Klassik poeziyamızda qocalıq mövzusu


Azərbaycan poeziyasının bir sıra görkəmli nümayəndələri ömrülərinin ixtiyar çağında qocalığın gəlməsindən, artıq əcəlin qapını döyməsindən bəhs etdikləri, ulu Tanrıdan günahlarının bağışlanmasını istədikləri misilsiz əsərlər yazmışlar. Nizaminin ömrünün son dövrlərində qələmə aldığı bəzi qəsidələri bu mövzuda yazılan ən dəyərli əsərlərdir. Qəsidələrindən birində Nizami qəddinin əyilməsindən, saçının ağarmasından, dişlərinin tökülməsindən, ömrünün sona yetməsindən, cavanlığı yad edərkən gözlərindən yaşlar axmasından, günahlarının bağışlanmasını istəməsindən danışır. Dahi şairin acı bir təəssüflə, yüksək bədii formada yazdığı bu şeiri həm də etiraf ədəbiyyatının əvəzsiz nümunəsidir.

XVII əsrdə yaşamış şairlərimiz qocalığa həsr etdikləri şeirlərində öz həyatlarından danışmış, ibrətamiz fikirlərini, mütərəqqi dünyagörüşlərini ifadə etmişlər. Səfəvi hökmdarlarından Şah Səfi (1629-1642) və II Şah Abbasın (1642-1666) hakimiyyəti dövründə yüksək dövlət vəzifələrində işləmiş, “Zəfər” təxəllüsü ilə şeirlər yazmış Mürtəzaqulu xan Şamlu (1591-?) 1669-cu ildə tamamladığı türkcə divanının sonunda yaşının səksənə çatdığını söyləyir. Cəmi 839 beytdən ibarət olan anadilli divanının bir sıra yerlərində Zəfər qocalığından danışır, ömrünü nəzərdən keçirir, oxucusuna ibrətamiz fikirləri ilə müraciət edir. Şeirlərindən Mürtəzaqulu xanın çox səmimi bir şair olduğunu, tərcümeyi-halının məqamlarını cəsarətlə, şüurlu surətdə əsərlərinə köçürdüyünü, XVII əsr poeziyamızada özünəməxsus yerə malik olduğunu görürük. Onun bəzi qəzəlləri süjetli şeirin gözəl nümunələridir. Şairin divanının fotofaksimilesini ilk dəfə kitab halında oxuculara təqdim edən görkəmli türk alimi İsmayıl Hikmət ön sözdə onun səmimiliyini xüsusi qeyd edir: “Zəfər heç şübhə yox ki, bu yazdıqlarını yaşayan adamdır. Səfəviyyə İranının bu anlı-şanlı xanının bu tərzdə hisslərini əyan və fikirlərini bəyan etməsi həqiqi bir zəfərdir”.

Qeyd edək ki, yaradıcılığındakı bioqrafik məqamlar şair barədə təzkirələrdə deyilənlərlə uyğun gəlir. Məhəmməd Tahir Nəsrabadinin təzkirəsində verdiyi məlumata görə, Mürtəzaqulu xan Şah Səfi zamanında İrəvana yürüş vaxtı göstərdiyi şücaətə görə əvvəlcə eşikağasıbaşı, sonra divanbəyi vəzifəsinə təyin edilmişdi. II Şah Abbas zamanında qorçubaşı, Kerman vilayəti valisi vəzifəsinə yüksəlmişdi. Qəzvindəki hərbi əməliyyatlar zamanı xoşagəlməz bir hərəkət düşmənləri tərəfindən onun adına çıxıldığına görə Mürtəzaqulu xan vəzifəsindən azad edilmiş, guşənişin həyat keçirmişdir. Bir müddət sonra günahsızlığı məlum olur və II Şah Abbas onu Şeyx Səfiəddin türbəsinə mütəvvəlli (başçı, nəzarətçi) və Ərdəbil vəziri təyin edir. Nəsrabadinin dediyinə görə, təzkirəsini yazan zaman (1672-1679) Mürtəzaqulu xan həmin vəzifəni icra edirdi.

Çox yaşamış, həyatda çox şeylər görmüş, döyüşlərdə şücaət göstərmiş, yüksək vəzifələrə ucalmış, taleyin sərt zərbəsinə məruz qalaraq saray intriqaları nəticəsində vəzifədən uzaqlaşdırılmış, guşənişin həyat sürmüş, günahsızlığı sübut edildikdən sonra yenidən vəzifəyə təyin edilmiş qocaman şair ixtiyar yaşlarında ana dilində tərtib etdiyi divanında bütün bunları oxucuları ilə bölüşür. Zəfər şeirlərində tez-tez təəssüflə qocaldığından, əldən düşdüyündən danışır:

Heyf kim, keçdi şəbabi-ömr, gəldi vəqti-şəb.
Baş ağardı, diş töküldü, beldə qüvvət qalmadı.
Şəbabi-ömr keçdi, ey könül, gəl yarı tərk eylə.

