Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyi Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən silsilə tədbirlərlə qeyd edilir. Ədibin yaradıcılığı alimlər tərəfindən tədqiq olunur, haqqında elmi məqalələr yazılır.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovun “Cəlil Məmmədquluzadənin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan şəxsi arxivi barədə” məqaləsini təqdim edir.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda əlyazmalar, qədim kitablar, müxtəlif sənədlər, dövri mətbuat nümunələri ilə yanaşı, bir sıra görkəmli xadimlərin şəxsi arxiv materialları da saxlanılır. Bunların arasında Cəlil Məmmədquluzadənin (1869-1932) şəxsi arxivi ədibin həyat və yaradıcılığının, ədəbiyyat və mətbuat, ictimai fikir tariximizin öyrənilməsi baxımından dəyərli mənbədir. Vaxtilə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsinə (AzOZFAN) müxtəlif fasilələrlə təhvil verilmiş bu materiallar, tədqiqatçıların fikrincə, müəllifin ədəbi və publisistik fəaliyyətini tam əhatə etmir, çünki bir çox əsərlərin əlyazması burada yoxdur. Məlum olduğu kimi, “Molla Nəsrəddin” jurnalı, onun mühərriri C.Məmmədquluzadə və redaksiya heyəti əvvəlcə Tiflisdə, sonra Təbrizdə və nəhayət, Bakıda fəaliyyət göstərib. O dövrün imkanları şəraitində səyyar fəaliyyət göstərən jurnalın arxivini, sənədlərini, materiallarını tam şəkildə qoruyub saxlamaq mümkün olmayıb. Üstəlik daim senzor nəzarəti altında olan, tez-tez jandarm basqını və axtarışlarına məruz qalan bir dərginin redaksiyasının bütün materiallarını gələcək nəsillər üçün qoruyub saxlamaq mümkün deyildi.

Sovet dövründə də müəyyən təhlükələrdən qorunmaq məqsədilə “Molla Nəsrəddin” jurnalına və onun baş redaktoruna aid bəzi sənədlərin məhv edilməsi ehtimalı çox böyükdür. Məsələn, Fərhad Ağazadənin tərtib etdiyi biblioqrafiyadan məlum olur ki, C.Məmmədquluzadə görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərliyə 1887-1913-cü illərdə 22 məktub yazıb. Təbii ki, Firidun bəy də bu məktublara cavab yazıb. Onun məktublarının C.Məmmədquluzadənin arxivində olmamasını, fikrimizcə, görkəmli ədəbiyyatşünasın 1920-ci ildə Gəncə üsyanı zamanı “xalq düşməni” kimi güllələnməsi ilə izah etmək lazımdır. Bu məktubların arxivdə olması “Molla Nəsrəddin” jurnalına, Mirzə Cəlilə, ailəsinə böyük təhlükə törədə bilərdi.

Həmidə xanım Məmmədquluzadə “Xatirələrim” əsərində C.Məmmədquluzadənin 1931-ci ilin soyuq dekabr günlərindən birində evi qızdırmaq üçün böyük bağlamalarla əlyazmalarını sobaya atıb yandırdığından danışıb: “Mən ürək ağrısı ilə onun öz əli ilə yazdığı kağızları, əlyazmalarını böyük bağlamalarla sobaya doldurmasına və kibrit çəkməyinə tamaşa edirdim.

Sonra yavaş-yavaş sobaya qaralamaların yerdə qalanlarını atmağa başladı. Mən hiss edirdim ki, bu, çox böyük itkidir, ancaq müqavimət göstərə bilmirdim. O, son dərəcə gərgin idi”.

Beləliklə, sadalanan səbəblərə, bəzi materialların şəxsən C.Məmmədquluzadə tərəfindən məhv edildiyinə görə böyük ədibin şəxsi arxivində onun bir sıra əsərlərinin əlyazmaları, sənədlər yoxdur. Onu da nəzərə almaq lazımdır ki, yazıçı sağlığında əsərlərinin çox az bir hissəsinin nəşrinə nail olub (Təbii ki, əgər senzura müdaxiləsi olmayıbsa, bilavasitə müəllifin nəzarəti altında çap edilən bu əsərlər avtoqraf səviyyəsində mötəbər nüsxə hesab edilə bilər).

