19 sentyabr 2018-ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnsitutunda “Milli musiqi günü” və Üzeyir Hacıbəylinin anadan olmasının 133-cü ildönümü ilə əlaqədar olaraq “Şəxsi arxivlərin tədqiqi” və “Kitabşünaslıq və biblioqrafiya” şöbələrinin birgə iclası keçirilib. İclasda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı yeni nəşr olunan “Üzeyir Hacıbəylinin arxivinin təsviri” adlı kitab müzakirə olunub. Yığıncaqda filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva-Kəngərli, Paşa Kərimov, Nailə Səmədova, kitabı nəşrə hazırlayan və tərtibçilərdən biri olan elmi işçi Aytən İmanova çıxış edərək kitabın məziyyətlərindən danışıblar. Natiqlər bildiriblər ki, kitaba Üzeyir Hacıbəylinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnsitutunda qorunan arxiv materiallarının – sənədlərin, məktubların, afişaların, fotoların, əlyazmaların və makina çaplarının təsviri daxil edilib. Sənədlərin bəziləri və əlyazmaların əksəriyyəti Üzeyir Hacıbəylinin avtoqraflarıdır. Qeyd edək ki, 439 səhifəlik kitabda 936 saxlama vahidialtında qorunan materialın təsviri verilib. Fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli kitabın gələcək tədqiqatçılar üçün gərəkli mənbə olacağını nəzərə alaraq onun respublikanın elm və təhsil müəssisələrində yayılmasının vacibliyini qeyd edib. İclasda həmçinin yaxın günlərdə “Üzeyir Hacıbəyli arxivinin təsviri” kitabının geniş təqdimatının və Üzeyir Hacıbəylinin Əlyazmalar İnstitutunda qorunan arxiv materiallarının sərgisinin təşkil edilməsi məsələləri də müzakirə edilib.

manuscript.az