Şeirlərindən birində şair qoca halını təsvir edir, keçirdiyi həyəcanları, düşdüyü psixoloji vəziyyəti səmimiyyətlə izhar edir:

Bahari ömr keçdi, titrəşir cismim xəzan görgəc,
Ağardı muyi-sər qəmdən, cəsəd pozular tuman görgəc.
Tükəndi badeyi-işrət, dizimdə qalmadı qüvvət,
Mənə kar eylədi qürbət, gözüm ağlar cavan görgəc.

Ömür yoluna ibrət gözü ilə baxan şair qəzəllərindən birini həyatın ona vurduğu zərbələrdən şikayət notları ilə başlayır:

Bir nəfəs dövri-fələkdən xatirim şad olmadı,
Qəm əlindən xəstə könlüm bir dəm azad olmadı...
Gah işrət yerinə yetişdi tir ilən tüfəng,
Heç kimə mənim təku bu qism bidad olmadı.

Həyatın keşməkeşlərindən danışan Zəfər qəzəlini nikbin əhvali-ruhiyyə ilə bitirir, dünya görmüş ixtiyar şair deyir ki, hər qəmin, iztirabın sonunda şadlıq vardır. Onun həyat təcrübəsi bunu sübut edir:

Ey Zəfər, şad ol ki, hər bir möhnətin yüz əcri var,
Kim ki qəm çəkdi bu gün, olmaz ki, dilşad olmadı.

Mürtəzaqulu xan şeirlərində tez-tez cahan mülkündən usandığını, bir küncə çəkilmək istədiyini bildirir:

Hökümət eylədim çox, bu cəhan mülkündən usandım,
Mənə künci-qənaət mənzilin dar eyləmə, yarəb.
Cəhanda çox hökümət eylədim, gördüm vəfası yox,
Çəkildim küncə, lütfün kəsməgil ta müntəha, yarəb.

Şair bir tərkibbəndində taleyi tez-tez rəngini dəyişdirən buqələmuna bənzədir, oxucunu həyatın çətin məqamlarında ruhdan düşməməyə çağırır:

Düşübdü gərçi mənimlə bu çərxi-buqələmun,
Zəfər tapıb eylədi bəxt rayətini nigun,
Könül cəfayə dözüb, vəzʼin etdi digərgun,
Yenə vəfayə dönüb eylədi bəsi gərdun,
Budur həmişə onun işi, olmagil məhzun.

Oxucusunda mübarizlik ruhu aşilmaq istəyən müəllif burada taleyini özü dəyişdirdiyindən danışır. Göstərir ki, çərxin, taleyin ona qarşı durduğu məqamlar oldusa da, o, qələbə çaldı, zəfər tapdı (Zəfər bir sıra şeirlərində təxəllüsünün hərfi mənasından istifadə etmişdir), bəxtin rayətini (bayrağını) əks istiqamətə çevirdi. Və bəxti yenidən vəfalı olmağa, üzünə gülməyə başladı. Bəxt hər bir zaman insandan üz döndərə bilər, buna görə məhzun olmağa, kədərlənməyə dəyməz.

Bəzi şeirlərində elə bil ki, həyatına yekun vurmaq istəyən sənətkar ona bəxş etdiyi uzun ömrə, verdiyi həyat nemətlərinə görə Yaradana şükr edir, o dünyada Tanrının mərhəmətinə ümid etdiyini bildirir:

Xarü zəlil etmədi bu xəlq ara məni,
Ömrüm çox etdi, vedi əcəldən aman mənə.
Ənam etdi bizə bu dünya gözəllərin,
Lütfilə verdi nitqü şüurü bəyan mənə...
Şad ol, Zəfər, könüldə dəxi üqdə qalmadı,
İki cəhanda ömür verir cavidan mənə.