Qeyd edək ki, hələ ötən əsrin 30-cu illərindən C.Məmmədquluzadənin şəxsi arxiv materialları ailəsi tərəfindən təhvil verilməyə başlanıb. AzOZFAN-ın sədri Əli Nəzminin təsdiq etdiyi qəbzdə göstərilir ki, C.Məmmədquluzadənin 59 adda əlyazması, sənədləri və “Molla Nəsrəddin” jurnalının 1906, 1909, 1922, 1924-1928-ci illər komplektləri Həmidə Məmmədquluzadədən (1873-1955) təhvil alınıb. Digər qəbzdə isə C.Məmmədquluzadənin Həmidə xanım tərəfindən yazılmış 62 səhifəlik bioqrafiyasının 1935-ci il oktyabrın 22-dən qurumun Ədəbiyyat sektorunda qorunduğu bildirilir.

C.Məmmədquluzadənin şəxsi arxiv materialları üzərində ilk araşdırmanı ədəbiyyatşünas Həbibulla Səmədzadə aparıb. O, “İnqilab və mədəniyyət” jurnalının 1935-ci il 1-ci nömrəsində arxivdəki materialların təsvirinin xülasəsini dərc etdirib. Həbibulla Səmədzadənin Salman Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanan şəxsi arxivində bu təsvirin daha geniş işlənmiş mükəmməl variantı var.

“Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) arxivinin təsviri” ilk dəfə 1961-ci ildə Əlyazmalar İnstitutunun əməkdaşı Mərziyə Paşayeva tərəfindən kiril əlifbası ilə çap etdirilib. Bu, Mirzə Fətəli Axundzadənin şəxsi arxivinin təsvirindən sonra Əlyazmalar İnstitutunun nəşr etdirdiyi ikinci şəxsi arxiv təsviridir. Mərziyə Paşayevanın qeyd olunan kitabı çap edildikdən sonra C.Məmmədquluzadənin Əlyazmalar İnstitutunda saxlanan şəxsi arxivi Müzəffər Davatdarovdan, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyindən alınan, yazıçının yubileyləri dövründə əldə edilən əlavə materiallarla xeyli zənginləşib və saxlama vahidi 595-ə çatıb (Əksər hallarda hər saxlama vahidi altında bir neçə material mühafizə edilir). Bir dəyişiklik də ondan ibarətdir ki, 1972-ci ildə Dövlət Komissiyasının keçirdiyi yoxlamanın nəticəsi kimi Əlyazmalar İnstitutunda saxlanan şəxsi arxiv materiallarının şifrələri saxlama vahidləri ilə əvəz edilib. Bütün bunlar C.Məmmədquluzadənin şəxsi arxivinin təsvirinin yenidən çap edilməsi zərurətini doğurub.

İnstitutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Afaq Əliyevanın 2011-ci ildə nəşr etdirdiyi “Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) arxivinin təsviri” 328 səhifəlik kitabında Mərziyə Paşayevanın tərtibindən sonra yazıçının arxivinə daxil edilən yeni materiallar nəzərə alınıb. Bu kitabda arxivdə olan bütün materiallar mövzu və ədəbi janrlara görə 15 bölməyə ayrılıb, bəziləri isə öz növbəsində ayrı-ayrı hissələrə bölünüb. Bütün materiallar bölmə daxilində əlifba ardıcıllığı ilə düzülüb. Hər materialın dili, avtoqraf və ya surət olması, yazıldığı yer, tarix, kağız, mürəkkəbin rəngi, başlandığı və bitdiyi cümlə, qısa məzmunu, həcmi, ölçüsü, saxlanma vahidi göstərilib. Məsələn, saxlanma vahidi 77-də ədibin 55 vərəqdən ibarət “Xatiratım” əsəri mühafizə edilir. Bu əsər qalın cildli, ağ sapla tikilən dəftər vərəqlərinin bir üzünə bənövşəyi mürəkkəblə Azərbaycan dilində ərəb əlifbası ilə yazılıb. Vərəqlər nömrələnib. İlk səhifədə “Xatiratım” və səhifənin bir küncündə müəllif tərəfindən rus dilində “Moi vospominaniya detstva do jurnala “Molla Nasiraddin”. Djalil” sözləri yazılıb. Bu, xatiratın birinci hissəsidir. 75-ci saxlanma vahidində qorunan 52 vərəqdən ibarət “Tərcümeyi-halım” başlıqlı yazı əslində “Xatiratım” əsərinin ikinci hissəsidir. Azərbaycan dilində ərəb əlifbası ilə olan bu əlyazmanın yazıldığı tarix və yer qeyd edilməyib. Əsər üzərində qara, göy karandaş və bənövşəyi mürəkkəblə təshihlər edilib.

