Əlyazmalar İnstitutnda qədim və orta əsrlərə aid minlərlə nadir əlyazma nümunəsi ilə yanaşı, XIX-XX əsr Azərbaycanın otuz iki nəfər elm və mədəniyyət xadiminin şəxsi arxivi mühafizə olunur. Bu arxiv materialları tədqiq olunur, nəşrə hazırlanır, müxtəlif elm sahələrinin nümayəndələri elmi araşdırmalar zamanı onlardan istinad mənbəyi kimi faydalanırlar. Sevindirici haldır ki, son illərdə tanınmış yazıçı və şairlərimiz öz əsərlərinin avtoqraf nümunələrini, şəxsi arxiv materiallarını, hətta kitabxanalarına aid kitabları da Əlyazmalar İnstitutuna hədiyyə etmişlər. Tanınmış şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vahid Əziz (Cəfərov) də bu addımı atıb. Bu günlərdə o öz şəxsi arxiv materiallarından əl yazılarını, əsərlərinin bəzilərinin çap variantlarını Əlyazmalar İnstitutuna təqdim edib. Onu da bildirib ki, mətbuatda dərc olunan əsərlərinin qəzet və jurnal variantlarını, kitablarının siqnal nüsxələrini və bəzi nadir fotolarını instituta hədiyyə etməyi planlaşdırır.

Şairi qəbul edən institutun elmi işlər üzrə direktor müvini, fil.ü.e.d Paşa Kərimov və elmi katib, fil.ü.f.d. Əzizağa Nəcəfov onun əsərlərinin Əlyazmalar İnstitutunda saxlanmasının onların gələcək nəsillərə ötürülməsində və tədqiq edilməsində mühüm rol oynayacağını bildiriblər.

manuscript.az