Şair yaradana şükr etməklə bərabər həyatda etdiyi səhvlərə görə günahlarının bağışlanmasını istəyir, tövbə etdiyini bildirir (Kiçik məsnəvilərindən biri tövbənamədir). Tanrıdan rica edərək qiyamət günündə əfv edilməsini istəyir, “Etmə zəif canımı duzəx şərarəsi” deyir. Həyatda yaşadığı xoş və kədərli zamanlar elə bil ki, bir-bir gəlib Zəfərin gözləri önündən keçir. Qeyd etdiyimiz kimi, Mürtəzaqulu xan yüksək vəzifədə çalışdığı zaman şərlənərək vəzifədən uzaqlaşdırılmış, bir müddət guşənişin yaşamış, günahsızlığı üzə çıxdıqdan sonra yenidən yüksək vəzifəyə təyin edilmişdir. Şair üçün ciddi sınaq olmuş həyatının bu məqamı onun yaradıcılığında əksini tapmışdır. Zəfər deyir ki, uzun müddət qüsursuz işlədiyi halda cəzalandırılması ona həsəd aparanların fitnəsi nəticəsində olmuşdur. Mənsəb, yüksək vəzifə heç vaxt həsədsiz olmur:

Mənsəbi-dünya həsədsiz olmaz, ey rövşənzəmir,
Fitnə etmək peşəsidir, gözləməz bürnavü pir.
Əlli il çəkdim cəfasın, axırı qıldı əsir,
Bir ulu sultan ikən etdi məni zarü həqir.

Bütün bunları xatırlayan Mürtəzaqulu xan onu da deyir ki, sonradan bəxt üzünə gülmüş, düşmənləri xar olmuşdur. Buna görə də kədərlənmək, ağlamaq əvəzinə gözə rəhm etmək lazımdır.

Zəfər öz həyat yoluna ibrət götürmək nöqteyi-nəzərindən baxır və bunu oxucunun diqqətinə çatdırır. O, belə hesab edir ki, yaşadığı həyat, keçdiyi yol doğru olmuşdur:

Həzar şükr kim, doğru yol üstədir səfərim,
Bu yoldan özgə əgər var, getmədim, batil.

Hədislər və Quran ayələri ilə yoldaşlıq edən qocaman şair özünü Həzrət Əlinin qulu hesab edir, başqalarına da bu yolu məsləhət görür:

Hədisü ayeyi-Quran kimi rəfiqim var,
Bu söhbət ilə cəhan içrə olmuşam kahil.
Zəfərlə yar olub Mürtəza Əli quluyam,
Göz açıban yumicək ondan olmadım qafil .

Dünya görmüş Mürtəzaqulu xan ömrünün xəzan çağında həyat təcrübəsinə əsaslanaraq insanlara məsləhət görür ki, dünyanın malına-dövlətinə uymasınlar. Çünki insana bununla bərabər mülkü malın fikri, qayğısı da verilir. Səylə toplananların hamısı bir gün məhv ola bilər, iki gün rahat yaşadıqdan sonra aylarla, illərlə əziyyətə düşə bilərsən. Zəfər ona görə özündən, həyatından razıdır ki, həyatda çox şeyə nail olsa da dünya malının əbədiliyinə aldanmayıb, gözütox yaşayıb, yaxşılıq edib (“Yaxşıya yaxşı gəlir, yamanlara gəlir yaman” (4, s.66), gəncliyində xeyirxah toxumlar əkdiyinə görə, indi də bunun bəhrəsini görür, heç kim ona zərər yetirə bilmir:

Hər kim nə əksə töxm, həm ol əkdügin biçər,
Mən əkdügim nihal veribdür səmər mənə.
Bir zərrəyəm ki, pərvərişim gün şüaidir,
Həhs əqrəbin nühusəti etməz əsər mənə.

Məzmunca yaxın olduğuna görə deyə bilərik ki, Mürtəzaqulu xanın anadilli divanına daxil olan şeirlərin əksəriyyəti (bəlkə də hamısı) müəllifin ixtiyar çağlarında yazılıbdır. Öz həyatını gerçəkçi boyalarla, olduğu kimi təsvir etməyə çalışması, şeirlərindəki nikbinlik notları Zəfərin lirikasını realizmə yaxınlaşdırır.

XVII əsrin böyük şairi Saib Təbrizinin (1601-1677) qocaqlıq mövzusuna həsr etdiyi

Ömr keçdi, səfər əsbabını amadə qılın,
Hər nə sizdən kəsə tiği-əcəl, andan kəsibin
-mətləli qəzəli Füzulinin
Ey Füzuli, qədimiz qıldı fələk xəm, yəni,
Vəqtdir çıxmağa dünya qapısından, əgilin

-məqtəli qəzəlinə nəzirədir. Şair burada Füzulinin bəhr və qafiyəsindən istifadə etmişdir. Qeyd etmək lazımdır ki, Füzuli qəzəlinin yalnız son beytində qocalıqdan söz gedirsə, Saibin şeiri bütövlükdə qocalığa həsr edilibdir (Saibin bu şeiri məzmunca Füzulinin “Könül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi” misrayla başlanan qəzəli ilə daha çox səsləşir).

