Görkəmli ədəbiyyatşünas alim, filologiya üzrə emlər doktoru, professor, akademik, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Teymur Kərimli ilk növbədə klassik ədəbiyyatımızın, istedadlı, məhsuldar tədqiqatçısı kimi tanınır. Onun klassik poetik mətnlərin mahir araşdırıcısı kimi yetişməsində bir neçə amil rol oynamışdır: Əvvəla, Teymur müəllim özü də şairdir, yaradıcılığa şair kimi başlamışdır və buna görə də hər kəsdə olmayan şeiri duymaq qabiliyyətinə malikdir. İkincisi, uzun illər ərzində, “Elm” nəşriyyatının baş redaktoru işlədiyi dövrdə və sonralar T.Kərimli altı cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin bəzi cildlərinin məsul redaktoru, Füzuli əsərləri altıcildliyinin, “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının kitab şəklində nəşrlərinin və.s əsərlərin redaktoru olmuş, həmişə klassik mətnlərlə ünsiyyət saxlamışdır. T.Kərimlinin elmi maraq dairəsinin çox geniş olduğunu xüsusilə qeyd etmək istərdik. O, Nizami, Nəsimi, Füzuli, Şəhriyar və bir çox başqa klassiklərimizin, eləcə də çağdaş sənətkarlarımızın yaradıcılığına dair dəyərli tədqiqat işlərinin müəllifidir.

Teymur Həşim oğlu Kərimli 1953-cü il oktyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun ucqar dağ kəndlərindən və Kiçik Qafqazın ən uca zirvələrindən biri olan Qazangöldağın ətəyində, Nurgüd kəndində anadan olub. 1960-1964-cü illərdə Nurgüd ibtidai məktəbində oxuyan T.Kərimli təhsilini Sumqayıt şəhər 12 saylı orta məktəbində və Bakı riyaziyyat təmayüllü internat məktəbində davam etdirmiş, 1970-ci ildə orta məktəbi qızıl medalla bitirmişdir. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakultəsini bitirdikdən sonra təyinat üzrə Kəlbəcər qəsəbə 2 saylı orta məktəbində Azərbaycan dili və ədəbiyyatı, rus dili müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Sonra AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almış, 1983-cü ildə “Nizamidə tarixin romantik qavrayışı (“Yeddi gözəl” poeması üzrə)” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Onun 2003-cü ildə müdafiə etdiyi “Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi” mövzusundakı doktorluq dissertasiyası elmi ictimaiyyətin böyük marağına səbəb olmuşdur. Hazırda o, orta əsrlər ədəbiyyat tariximizin görkəmli mütəxəssislərindən biridir. Akademik İsa Həbibbəyli haqlı olaraq yazır: “Teymur Kərimlinin Nizami Gəncəviyə aid tədqiqatlarında bu böyük sənət dühasının əsərləri onun özünəqədərki tarixlə və öz dövrünün tarixi hadisələri və şəxsiyyətləri ilə birlikdə öyrənilmişdir. T.Kərimli qüdrətli sənətkar olan Nizami Gəncəviyə də dahi şair olmaqdan başqa həm də böyük tarixi şəxsiyyət kimi yüksək qiymət vermişdir. Teymur Kərimliyə görə, Nizami Gəncəvinin ölməz “Xəmsə”si yazıldığı dövrə qədərki möhtəşəm hadisələrin və şəxsiyyətlərin böyük ədəbiyyat vasitəsilə yazılmış tarixi, yarandığı dövrün isə mükəmməl ədəbi salnaməsidir... O, tarixçi biliklərinə malik olan geniş dünyagörüşlü ədəbiyyatşünas alim səviyyəsində diqqəti cəlb edir”. Alim 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2015-ci ildə həqiqi üzvü seçilib. 2010-cu ildə “Heydər Əliyev və klassik ədəbiyyat” araşdırmasına görə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olub. Otuz ildən artıq AMEA Ədəbiyyat İnstitutunda çalışan alim institutun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, direktor müavini vəzifələrində çalışıb. O, 1915-ci ildən Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, AMEA Humanitar Elmlər Bölməsinin akademik katibidir.

