AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynur Nəcəfovanın “Anna Axmatova və Şərq” adlı yeni kitabı “Mütərcim” nəşriyyatında nəfis şəkildə çapdan çıxıb. Kitabın baş elmi məsləhətçi və ön sözün müəllifi Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, elmi redaktoru Bakı Dövlət Universitetinin “Dünya ədəbiyyatı” kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Cəlil Nağıyevdir. Monoqrafiyanın rəyçiləri Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov və Bakı Dövlət Universitetinin müəllimi, filologiya üzrə elmlər doktoru, professor Ülfət Bədəlbəylidir. Qeyd edək ki, kitabda müəllifin rus dilindən etdiyi tərcümələrinin redaktoru Əlyazmalar İnstitutunun elmi işçisi Aytən İmanovadır.

Mühakimənizə təqdim olunan bu monoqrafiyada XX əsr rus ədəbiyyatının tanınmış nümayəndəsi, “gümüş dövr”ün məşhur şairi Anna Axmatova və onun müxtəlif çalarlara malik zəngin yaradıcılıq yolu haqqında məlumat verilir. Kitabda A.Axmatovanın əsərlərində qədim ənənələrə malik Şərq ədəbiyyatının təsiri, onun bu tükənməz söz xəzinəsindən bəhrələnməsi, Asiya və Afrika xalqlarının poeziya nümunələrindən etdiyi tərcümələr, müasir Şərq şairlərinin yaradıcılığına təsiri və bu kimi yeni məsələlər araşdırılmışdır. Həmçinin ilk dəfə olaraq A.Axmatovanın ədəbi irsinin Azərbaycan ədəbiyyatşünaslığında öyrənilməsi tarixinə nəzər salınmış, əsərlərinin Azərbaycan dilinə tərcüməsi məsələləri də tədqiqata cəlb olunmuşdur.

elyazmalarinstitutu.com