Şair bu qəzəlində qocalmış insanın səfərə-o dünyaya köçməyə hazırlaşmalı, əcəlin hökmünə boyun əyməli olduğundan danışır. Müəllif burada deyir ki, zaman qocalmış şəxsi həyat meydanından aparmamışdan əvvəl o özü gün çıxandan sonra buxarlanan şeh kimi həyat çəmənindən çəkilməlidir. Bu yaşda adamın quru istiğfarı (günahlarının bağışlanmasını istəməsi) onun günahlarını bir az da artırır. Bu tozu ancaq peşmançılıq yaşları ilə yumaq olar:

Ta sizi dövri-zəman eyləməyüpdür pamal,
Gün sarı şəbnəmi-gül tək bu çəməndən çəkilin...
Artırır gərdi-məasini quru istiğfar,
Bu zəmingər tozu əşki-nədamətlə silin.

Şair bu sonuncu beytdə çox sevdiyi təmsil poetik fiqurundan istifadə edir, quru istiğfarın mümkünsüzlüyünü, göz yaşı ilə müşayiət olunduğunu göstərmək üçün beytin ikinci misrasında bunu torpağın tozunun su ilə aradan götürülməsinə bənzədir.

Füzulinin haqqında danışdığımız qəzəlinin məqtəsi ilə daha çox səsləşən bir beytində şair deyir ki, yaş qocaların qamətini onların sözünə baxmayan, itaətsiz edibdir. Buna görə də qövsşəkilli çərx əyilmədən onların özləri bellərini əyməlidirlər. Kədərli bir mövzuya, ömrün xəzan çağına həsr edilən bu qəzəldə də müəllif oxucusunu təslim olmamağa, möhkəm dayanmağa çağırır:

Tuta gər qönçə kimi çevrənizi nəştəri-xar,
Verməyin gül kimi əldən qədəhi-mey, açılın.

Şair oxuculara deyir ki, hər tərəfdən tikan neştəri ilə əhatə olunsanız belə, həvəsdən düşməyin, mey qədəhini əldən qoymayın, gül kimi açılın. Burada həyatın təhlükələrinə boyun əyməyən adam güllə (qızıl güllə) müqayisə edilmişdir. Müəllifə görə, insan da tikanlarla əhatə olunmuş gül kimi açmalı, tikana əhəmiyyət verməməlidir.

Xoşbəxt yaşamaq istəyən gənclərə qocaların qədrini bilməyi nəsihət edən beytindən belə bir nəticəyə gəlmək olar ki, bu şeiri şair yaşlı vaxtlarıda yazmışdır: Gər umarsız ki, cəvanbəxt olasız axiri-ömr,
Qocalar qədrini, zinhar, igidlikdə bilin (5, s.164).

Şairin yaradıcılığının tədqiqatçısı Balaş Azəroğlu “Saib Təbrizinin sənət dünyası” adlı kitabında həm də bu beytə əsaslanaraq belə bir fikir söyləyir ki, Saib əlimizdə olan türkcə qəzəllərinin hamısını “ömrünün və yaradıcılığının kamil dövründə yazmışdır”. Buna əlavə olaraq onu da deyə bilərik ki, şeirin sonuncu misrasında “Saibin qədrini, ey əhli-xərabat, bilin” deyən şair elə bil ki, dünyayla, insanlarla vidalaşır.

XVII əsrdə yaşamış digər bir Azərbaycan şairi Mirzə Məhəmməd Rəfi Vaiz Qəzvini (1617-1678) yaradıcılığına Saib Təbrizinin güclü təsiri olmuşdur. Vaiz də Saib kimi şeirlərində “hind üslubu”nun nümayəndəsidir. Onun qocalıqdan bəhs edən bir qəzəlini və ayrı-ayrı beytlərini nəzərdən keçirdikdə bunların şairin yetkin yaşlarında yazdığını və Saibin təsirini görə bilərik. Şeirlərindən birində şair qocalıqdan əyilmiş belini orağa bənzədir və belə nəticəyə gəlir ki, indi bu yerdən biçilmək, yəni o dünyaya köçmək vaxtı gəlmişdir:

Vaiz, əgildi qəd qocalıqdan oraq tək,
Yəni, bu yerdin indi biçilmaq çağıdır.

Başqa bir şeirində Vaiz yaşlandığından, saçının ağardığından, artıq heç bir işə yaramadığından danışır. Beytlərdən biridən şair qoca vaxtı dimağın (beyın) səhər çırağına bənzədiyini, yəni lazımsız vəziyyətə düşdüyünü deyir:

Ağardı baş tüki, Vaiz, nə iş gəlir dəxi səndin,
Dimağ bu qocalığda səhər çırağına bənzər.

