13 dekabr 2017-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. Esmira Cavadovanın 75 illik yubileyinə həsr olunmuş toplantı keçirilib. Kütləvi informasiya vasitələrinin rəhbərlərinin, elm xadimlərinin, tanınmış ziyalıların iştirak etdikləri toplantıda yubilyarın həyat və yaradıcılığından söz açılıb, onun elmi fəaliyyətinin əsas məqamlarına işıq salınıb. Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov E.Cavadovanın H. Zərdabi irsinin tədqiqi sahəsində gördüyü işləri xalqa xidmətin ən yüksək zirvəsi kimi dəyərləndirib. O, Azərbaycan jurnalistikasının tarixinin araşdırılmasındakı xidmətlərinə görə E.Cavadovaya Mətbuat Şurasının diplomunu təqdim edib.

“Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva çıxışında Esmira Cavadova ilə doğmalığının səbəbini hər ikisinin H.Zərdabiyə olan məhəbbəti ilə əlaqələndirib. E.Cavadovanın Zərdabişünaslıq sahəsindəki fəaliyyətini yüksək qiymətləndirən S.Vəliyeva alimin əsərləri, xüsusilə Zərdabinin Dumadakı fəaliyyəti ilə bağlı araşdırmaları üzərində geniş dayanıb. O, H.Zərdabinin Dumadakı fəaliyyətini döyüşə bənzədib. S.Vəliyeva E.Cavadovaya “ Kaspi” qəzetinin və “Kaspi” şirkətinin diplomunu təqdim edib.

AMEA-nın Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli alimin bütün həyatını Həsən bəy Zərdabi irsinin öyrənilməsinə həsr etdiyini bildirib. O, E.Cavadovanın “Həsən bəy Zərdabinin əsərlərində Azərbaycan xalqının məişət və mədəniyyəti” (1842-1907) mövzusunda namizədlik dissertasiyası müdafiə etdiyini, sonrakı dövrlərdə isə böyük maarifçinin fəaliyyətinin müxtəlif istiqamətlərini araşdırdığını qeyd edib.

AMEA-nın Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini fil.ü.e.d. Paşa Kərimov H.Zərdabi irsinin tədqiqinin müasir gəncliyimiz üçün xüsusi əhəmiyyət daşıdığını, xüsusilə də, jurnalistlərimizin bu irsdən bəhrələnməsinin vacibliyini vurğulayıb. O, yubilyarı Əlyazmalar İnstitutunun bütün kollektivi adından təbrik edib.

elyazmalarinstitutu.com

azpress.az