Nizami yaradıcılığı, Nizami və tarix problemi T.Kərimlinin ədəbiyyatşünaslıq araşdırmalarında mərkəzi yer tutur. Onun bu istiqamətdəki araşdırmaları 2002-ci ildə “Elm” nəşriyyatında çap etdirdiyi “Nizami və tarix” monoqrafiyasında əksini tapmışdır. (Kitabın redaktoru AMEA-nın müxbir üzvü Yaşar Qarayev olmuşdur). Monoqrafiyada Nizaminin yaradıcılığında tarixə münasibətə dair araşdırmalardan kənarda qalmış geniş spektrdə problemlər nəzərdən keçirilir. “Xəmsə”nin yazıldığı tarixi şərait, Nizami yaradıcılığında antropomorf cizgilər kəsb edən Tanrı obrazı, Məhəmməd peyğəmbərin obrazı, tarixi şəxsiyyət və dini ideal, Nizaminin məmduhları, “Xəmsə”də tarixi şəxsiyyət və mühit, hökmdar surətlərinin tarixi təkamülü, “Xəmsə” poetikasının tarixi rolu kimi məsələlər təhlil edilir. Professor Vaqif Arzumanlı bu tədqiqat işi barədə yazır: “Nizami və tarix problemlərinin araşdırılmasında indiyə qədər nəzərdən qaçmış bəzi problemlər-məsələn, Nizaminin hətta tarixi olmayan mövzuda da tarixilik məsələlərini qoyub həll etməsi, bütün yaradıcılığının ana xəttini tarixiliyin təşkil etməsi, fərdin özünü də bəşər tarixi kontekstində götürməsi, şairin əsərlərində real tarixlə mifik-mistik-romantik tarixin çulğaşaraq ümumi ana məqsədə xidmət etməsi, Nizami poetik sənətinin tarixiliyi və Nizaminin tarixi poetikası problemləri və.s. və.i.a. açıqlaması vacib mətləblər monoqrafiyada öz əksini tapmışdır”. Tarixi faktlarla Nizami əsərlərində cərəyan edən hadisələri ətraflı müqayisə edən T.Kərimli dahi şairin tarixə özünəməxsus münasibəti barədə yazır: “Nizaminin tarixə müraciət özəlliklərindən biri də- tarixi şəxsiyyət və tarixi hadisəni öz ideya-estetik qayəsinə tabe etdirmək bacarığındadır. Belə demək mümkünsə, Nizami tarixin, tarixi qaynaqların yedəyində getmir, tarix, tarixi qaynaqlar Nizami sənətinin yedəyində gedir”.

Teymur Kərimli Nizaminin tarixə, tarixi şəxsiyyətlərə münasibətini araşdırarkən böyük Azərbaycan şairinin dühasını, humanizmini özünəməxsus rakursdan nəzərdən keçirir. Nizamini dünya tarixini lazımsız təfərrüfatlardan təmizləyərək humanist ideyalarına uyğun şəkildə oxucusuna çatdıran, onu özünün bədii şəkildə yazdığı tarixdən dərs deyən müdrik bir ustad kimi təqdim edir. Alim yazır: “Xəmsə”də tarixi hadisə və tarixi şəxsiyyətdən istifadə edərkən Nizaminin məqsədi heç də tarixi olduğu kimi nəzmə çəkib oxucuya çatdırmaq olmamışdır. Buna görə də yeri gəldikcə öz poemalarında təsvir etdiyi tarixi hadisə və tarixi şəxsiyyətlər Nizami tərəfindən müxtəlif məna çalarları alır və çox vaxt da ideallaşdırmağa məruz qalırlar. Bu məqsədlə Nizami bir sıra əməliyyatlar aparır, tarixi hadisə və şəxsiyyətləri müxtəlif təfərrüfatlardan, qarışıqlardan, aşqarlardan təmizləyir və saf “külçə” halına salaraq öz oxucusuna təqdim edir. Doğrudur, bu zaman bədii epizoda çevrilmiş tarixi hadisə və ya bədii obraza çevrilmiş tarixi şəxsiyyət müəyyən qədər sxematikliyə məruz qalır, onun reallığı və canlılığı azalır, ancaq bütün bunlar tarixi reallıq baxımından baş verdiyinə görə, əsərin bədiiliyinə xələl gətirmir”.