Qəzəllərindən birində Vaiz Qəzvini bədəninin işdən düşdüyünü, ömrünün çətin keçdiyini bildirir:

Tən qocaldı, Vaiz, əldən düşdülər əqlü həvəs,
Ömr əz bəs tünd keçdi, qaldılar yoldaşlar.

Şairin

Ey səhiqəd, keçdi igidlik, xəm olmaq çağıdır,
Yetdi bu tumar payanə, bükülmaq çağıdır

-mətləli qəzəlində Saibin haqqında danışdığımız qocalığa həsr edilmiş qəzəlinin təsirini görürük. Vaiz də şeirində qocalığın gəldiyindən, vəziyyətlə barışıb ölümə hazırlaşmaq zərurətindən danışır:

Kəs təəllüq cismi-xakidin, budur, gəldi əcəl,
Cani-şirinim, bu süzgəcdən süzülmaq çağıdır.

Şair ömrünə müraciət edərək deyir ki, ruzigara bir-iki gün də dözüb, çox da təlaş etmədən bu dünya ilə üzülüşmək vaxtıdır. Başqa bir beytdə müəllif çox da məyus olmamağı məsləhət görür. Təmsil poetik sözişlətmə sənətindən istifadə edən şair ikinci beytdə həyatdan mümkün qədər kam almağı tövsiyə edir, çünki artıq bostanın pozulmaq vaxtıdır:

Ömr keçdi, cani-şirinim, keçinmə təlxkam,
Kam özindin al ki, bostanın pozulmaq çağıdır.

Məlumdur ki, təmsil poetik fiquru tətbiq edildikdə beytin birinci misrasında müəyyən bir fikir söylənilir, ikinci misrada isə onu izah edən misal, real həyatdan fakt verilir. Burada qocalıq bostanın pozulan vaxtı ilə müqayisə edilir. Sona çatan ömür mənasında “bostanın pozulan çağı” deyilməsi istiarə poetik sözişlətmə üsulundan istifadə edildiyini göstərir.

Saibdən fərqli olaraq Vaiz şeirində qocalmış adamın vəziyyətinin təsvirinə daha çox yer verir. Beytlərindən birində o, qocanın dişləri tökülmüş ağzını ilan yuvasına bənzədir və deyir ki, belə ağızla gülmək deyil, yalnız ağlamaq olar:

Döndü ağız tişsizlikdən ilan süraxına,
Ağla, ağla bu ağız birlə nə gülmaq çağıdır.

Şair qocanın dizlərinin qüvvədən düşdüyündən, oturaq həyat tərzi keçirməyə məcbur olduğundan danışdığı beytin ikinci misrasında onun bu vəziyyətini köhnəlmiş binaya bənzədir:

Getdi qüvvət dizlərdən, oturaq olmaq gərək,
Çün bina sustaldı, divarın tökülmaq çağıdır.

“Hind üslubu”nun digər nümayəndələri kimi Vaiz də burada təmsil poetik fiqurundan istifadə etmiş, beytin birinci misrasında dediyi fikrini ikinci misrada həyatdan konkret bir misalla izah etmişdir.

Qocalığın hüzn, kədər gətirdiyini göstərmək istəyən şair poetik obrazlardan istifadə edərək bu zaman qocalıq qarının yağdığını, qəmin bərk soyuq küləyinin əsdiyini deyir, buna görə də üzə qırışlar düşməsini təbii sayır:

Güclü yağar qarılıq qarı, əsər qəm sərsəri,
Necə yüz çin tüşməsin, yüzgə pozulmaq çağıdır.

Şeiri oxuduqca görürük ki, burada söhbət sadəcə ölümün gəlişini xatırlatmaqdan getmir. Şair ölümü dərk edib, ona psixoloji cəhətdən hazır olmağı özünə də, oxucularına da tövsiyə edir:

Kəs təəllüq cismi-xakidin, budur, gəldi əcəl,
Cani-şirinim, bu süzgəcdən süzülmaq çağıdır.

Beytdə müəllif şirin canına, ruhuna müraciət edərək deyir ki, artıq əcəl gəlmişdir, mahiyyətcə torpaq olan cismlə, bədənlə əlaqəni kəsmək lazımdır. Burada “cism” və “can” sözləri ilə təzad yaradılmışdır. Bu fani dünyanı “süzgəc” adlandırmaqla şair istiarədən istifadə edibdir.

