngilis və Azərbaycan dillərində “Vətən” konsepti”, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Jurnalistikanın mətbuat tarixi və ideoloji iş metodları kafedrasının əyani doktorantı Ağayarova Afaq Elçin qızının “Azərbaycan mətbuatı tarixində “İqbal” qəzetinin yeri və rolu” , AMEA Nizami adına Ədəbiyyat İnstitutunun qiyabi doktorantı Bağırova Rumiyyə Sərhəd qızının “XX əsr Türkiyə ədəbiyyatında Azərbaycan mövzusu”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Həsənova Ləman Həsənəli qızının “Müasir Azərbaycan ədəbi dilində turizm terminologiyasının formalaşması və inkişafı”, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı Xudiyeva Vəzufə Hüseynağa qızının “Əli bəy Hüseynzadə irsinin biblioqrafik tədqiqi”, Azərbaycan Dillər Universitetinin İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dissertantı Rəhimova Aygün Qeybulla qızının “İngilis və Azərbaycan dillərində presuppozisiya problemi”, Azərbaycan Dillər Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının dissertantı Bəşirova Səadət Mübariz qızının “Eldar Baxış yaradıcılığında janr və üslub məsələləri”, Azərbaycan Dillər Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının doktorantı Dadaşova Aynur Nurəddin qızının “Azərbaycan dilinin şimal-qərb şivələrində sabit söz birləşmələri”, Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının dissertantı Əliyeva Günel Mübariz qızının “Azərbaycan, ingilis və rus dillərində motivləşməyən lakunlar”, Bakı Dövlət Universitetinin Filologiya Fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının qiyabi doktorantı Mehdizadə Alidə Mövlüş qızının “Azərbaycan məhəbbət dastanlarının dilində gender münasibətlərini əks etdirən sintaktik bütövlər”, Azərbaycan Dillər Universitetinin Linqvokurtulogiya kafedrasının dissertantı Məmmədova Arzu Hikmət qızının “Təhsil diskursunda ingilis dili vasitəsi ilə qloballaşma”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin dissertantı Mirzəyeva Aynur Şirin qızı nın “Qarabağın tarixi etnotoponimləri”, Sumqayıt Dövlət Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dissertantı Rahtari Mahirə Famil qızının “Azərbaycan və rus dillərində ikihecalı sözlərin fonetik quruluşu”, Bakı Dövlət Universitetinin Filologiya Fakültəsinin Dünya ədəbiyyatı kafedrasının əyani doktorantı Seyidzadə Cahanxanım Miramin qızının “Ceyn Ostinin romanlarında psixologizm”, Azərbaycan Universitetinin Humanitar fakültəsinin Azərbaycan filologiyası və jurnalistika kafedrasının dissertantı Zakirova Pakizə İsrayıl qızının “Arif Abdullazadənin poeziyası” mövzuları adlarında heç bir dəyişiklik edilmədən təsdiq edilmişdir. Lakin nəzərə alınmalıdır ki, bu doktorantların xeyli hissəsi Filologiya Problemləri üzrə Elmi Şuranın iclaslarına daha əvvəl 2, yaxud 3-cü dəfə gəlimişdilər və onların mövzuları qabaqkı toplantılarda aparılan müzakirələrdən və tövsiyyələrdən sonra indiki məqbul halına çatmışdır. AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Abbasova Elnurə Alim qızının “Azərbaycan və ərəb dillərində hal kateqoriyasının diaxronik və sinxronik əsasları” mövzusu “Azərbaycan və ərəb dillərində hal kateqoriyasının diaxronik aspektləri” şəklində, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının əyani doktorantı Abdullayeva Şahnaz Əli qızının “Azərbaycan Respublikasının beynəlxalq informasiya mübadiləsində iştirakı prosesində AzərTAC-ın rolu” mövzusu “Azərbaycan Respublikasının beynəlxalq informasiya mübadiləsi prosesində AzərTAC-ın rolu” kimi, Bakı Avrasiya Universitetinin dissertantı Hüseynov Taleh Əvəz oğlunun “XIX əsr Azərbaycan ədəbiyyatında dini mövzunun ideya-bədii xüsusiyyətləri” mövzusu “XIX əsr Azərbaycan ədəbiyyatında dini mövzulu əsərlərin ideya-bədii xüsusiyyətləri” kimi, AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Babayeva Rəxşan Ramiz qızının “Alınma sözlərin yaranması prosesində din amilinin rolu” mövzusu “İngilis dilində söz alınma prosesinə din amilinin təsiri” kimi, Bakı Dövlət Universitetinin Filologiya Fakültəsinin Ümumi dilçilik kafedrasının əyani doktorantı Rəhimli Əminə Rəhim qızının “Yüksək səviyyəli proqramlaşdırma dilləri və verilənlər bazasının terminologiyası” mövzusu “Yüksək səviyyəli proqramlaşdırma dilləri və verilənlərin bazasının terminologiyası” şəklində təsdiq olunmuşdur. Bu doktoranrların da bir qismi daha öncəki iclaslarda iştirak etmiş, mövzuları, lan-rospektləri müzakirə edilmişdi. Bu iclasda isə həmin mövzular bir daha diqqətlə araşdırıkmış, müəyyən redaktələr edilmişdir.

