06.12.2017-ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının yığıncağı keçirilmişdir. Yığıncaqda Elmi Şura üzvləri ilə bərabər, Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu da iştirak etmişdir. Yığıncaq Əlyazmalar İnstitunun 2017-ci il ərzində fəaliyyəti haqqında yekun hesabatın dinlənilməsinə həsr edilmişdir. Tədbiri giriş sözü ilə institutun elmi işlər ürə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva -Kəngərli açaraq, 2017-ci ilin Əlyazmalar İnstitutu üçün əlamətdar və məhsuldar olduğunu bildirmişdir. O, bir il ərzində institutun bir neçə əməkdaşının elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yazdıqları işləri uğurla müdafiə etdiklərini və artıq diplom aldıqlarını diqqətə çatdırmışdır. A.Əliyeva-Kəngərli Azərbaycan Respublikası Prezidentinin qərar və sərəncamlarından irəli gələn vəzifələrin insititutda müvəffəqiyyətlə yerinə yetirildiyini qeyd etmişdir. O, insititun beynəlxalq əlaqələrinin miqyasının bir il ərzində daha da genişləndiyini, bir sıra ölkələrin nüfuzlu elmi təşkilatları ilə müqavilələr imzalandığını vurğulamışdır.

Sonra söz insititutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimova verilmişdir. O, insititutda 2017-ci ildə görülən işlər barədə geniş hesabatla çıxış etmişdir. P.Kərimov ilk növbədə Azərbaycan Respublikası Prezidentinin qərar və sərəncamlarından irəli gələn vəzifələrin insititutda necə yerinə yetirilməsi barədə məlumat vermişdir. O, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi haqqında “ Prezident sərəncamına uyğun olaraq Əlyazmalar İnsititunda “Azərbaycan Xalq Cümhuriyyəti -100” adlı biblioqrafik göstəricinin hazırlanması işinin davam etdiyini bildirmişdir. P.Kərimov daha sonra Azərbaycan Respublikasının Prezidentinin 10 yanvar 2017-ci il tarixli “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi” ili” elan edilməsi haqqında” , 12 yanar 2017-ci il tarixdə “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” , 24 yanvar 2017-ci il tarixdə “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” sərəncamlarına uyğun olaraq görülən işlərdən danışmışdır. Direktor müavini həmçinin Dövlət Proqramlarının icrası ilə əlaqədar insititutun şöbə və labaratoriyalarında yerinə yetirilən işlər barədə məlumat vermişdir.

Daha sonra hesabat ətrafında müzakirələr başlanmışdır. İnstitutun elmi katibi, fil.ü.f.d. Əzizağa Nəcəfov, şöbə müdiri fil.ü.e.d. Azadə Musabəyli, akademik Möhsün Nağısoylu çıxış edərək hesabatın qənaətbəxş hesab edilməsini təklif etmişlər. Hesabat qəbul edilmişdir.

Elmi Şuranın yığıncağında həmçinin uzun illərdən bəri Əlyazmalar İnstutunda çalışan t. ü.e.d. Tahirə Həsənzadənin , t.ü.f.d. Samirə Cavadovanın, fil.ü.e.d. Nəsib Göyüşovun yubileyləri qeyd edilmiş, hər üç əməkdaşın ünvanına təbriklər səslənmişdir. A.Əliyeva-Kəngərli adıçəkilən yubiliyarların instutuun tarixində böyük əməkləri olduqlarını vurğulamışdır. Yubiliyarlara institutun Fəxri Fərmanı və müxtəlif hədiyyələr verilmişdir.

elyazmalarinstitutu.com