Sonuncu, məqtə beytində Vaiz öz ömrünə müraciət edərək deyir ki, artıq bizi bu dünyada çox görmüşlər, başlardan sovulmaq vaxtı gəlib çatmışdır:

Xəlqi-aləm içrə, Vaiz, çox mükərrər olmuşuz,
Başə gəl, ey ömr, başlardan sovulmaq çağıdır.

Burada “başə gəl” ifadəsi başa çatmaq mənasında işlədilibdir. “Başlardan sovulmaq” ifadəsi çıxıb getmək, aradan çıxmaq mənasını bildirir. Dilimizdə “sovurmaq” sözü nəyisə (məsələn, samanı) havaya qaldırmaq, səpələmək,məcazi mənada boş yerə, hədər yerə xərcləmək anlamında işlənir (8, s.366). Sözün çoxmənalılığından məharətlə istifadə edən Vaiz ömrün hədər yerə sərf edildiyinə işarə etməklə beytin təsir gücünü, ifadə etdiyi təəssüf hissini daha da artırmışdır.

XVIII əsr Azərbaycan poeziyası realistik meyllərin, dünyəviliyin güclənməsi, mövzu dairəsinin genişliyi, şifahi xalq ədəbiyyatı ilə sıxı əlaqəsi, canlı danışıq dilindən qidalanması, Molla Pənah Vaqif (1717-1797) kimi dövrün müqtədir şairlərinin yaradıcılığında nikbin əhvali-ruhiyyəsi ilə diqqəti cəlb edir. M.P.Vaqifin nikbinliyi həm də onun xalq gülüşü, xalq yumoru ilə bağlı olduğu ilə izah edilməlidir. Diqqətəlayiq haldır ki, Molla Vəli Vidadi (1709-1809) kimi şeirlərində kədər, qüssə notları kifayət qədər geniş yer tutan şairin də əsərlərində qocalığın gəlməsinin gülüşlə qarşılanması məqamlarına rast gəlinir. Vaqifə müraciətən yazdığı bir qoşmasında Vidadi qocaldığına görə gözəllərin yanında hörmətdən düşdüyündən danışır. Lakin bu qocalıqdan şikayətdə bir yumor, Vaqiflə zarafatlaşma vardır:
Puç olsun qocalıq, gördün ki, necə,
Bir pulca xublara gəlməzmiş vecə,
Gündüz fikr etdiyin baş tutmaq gecə,
Tamam puçdur hər nə söhbət eylərsən.

Vidadi ilə Vaqifin müşairəsində də səmimi bir gülüşün, zarafatın şahidi oluruq. Dostların hər ikisi qocalığın gəlişini yumorla qarşılayır, lakin onların gülüşündə fərdiyyətlərini əks etdirən fərq vardır. Vaqif qocalmış Vidadini ağlamaqdan, kədərlənməkdən çəkindirmək istəyir, deyir ki, qocalsan da, dirisənsə, yaşayırsansa, deməli padşahsan, özünü tox tutmalısan. Bir bənddə isə deyir ki, yetmiş yaşında belə ağlayıb-sıtqayan adam yüz yaşına çatsa necə müsibət qoparar? Vidadi isə cavabında deyir ki, mənim kimi sən də eynək taxmağa məcbur olsan, uşaqlar qocaldığına görə sənə gülsələr, sən də acıqlanıb ağlarsan. Qeyd edək ki, bu bənddə yumor da, şairin qocalığı reallıq kimi qəbul edərək bununla barışması da vardır:

Elə ki, taxıldı burnuna çeşmək,
Qocalıq əl verib, dəxi nə şişmək...
Uşaqlar içində düşər gülüşmək,
Sənin də acığın tutar, ağlarsan.
Vaqif iki müxəmməsində gözəllərin yanında onu hörmətdən salan, qocalıq əlaməti olan saqqaldan söz açır. Əvvəldən axıra qədər gülüşlə müşayiət olunan bu şeirlər elə bil ki, şairin yaşıdları arasında zarafatla etdiyi söhbətin nəzmə çəkilməsidir. “Saqqal” rədifli müxəmməsində şair saqqalın ağarma ehtimalından onu gözəllərdən ayıra biləcək bir təhlükə kimi danışır. Şeirin danışıq dilində yazılması ilkin diqqəti cəlb edən cəhətlərdəndir:

Qaradır, belədi, Vaqif, gələ gör kim, ağara,
Adəmi döndərəcək ağzı ağarmış zağara,
Bu sifətlə gələ gör kim, gedə toya, mağara,
Novcəvanlar edə söhbət, çala kusü nağara,
Edə aləmdə səni didəsi giryan, saqqal.