İclasa Naxçıvandan gəlməli olan 2 doktoranta mövzuları araşdırıldıqdan sonra irəlicədən xəbər verilmişdi ki, uzaq məsafə qət edərək toplantıya qatılmasınlar və yeni mövzularla növbəti iclasa hazırlaşsınlar. Çünki Naxçıvan Dövlət Universitetinin dissertantı Babazadə Zamin İsrafil oğlunun “Əzizə Cəfərzadənin yaradıcılığında tarixilik və müasirlik”, Naxçıvan Dövlət Universitetinin dissertantı Babazadə Yasin İsrafil oğlunun “Azərbaycan və ingilis dillərində kompyuter terminlərinin struktur semantik tədqiqi” mövzuları ilə təxminən eyni, ya çox yaxın olan mövzular artıq daha irəlilərdə təsdiq edilərək başqa iddiaçılar tərəfindən işlənməkdədir. Bakı Dövlət Universitetinin Filologiya Fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dissertantı Quluzadə Gülarə Knyaz qızının “Azərbaycan və qırğız epik folklorunda nağıl janrının müqayisəli təhlili”, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı Qurbanova Şəhla Əliheydər qızı “Firudin bəy Köçərlinin elmi və ədəbi irsinin nəşri tarixi və biblioqrafiyası” mövzuları iddiaçılar iclasda iştirak etmədiklərinə görə müzakirə edilmədi.

Odlar Yurdu Universitetinin doktorantı Cəfərova Samirə Yusifəli qızının “Müxtəlifsistemli dillərdə ismi və təyini söz birləşmələri”, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının dissertantı Əhmədova Zəhra Mirzəağa qızının “Hal kateqoriyasının struktur-semantik inkişafı (Azərbaycan və ingilis dillərinin materialları əsasında)”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Əsədova Rumella Talıb qızının “İngilis və Azərbaycan dillərində zaman budaq cümləsi”, Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının əyani doktorantı Məsməliyev Pərviz Arif oğlunun “Qlobal informasiya cəmiyyətinin formalaşması prosesinə Azərbaycanın inteqrasiyasında KİV-in iştirakı”, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının qiyabi doktorantı Xanlarova Könül Teymurağa qızının “Müstəqillik dövrü Azərbaycan tarixi romanında sənədlilik və bədii təxəyyül” mövzuları artıq digər alimlər tərəfindən müxtəlif aspektdən araşdırıldığından, yaxud hazırda ayrı-ayrı doktorantların dissertasiya mövzuları kimi təsdiq edilmiş olduğundan iddiaçılara yeni mövzular axtarmaq məsləhət bilindi.

Bakı Dövlət Universitetinin Filologiya Fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının qiyabi doktorantı Fərəcova Sənəm Azad qızına “Azərbaycan dilində qiymətləndirmə konsepti” mövzusunun plan-prospektində sərlövhə ilə daha sıx bağlantı əldə edilməsi üçün dəyişikliklər etmək, Bakı Dövlət Universitetinin Filologiya Fakültəsinin Ümumi dilçilik kafedrasının dissertantı Xuduyeva Günay Rüstəm qızına “Bədii mətndə nitq situasiyasının verballaşmasının diskursiv təhlili” mövzusunda rəhbəri ilə məsləhətləşərək müəyyən dəqiqləşdirilmələr aparmaq tövsiyə olundu. Bu mövzuların yenidən baxılaraqaraq təsdiq edilməsi növbəti iclasadək təxirə salındı. Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının dissertantı Hacıyeva Yaqut Mübariz qızının “Balaş Azəroğlunun poetikasının dil və üslub xüsusiyyətləri”, Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasının əyani doktorantı Xankişiyeva Zəhra Əlibəy qızının “İngilis uşaq ədəbiyyatında C.R.R.Tolkien və C.Roulinq yaradıcılığı əsasında janr poetikası” mövzuları isə iddiaçıların hazırlıq səviyyəsinə uyğun gəlmədiyi üçün təsdiq edilmədi. Yeri gəlmişkən, bunu da xatırlatmağı gərəkli sayırıq ki, Filologiya Problemləri üzrə Elmi Şuranın müzakirələri zamanı ayrı-ayrı iddiaçıların bilik səviyyəsi və elmi səriştələrinin seçdikləri mövzulara uyğunluğunu aydınlaşdırmaqdan ötrü müəyyən yoxlamalar və testlər aparılır. Yəni bilmədiyi, yaxud kifayət qədər bilmədiyi dil üzrə mövzu seçən, ya ərəb əlifbalı əlyzamalarla işləməyi nəzərdə tutan mövzuları götürən, amma belə əlyazmaları oxumaqda səriştələri qənaətbəxş olmayan və sair bu kimi səbəblərdən artıq bir neçə doktoranta əvvəlki toplantılarda müsbət cavab verməkdən imtina edilmişdir. Ümumiyyətlə, Filologiya Problemləri üzrə Elmi Şuranın oktyabr ayının 19-da keçirilmiş 8-ci iclasında müzakirəsi aparılan 38 mövzudan 6-sının adında dəyişiklik edilməklə 24-ü təsdiq edilmişdir.

Müzakirələrdə akademik Rafael Hüseynovla yanaşı filologiya üzrə elmlər doktorları, professorlar Atamoğlan Həsənov, Aida Qasımova, Bədirxan Əhmədov, Cəlil Nağıyev, Əsgər Rəsulov, Fəxrəddin Veysəlli, İmamverdi Həmidov, Qəzənfər Kazımov, Qulu Məhərrəmli, Məmməd Qocayev, Nadir Məmmədli, Seyfəddin Rzasoy, Şəfəq Əlibəyli, Paşa Kərimov çıxış edərək fikir və təkliflərini bildiriblər.

www.nizamimuseum.az