AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində akademik Rafael Hüseynovun sədrliyi ilə Filologiya Problemləri üzrə Elmi Şuranın cari il üçün növbəti iclası keçirilib.
İclasda 4-ü elmlər doktorluğu, 28-i fəlsəfə doktorluğu hazırlığı üzrə ümumilikdə 32 dissertasiya mövzusu müzakirə olunub.
Elmlər doktoru hazırlığı üzrə mövzusunun müzakirəsi və təsdiqi üçün müraciət etmiş şəxslərdən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı Nərgiz İsmayılova “Avropa postmodernizmi və müstəqillik dövrü Azərbaycan bədii nəsrinin inkişaf təmayülləri” və Sumqayıt Dövlət Universitetinin dissertantı Törə Məmmədovanın “Çağdaş Azərbaycan romanında sosial mühit və qəhrəman problemi” mövzuları adlarında heç bir dəyişiklik edilmədən qeydə alınıb.
Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Türkan Əsgərovanın “Roman dillərində feilin zaman kateqoriyasının tarixi inkişafı” mövzusunda konkretləşdirilmə aparılaraq “Fransız dilində feilin zaman kateqoriyasının tarixi inkişafı” kimi təsdiq edilib.
Bakı Dövlət Universitetinin doktorantı Almara Nəbiyevanın “Azərbaycan dastanlarının inkişaf istiqamətləri (Qarabağ dastançılıq arealı əsasında)” mövzusunun isə plan-prospektinin yenidən işlənilməsi tövsiyyə edilərək təsdiqi növbəti iclasların birinə saxlanılıb.
Fəlsəfə doktorluğu proqramı üzrə “XIX əsrin əvvəlinin rus romantizmində Qafqaz milli adətləri və Şərq məhəbbət simvolikası”, “Müasir Azərbaycan ədəbi-bədii dilində solisizmlərin struktur-praqmatik aspektləri”, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında komediya”, “Kamal Abdullanın nəsrində tarixi və mifoloji yaddaş problemi”, “Mustafa Zəririn “Yüz hədis və yüz hekayə” əsərinin dil və üslub xüsusiyyətləri”, “İngilis danışıq leksikasının Azərbaycan dilinə transformasiyası”, “Cəfər Cabbarlı və mətbuat”, “Nəzakətsizlik linqvo-praqmatik kateqoriya kimi”, “Azərbaycan dilində “səbəb-nəticə” konsepti”, “Müxtəlifsistemli dillərdə frazeoloji vahidlərin transformasiya problemi”, “XX əsr Azərbaycan nəsrində yuxu motivi”, “Oğuz Atayın yaradıcılığında postmodernizm və mədəniyyətlərin diskursu” və digər dissertasiya mövzuları müzakirə olunub.
İclasda müzakirə edilən 32 mövzudan 5-nin adında dəyişiklik edilməklə, ümumilikdə 26 mövzu qeydə alınıb, 6 mövzu isə qeyri-məqbul sayılıb.
Müzakirələrdə şuranın sədr müavini, prof. Əskər Rəsulov, şuranın üzvləri filologiya üzrə elmlər doktorları, professorlar Bədirxan Əhmədov, Şəfəq Əlibəyli, Ramiz Əsgər, İmamverdi Həmidov, Bilal İsmayılov, Qəzənfər Kazımov, Paşa Kərimov, Rəhilə Qeybullayeva, Fəridə Əzizova, Hüseyn Həşimli, Azadə Musayeva, Cəlil Nağıyev, Seyfəddin Rzasoy, Qorxmaz Quliyev, Fəxrəddin Veysəlli çıxış edərək fikir və təkliflərini bildiriblər.
science.gov.az