Vaqifin “İçinə” rədifli müxəmməsində də saqqalın ağararaq qocalıqdan xəbər verəcəyindən qorxu yumorla ifadə olunmuşdur:

Qorxum oldur ki, sabah ağ düşə saqqal içinə,
Hər sənəm görsə deyə kim, ... çal içinə.

Şair deyir ki, özünü qurban etsən də, necə bəzənib-düzənsən də xeyri yoxdur, əgər saqqalın ağarıbsa gözəllərin yanında heç bir qiymətin olmayacaqdır:

Etməyə bir sənəmin kim, səni heç könlü qəbul,
Sən ona istər isən eyləyəsən canını qul,
Canına rəhm eləməz, yanasan oda yüz yol,
Saqqalı ağ olanın qiymətidir bir qara pul,
Gərçi girsən bəzənib gündə yaşıl, al içinə.

XIX əsr poeziyamızın görkəmli nümayəndələrinin yaradıcılğında Vaqifin təsiri özünü göstərməkdədir. Qasım bəy Zakirin şeirlərindəki qocalığın gəlişinin gülüşlə qarşılanması məqamlarında Molla Pənah yaradıcılığı ilə səsləşmələri görməmək mümkün deyil. “Əfsus, günüm keçdi şərü şur ilə daim” misrasıyla başlanan müstəzadında Zakir qocalıqda əhvalını, dost və həmdərdlərini itirib tək qaldığını, dişlərinin töküldüyünü, arvadının onu saymadığını deyir. Müəllif dişləri tökülmüş ağzını uçuq qəbrə bənzətməklə (“Ağzımda uçuq qəbrə dönüb otuz iki diş”) orijinal bir obraz yaradır. Sonda şair tam hörmətdən düşməkdənsə ölməyin daha yaxşı olduğundan danışır. Belə bir kədərli sonluğa baxmayaraq şeirdə qocalığa yumorlu münasibət açıq-aydın görünməkdədir. “Ağarıbdır” rədifli müxəmməsində də saqqalının ağardığından danışan şair, bunu oxucuya faciə deyil, məzhəkə kimi təqdim edir, gülüş obyekti kimi diqqəti özünə cəlb edir. Buradan öyrənirik ki, artıq otuz iki – otuz üç yaşlarından şairin saqqalı ağarmağa başlayıbmış və o, bunu gizlətmək üçün xəlvətdə ağ tüklərini çıxarırmış, lakin artıq onun başının da tükü ağardığına görə indi bunun gizlədilməsi müşkül məsələyə çevrilibdir. Gülüş yaratmaq üçün şair saçlarının ağardığını gizlətmək üçün ağ tüklərin çıxardılmasını plov bişirilərkən toyuğun tükünün yolunmasına bənzədir:

Demmi,deməyimmi ki, bu ildən ağarıb baş,
Müşkül burasıdır ki, nihan sirr olacaq faş,
Nifrət edəcək yarü rəfiq, həmsərü sirdaş,
Yolmaq diləsən dəxi gərəkdir qoyasan aş,
Çəkməkdən ötüb başı, bütün sal ağarıbdır.

Saça, saqqala həna qoyulması da Qasım bəyə görə məsləhət deyil. Çünki bir-iki gündən sonra həna yavaş-yavaş çəkilib gedir, saç-saqqal ala-bula görünür, bundansa düm ağ saç daha yaxşıdır. Ala-bula rəngli saqqalı şair itin quyruğuna bənzədur:

|Ol xanəxərabın tükü bir rəng ola barı,
Nə qarədi, nə qırmızı, nə ağ, nə də sarı,
Əsli bu ki, bir... dögü, kəssin onu tarı,
Bir hal ilə ağ olsa idi səhl idi karı,
Amma bu parax quyruğu bədhal ağarıbdır.

“Qocalıq” rədifli müxəmməsində əlli yaşınadək qəm-qüssə görmədiyindən danışan şair, qocalıqdakı taqətsizliyini təsvir edir, indi gözəllərin, həyat yoldaşının yanında hörmətdən düşdüyünü bildirir. Sanki bir insanmış kimi, onu dünya həvəsindən salan qocalığa üz tutaraq “tüf sana” deyir:

Tüf sana kim, məni sən zövqü səfadən saldın,
Nəzəri-mərhəməti-mahiliqadən saldın.

Şeirin sonunda müəllif Ağqız oğlu Piri, Qaralı Şəmmi, Hatəm ağa kimi qocalıb el içində məsxərə obyektinə çevrilən adamların halına düşmək istəmədiyini deyir. Şair hec də naşükür deyildir, o, maddi vəziyyətindən, ev-eşiyindən, övladlarından çox razıdır. Qocalıqdan başqa onun heç bir dərdi yoxdur.

