Dekabrın 25-də AMEA Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib. Tədbirdə bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə şəxslər iştirak ediblər. Yığıncağı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İlk olaraq elmi-təşkilati məsələlər müzakirəyə çıxarılıb. Bölmənin akademik-katibi, akademik Teymur Kərimli Rəyasət Heyətinin "AMEA-nın elmi müəssisələrində 2017-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında" 11 oktyabr 2017-ci il tarixli qərar qəbul etdiyini xatırladaraq müvafiq elmi müəssisələrin illik hesabatlarının dinləniləcəyini bildirib. Vurğulayıb ki, hesabatların hazırlanması zamanı institut və təşkilatlarda görülən işlər, həyata keçirilən tədbirlər, beynəlxalq əməkdaşlıq, xüsusilə il ərzində alınan mühüm elmi nəticələrə diqqət yetirilib. Qeyd edib ki, hesabat ilində bölmə üzrə 33 problemin 83 movzusu, 363 işin 186 mərhələsi üzrə tədqiqat işləri aparılıb. İlin sonuna doğru 122 işin 109 mərhələsinin başa çatdığını deyən akademik bölmənin elmi müəssisələri tərəfindən 8 respublika və 4 beynəlxalq miqyaslı tədbir keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, il ərzində 7-si xaricdə olmaqla 129 kitab, 8-i xaricdə olmaqla 101 monoqrafiya, 234-ü xaricdə olmaqla 2108 məqalə və 35-i xaricdə olmaqla 168 tezis çap edilib. 2017-ci ildə bölmə əməkdaşlarının impakt faktorlu jurnallarda 24 məqaləsi çapdan çıxıb, elmi işçilərin əsərlərinə istinadların sayı isə 76-dır. Kadr hazırlığı məsələsinə toxunan natiq vurğulayıb ki, hesabat ilində fəlsəfə doktorluğu üzrə 38, elmlər doktorluğu üzrə 7 nəfər müdafiə edib. T.Kərimli Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən 3 layihənin qəbul edilərək maliyyələşdirildiyini nəzərə çatdırıb.

Daha sonra Nizami Gəncəvi adına Ədəbiyyat, Nəsimi adına Dilçilik, Məhəmməd Füzuli adına Əlyazmalar, Folklor, Memarlıq və İncəsənət institutları, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı və Hüseyn Cavidin Ev muzeylərinin hesabatları təqdim edilib.

Məruzələr dinlənildikdən sonra müzakirələr aparılıb, fikirlər səsləndirilib. Bölmə hesabatların qənaətbəxş sayılması və Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.

Gündəlikdə yer alan növbəti məsələ Akademiya prezidentinin "Elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə AMEA Rəyasət Heyətinin mükafatı haqqında əsasnamənin təsdiqi haqqında" Sərəncamının icrası ilə bağlı olub. Akademik Teymur Kərimli bildirib ki, son illər bölməyə daxil olan institut və təşkilatlarda elmin populyarlaşdırılmasına xidmət edən bir sıra elmi əsər nəşr edilib. Bölmə geniş müzakirədən sonra mükafat üçün elmi əsərlərin siyahısını müəyyənləşdirərək Rəyasət Heyətinə təqdim olunması haqqında qərar qəbul edib.

Bölmənin növbəti qərarı ilə filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov Beynəlxalq Türk Akademiyasının təsis etdiyi "Atalar mirası" Ensiklopedik Multimedia Fondunun koordinatoru vəzifəsinə təyin edilib.

Sonda bir sıra kadr məsələsinə baxılıb.

nizamimuseum.az