Teymur Kərimli Nizaminin Azərbaycan türkü olduğunu hər vəchlə inkar etməyə çalışan, onu fars və ya ləzgi kimi təqdim etmək istəyən “araşdırıcıların” qeyri-elmi fikirlərinə tutarlı dəlillərlə cavab verən alimlərimizdəndir. Əsərlərində o, dahi şairin irsində tarixi hadisələrin bədii əksinin milli məqsədlərə xidmət etdiyini sübut etmiş, Nizaminin türklərə və türklüyə rəğbətinin onun etnik mənsubiyyəti ilə bağlı olduğunu göstərmişdir. “Nizami və tarix” monoqrafiyasında tədqiqatçı belə bir qənaətə gəlir ki, Nizamidən sonra cismani və mənəvi cəhətdən gözəl insanı “türk” adlandıran bir sıra farsdilli şairlər məhz Nizamidən nümunə götürmüşlər. T.Kərimli Nizaminin mədh etdiyi ilk hökmdarın (“Məxzənül-əsrar” poemasında)- Ərzincan hakimi Fəxrəddin Məlik Bəhram şah ibn Davudun türk olduğunu da təsadüf hesab etmir. Şairin türk olan Səlcuqlulara münasibəti də alimin nəzərindən qaçmamışdır. “Məxzənül-əsrar” poemasında sonuncu qüdrətli Səlcuqlu hökmdarı Sultan Səncərə yaxınlaşan bir qarı çəkinmədən, cəsarətlə ona qarşı edilmiş ədalətsizlikdən şikayət edir, səlcuqluların-türklərin hakim olduğu bir məmləkətdə belə halların yolverilməz olduğunu deyir. Bu epizodun özü Nizaminin türklərə və türklüyə münasibəti barədə çox söz deyir.

Nizaminin milliyətcə ləzgi olduğunu sübut etməyə çalışan erməni əsilli Arben Kardaşa cavab olaraq T.Kərimlinin akademik Bəkir Nəbiyevlə birlikdə yazdığı, 2011-ci il 9 sentyabr tarixli “Ədəbiyyat qəzeti”ndə çap edilmiş “Türkofobiyanın növbəti residivi” adlı məqalədə oxuyuruq: “Təəssüf ki, hələ də informasiya kasadlığından əziyyət çəkən bəzi dairələrdə məlumatsızlıqdan ya da qəsdən Nizamini İran şairi kimi qələmə vermək cəhdləri, böyük şairin türk kökünü təhrif edərək başqa etnik qruplara bağlamaq həvəsi də özünü göstərir. Nizaminin bütün yaradıcılığında türklərə və türklüyə məhəbbət qırmızı xətt kimi keçir. Əsərlərində bir çox türk sözlərindən istifadə etmişdir. Onun əsərlərindən öz doğma xalqına-türk etnosuna məhəbbəti açıq-aşkar duyulmaqdadır. Nizaminin türklərə məhəbbəti bir də onda özünü biruzə verir ki, şair yaratdığı müsbət monumental obrazların əksəriyyətini ya türk kimi təsvir edir, ya da onların müsbət insani sifətlərini türklərlə müqayisə edir”.

