Aprelin 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) AMEA-nın İctimai Elmlər Bölməsi ilə birgə tarixçi-etnoqraf, tarix elmləri doktoru, professor Qəmərşah Cavadovun 80 illik yubileyinə və xatirəsini anma gününə həsr olunan tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova görkəmli alimin çoxillik fəaliyyətini etnoqrafiya elminin öyrənilməsinə həsr etdiyini söyləyib, onun özündən sonra zəngin mədəni irs qoyduğunu bildirib.

Qeyd edilib ki, Q.Cavadovun əsərləri etnoqrafiya elminin inkişafına mühüm töhfələr verib.

N.Axundova Qəmərşah Cavadovun professor Rauf Hüseynzadə ilə birgə qələmə aldıqları “Udinlər. Tarix. Müasirlik. Maddi və mənəvi mədəniyyət” kitabının ikinci nəşrinin rus dilində çap olunduğunu bildirib, bu cür tədbirlərin keçirilməsinin görkəmli alimlərin elmi fəaliyyətləri ilə yaxından tanışlıq baxımından əhəmiyyətini qeyd edib.

Sonra professor Nərgiz Quliyevanın “Professor Qəmərşah Cavadovun elmi yaradıcılıq yolu” mövzusunda məruzəsi dinlənilib.

Bildirilib ki, Q.Cavadov 67 illik ömrünün 40 ilindən çoxunu AMEA-nın müvafiq institutlarında elmi fəaliyyətə sərf edib, tariximiz, etnoqrafiyamız, milli-etnik münasibətlərimiz haqqında dəyərli əsərlər yazıb. O, Azərbaycan əhalisinin müxtəlif məşğuliyyət sahələrinə aid böyük elmi əhəmiyyət daşıyan materiallar toplayıb, etnoqrafik problemlərin tədqiqi ilə məşğul olub. Görkəmli alim ilk dəfə xalq əkinçilik texnikasının məhəlli köklərini və inkişaf mənbələrini müəyyənləşdirməklə azərbaycanlıları gəlmə etnos sayanlara tutarlı cavab verib. Onun “XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik alətləri”, “Azərbaycanda xalq əkinçilik təqvimi və meteorologiyası”, “Azərbaycanda əkinçilik mədəniyyəti: ənənələr və müasirlik”, “Əkinçilik mədəniyyətimizin sorağı ilə”, “Azərbaycanda el köməyi adətləri” və digər kitabları çap olunub. Q.Cavadovun elmi ictimaiyyətə çatdırdığı monoqrafiyaları, habelə respublikanın və eləcə də keçmiş ittifaqın elmi jurnallarında, beynəlxalq konfransların materiallarında nəşr etdirdiyi 350-dən artıq elmi məqaləsi vətəndaş, xalqşünas bir alimin yaradıcılığının zəngin səhifələridir.

Qeyd edilib ki, 1964-1967-ci illərdə AMEA-nın Tarix İnstitutunda etnoqrafiya ixtisası üzrə əyani aspirant olan Q.Cavadov mərhum akademik Ə.Sumbatzadənin elmi rəhbərliyi altında tarixşünaslığımız üçün olduqca vacib bir problem üzrə elmi tədqiqat işinə başlayıb. İlk elmi tədqiqatlarının nəticəsi olan “XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik alətləri (şimal-şərq rayonlarının materialları əsasında)” mövzusunda namizədlik dissertasiyasını 1967-ci ildə müvəffəqiyyətlə müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi adını alıb. Q.Cavadov yalnız elm və ictimai fəaliyyətlə məşğul olmayıb. O, həm də respublikamızda peşəkar etnoqraf kadrların yetişməsi üçün əlindən gələni əsirgəməyib. Alimin faydalı məsləhətləri və tövsiyələri həm də yüksəkixtisaslı elmi kadrların yetişdirilməsi üçün böyük əhəmiyyət daşıyır.

Professor Rauf Hüseynzadə, Lənkəran Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Həşim Kəlbiyev və digər çıxış edənlər alimin zəngin elmi fəaliyyətindən, Azərbaycan etnoqrafiya elminin inkişafındakı xidmətlərindən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər. Qeyd edilib ki, Q.Cavadovun irsi Azərbaycan etnoqrafiya elmi üçün böyük töhfədir.

R.Hüseynzadə mərhum professor Q.Cavadov ilə birgə qələmə aldıqları “Udinlər. Tarix. Müasirlik. Maddi və mənəvi mədəniyyət” kitabının rus dilində ikinci nəşri haqqında məlumat verib.

Sonda alimin ailəsi adından çıxış edən həyat yoldaşı, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

azertag.az