XIX əsrdə yaşamış Mirzə Həsən Qarabağinin (1824-1904) “Qocalıq” rədifli müxəmməsində Zakirin eyni rədifli şeirinin təsirini görürük. Şair əvvəlki cavan çağlarını həsrətlə xatirlayır, onu indiki vəziyyəti ilə müqayisə edir, kədərlənir. Qoca Mirzə Həsənin xəstəliyi o qədər çoxdur ki, bədəni bir xəstəxanaya dönübdür:

Bir mərizxanədi guya bu təni-pürmühənim,
Gəh guruldar qulağım, gah sizildar bədənim,
Başıma gəldi mənim şurişi-məhşər qocalıq

Şairin dişləri tökülmüş, gözlərinin nuru getmiş, bədəni taqətdən düşmüşdür. O, əvvəlki günləri həsrətlə yad edir, indiki vəziyyətinə, həmdəmlərindən uzaq düşdüyünə görə qocalıqdan acı-acı şikayət edir.

XIX əsrdə yazılmış Cənubi Azərbaycan şairi Mirzə Mehdi Şükühinin (1831-1896) “Qocalıq” rədifli müxəmməsi Q.Zakir və M.H.Qarabağinin eyni rədifli şeirləri ilə səsləşsə də fərqli cəhətləri ilə diqqəti cəlb edir. Şair qocalığı rəngi solmuş, nəfəsi təng, əlində əsa olan, ardınca gəlib ondan əl çəkməyən bir şəxsə bənzədir,“Nə gəlirsən dalımızca bu dili-təngin ilə” deyir. Mirzə Mehdi qocalığı hər kəsin taleyi, aqibəti kimi təqdim edir, şeirini ona müraciət formasında qurur. Şükuhi sanki qocalığı, onun ardınca gələn ölümü aldatmaq istəyir, “ünvanı səhv salmısan” deyir:

Sən hara. mən hara, zülmət hara və nur hara?
Gülü gülzar tamaşası hara, zaviyeyi-gur hara?

Şair qocalığı özündən o qədər “kənarlaşdırır” ki, sanki qocalan o deyil. O qocalığın xoşagəlməz tərəflərini sadalamaqla, elə bil ki, onu utandirmaq, bununla ondan yaxa qutarmaq istəyir:

Get bir ayinədə öz surəti-əhvalına bax,
Bir bu çövkanə. bu kövhanə dönən dalına bax,
Qıl kimi boynuni gör, yun kimi saqqalına bax,
Öz-özündən bir utan, sinninə bax, salına bax.

Şükühi öz qocalığından bəhs etdiyi şeirində sanki özü ilə qocalıq arasında mənəvi bir sədd yaradır. Bu səddin bir tərəfində özü və cavanlığı, sağlam çağları, digər tərəfində isə qocalığı qalır. Qocalığın bu cür “aldadılması”, əlbəttə ki, oxucuda gülüş doğurur.

XVII əsr Azərbaycan şairləri qocalıq mövzusunda yazdıqları şeirlərində ibrətamiz fikirlər söyləmiş, qoca insanın vəziyyətini təsvir etməklə bərabər ölümə, dünyamı dəyişməyə hazır olmağın vacibliyini vurğulamışlar. Onlar oxucuya əcəlin gəlişini sakit qarşılamağı məsləhət görürlər. Qocalmış insanın fiziki və psixoloji vəziyyətini, hiss və həyəcanlarını real cizgilərlə təsvir edən bu şairlər nəzərdən keçirdiyimiz şeirlərində realizmə yaxınlaşmışlar. XVIII əsr poeziyamızda, əsasən Vaqifin şeirlərində qocalıq, qoca insanın vəziyyəti gülüş obyektinə çevirilir. Nikbin bir şair olan Vaqif dəvətsiz gələn qonağı, qocalığı, onun ardınca gələn ölümü gülüşlə, yumorla qarşılamaq qərarına gəlir. Ondan sonra XIX əsrin bir sıra şairləri, o cümlədən, Q.Zakir, M.H.Qarabağı, M.M.Şükuhi qocalığa həsr etdiklərı şeirlərində eyni yolu tutmuşlar. XIX əsrdə yaşamış bir sıra realist şairlərimizin yaradıcılığında Vaqifdən gələn bir yumorlu nikbinliyi müşahidə etmək mümkündür.

Paşa Kərimov

Filologiya üzrə elmlər doktoru

“Azərbaycan” jurnalı