Aprelin 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzulu adına Əlyazmalar İnstitutunda görkəmli ədəbiyyatşünas, Əməkdar elm xadimi, akademik Həmid Araslının anadan olmasının 110 illiyinə həsr edilmiş elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli elmi sessiyanın Prezident İlham Əliyevin akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında 2019-cu il 11 fevral tarixli Sərəncamının icrasından irəli gələn tədbirlər çərçivəsində təşkil olunduğunu bildirib. Teymur Kərimli görkəmli alimin dilimizin, ədəbiyyat tariximizin, folklorşünaslığımızın inkişafında mühüm rolunu xüsusi vurğulayaraq deyib ki, Həmid Araslı 1939-cu ildə “Kitabi-Dədə Qorqud”u nəşr etdirməklə ədəbiyyatımıza, mədəniyyətimizə böyük xidmət göstərib. Alimin irsində klassik ədəbiyyat məsələləri, folklorşünaslıq, mətnşünaslıq, Şərq xalqları ədəbiyyatı və müasir ədəbiyyatla bağlı tədqiqatlar xüsusi yer tutur. Azərbaycan elmi ictimaiyyəti Həmid Araslını klassik Azərbaycan ədəbiyyatı sahəsində böyük elmi məktəb yaratmış görkəmli alim kimi tanıyır və onun irsinə ehtiramla yanaşır. Orta əsrlər Azərbaycan ədəbiyyatının bir sıra naməlum sənətkarlarının yaradıcılığı məhz Həmid Araslının axtarışları nəticəsində üzə çıxıb.
Qeyd olunub ki, Həmid Araslı böyük Azərbaycan şairləri - Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və başqaları barədə sanballı araşdırmaları ilə ədəbiyyatşünaslıq elmimizi zənginləşdirib. İmadəddin Nəsiminin əsərlərinin ən mükəmməl çapı Həmid Araslının tərtibatında nəşr edilmiş seçilmiş əsərləri hesab olunur.
Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov “Görkəmli ədəbiyyatşünas alim Həmid Araslı” mövzusunda məruzəsində Həmid Araslını görkəmli ədəbiyyatşünas və mətnşünas alim kimi səciyyələndirib. O, qədim türk, fars və ərəb dillərinin gözəl bilicisi Həmid Araslının Şərq əlyazmaşünaslığında böyük xidmətləri olduğunu vurğulayıb.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov “Həmid Araslının nizamişünaslıq fəaliyyəti” mövzusunda məruzəsində alimin Nizami Gəncəvinin türk olması ilə bağlı faktları üzə çıxardığını nümunələrlə göstərib.
Sessiyada Əlyazmalar İnstitutunun əməkdaşları - Lamiyə Rəhimova “Böyük mətnşünas alim Həmid Araslı”, Samirə Əliyeva isə “Həmid Araslı füzulişünas alim kimi” mövzusunda məruzə ilə çıxış edib.
Görkəmli alimin qızı, AMEA-nın müxbir üzvü Nüşabə Araslı atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə ölkə rəhbərinə minnətdarlığını bildirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında 2019-cu il 11 fevral tarixli Sərəncamı dövlətimiz tərəfindən ədəbiyyatşünaslığımızın inkişafına göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir.
azertag.az