Akademik Teymur Kərimli həm də görkəmli füzulişünasdır. Onun tədqiqatlarında Füzuli irsinin bir sıra araşdırılmamış problemləri, diqqətdən kənarda qalmış məsələləri nəzərdən keçirilir. Alim Füzuli yaradıcılığına dair araşdırmalarından ibarət kitabını, təsadüfi deyil ki, “Görünməyən Füzuli” adlandırmışdır. Azərbaycanda füzulişünaslığının kifayət qədər zəngin tarixi vardır. Bununla bərabər, böyük şairimizin həyat və yaradıcılığının tədqiqi, ədəbi irsinin təbliği sahəsində görüləcək işlər də çoxdur. T.Kərimli haqlı olaraq belə hesab edir ki, Füzulinin böyük sənət möcüzəsini açmaq, onun bədii obrazlarını, kəşflərini, yaradıcılığının görünməyən tərəflərini müasir oxuculara çatdırmaq ədəbiyyatşünaslığımız qarşısında duran ən vacib məsələlərdəndir. Müsahibələrdən birində alim göstərir ki, yaradıcılığının tədqiqi zamanı Füzuli çox vaxt Şərq kontekstindən ayrılmış, Avropa və rus-sovet ədəbiyyatşünaslığının tələbləri baxımından araşdırılmışdır. Təbii ki, belə araşdırmalar mütləq təhriflərə aparıb çıxarmalıdır. Çünki Füzulini ümumşərq mədəniyyətindən, ədəbiyyatından, Şərq poetikasından ayrı tədqiq etmək qeyri-mümkündür. T.Kərimli haqlı olaraq belə hesab edir ki, bu gün Füzulini öyrənmək həm də ona görə zəruridir ki, mənəvi-əxlaqi dəyərlərimizin qloballaşma ilə qarşı-qarşıya durduğu indiki vəziyyətdə ən böyük və etibarlı istinad nöqtələrimizdən biri də Füzuli irsidir.

T.Kərimli Füzuli yaradıcılığını araşdırarkən böyük şairimizin yaratdığı poetik fiqurları aşkar etmiş və onlar barədə məqalə yazmışdır. Fikrimizcə, alim Füzuli şeirinin bədiiliyini, təsir gücünü artıran çox vacib bir məsələni tədqiq etmişdir. T.Kərimliyə görə böyük şairin istedadının, sənət möcüzəsinin ən diqqətəlayiq cəhətlərindən biri onun şeirlərindəki gözlənilməzlik effektidir. Tədqiqatçının özü bu barədə yazır: “Şeirə cila verərkən Füzulinin işlətdiyi poetik təsir vasitələrindən biri-gözlənilməzlik effektidir.Bunun təsir mexanizmi ondan ibarətdir ki, klassik poeziyaya bələd olan oxucu beytin birinci misrasından sonra hansı fikrin, obrazın gələcəyini təxmin edərək gözləyir. Lakin tamamilə başqa, daha gözlənilməz, təsirli fikir, yaxud obraza rast gəldikdə əvvəlcə çaşır, sonra isə estetik ləzzət və razılıq hiss keçirir. Ancaq bu gözlənilməzliyi, Füzuli, necə dəyərlər, oxucunun önünə qızıl nəlbəkidə qoymur. Bəzən oxucu həmin mənaya varmaq üçün xeyli düşünməli, baş sındırmalı olur”. Xüsusi olaraq qeyd etmək istərdik ki, tədqiqatçı araşdırmalarında Füzulinin yaradıcılıq laboratoriyası, bədii kəşfləri ilə yanaşı böyük şairin oxucusunun fikrinin inkişaf xəttini də araşdırmaya cəlb etmiş, maraqlı elmi nəticəyə gəlmişdir.

Nizami yaradıcılığında tarixiliyi tədqiq edən T.Kərimli Füzulinin yaradıcılığında da tarixilik mövzusunu araşdırmış, “Fərdin tarixiliyi və Füzuli “Leyli və Məcnun”unda tarixilik” adlı məqalə yazmışdır. Alim ayrıca məqalədə Füzulinin “Leyli və Məcnun” poemasını ondan əvvəl yazılmış “Leyli və Məcnun”larla müqayisə etmiş, Füzuli əsərinin orijinallığını araşdırmışdır.

Teymur müəllim həyatını klassik ədəbiyyatın tədqiqinə həsr etmək qərarına gəlmiş gənclərin tədqiqatçı kimi yetişməsinə xüsusi fikir verir, onlara qayğı ilə yanaşır.

Klassik Azərbaycan ədəbiyyatının yorulmaz araşdırıcısı akademik Teymur Kərimliyə 65 yaşının tamam olduğu bu günlərdə uzun ömür, can sağlığı yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Paşa Əlioğlu,

filologiya elmləri doktoru

tezadlar.az

xalqqazeti.com