C.Məmmədquluzadənin şəxsi arxivinin 74-cü saxlanma vahidində Azərbaycan dilində ərəb əlifbası ilə yazılan 13 vərəqdən ibarət “Tərcümeyi-halım” da var. Yazıldığı tarix və yer göstərilməyib. Vərəqlər nömrələnib. Birinci səhifə yoxdur. Əsər üzərində bənövşəyi mürəkkəblə təshihlər aparılıb. Bundan başqa, 1927-ci ildə Bakıda Əsəd Tahir adlı şəxsin köçürdüyü 10 vərəqdən ibarət “Tərcümeyi-halım” əsəri də 76-cı saxlanma vahidindədir. Üz vərəqində “Cəlil Məmmədquluzadə”, “Tərcümeyi-halım”, “Bakı”, “Müəllifin yazdığı dəstxətindən icazə ilə köçürmə”, “1927”, “Eynilə”, “Köçürəni Əsəd Tahirdir” sözləri yazılıb.

Qeyd etdiyimiz kimi, Cəlil Məmmədquluzadənin bir sıra əsərlərinin avtoqrafı əldə yoxdur. Ədibin şəxsi arxivində onun “Çay dəstgahı”, “Anamın kitabı”, “Danabaş kəndinin məktəbi”, “Dəli yığıncağı”, “Ər”, “Kamança”, “Lal”, “Ölülər”, “Bu nə qiyamətdir”, “Buz”, “Danabaş kəndinin məktəbi”, “Eydi-ramazan”, “Xanın təsbehi”, “İki alma”, “İki qardaş”, “Qoşa balınc”, “Konsulun arvadı”, “Qiyamət”, “Proletar şairi”, “Saqqallı uşaq”, “Sarı”, “Şeir bülbülləri”, “Şəhər və kənd”, “Taxıl həkimi”, “Ucuzluq”, “Yan tütəyi”, “Yuxu”, “Zəlzələ” əsərlərinin, bir sıra felyetonlarının avtoqraf nüsxələri saxlanılır. Ədibin ilk əsərlərindən olan “Çay dəstgahı” 1889-cu ildə Nehrəm kəndində yazılıb. Əsər saya vərəqlərin hər iki üzünə qara karandaşla (1-ci vərəq) və qara mürəkkəblə (2-10-cu vərəqlər) yazılıb.

Yazıçının şəxsi arxivində “Anamın kitabı” pyesinin 5 nüsxəsi saxlanılır ki, bunlardan ikisi avtoqraf, üçü surətdir. Avtoqrafların yazılma tarixi və yeri məlum olmasa da, 14-cü saxlanma vahidində mühafizə edilən surətlərdən birinin üzərində 1920-ci ildə Şuşada köçürüldüyü qeyd edilib. “Danabaş kəndinin məktəbi” komediyasının üç nüsxəsindən ikisi, “Dəli yığıncağı” komediyasının altı nüsxəsindən dördü avtoqrafdır. “Ər” komediyasının hər üç nüsxəsi avtoqrafdır, yazılma tarixi və yer qeyd edilməyib. Arxivin 28-ci saxlama vahidində 34 vərəqdən ibarət avtoqraf nüsxənin 1-ci vərəqində onun “Oyunbazlar” (“Əsərlər”inə “Lənət” adı ilə daxil edilibdir) əsəri köçürülüb. “Kamança” faciəsinin altı nüsxəsindən biri avtoqrafdır. 1920-ci ilin yanvarında Şuşada köçürüldüyü qeyd olunub, 10 vərəqdən ibarətdir.

Ədibin şəxsi arxivində “Ölülər” komediyasının altı nüsxəsi saxlanılır ki, bunlardan ikisi avtoqrafdır. Dördüncü saxlanma vahidində mühafizə edilən, 75 vərəqdən ibarət avtoqraf nüsxənin üzərində “12 iyun, 1909-cu il, Tiflis” sözləri yazılıb. Son səhifədə mətbuat işləri üzrə komitənin üzvü Mirzə Şərif Mirzəyevin 1909-cu il avqustun 14-də Tiflisdə əsərin səhnələşdirilməsinə etiraz edilmədiyi barədə rus dilində ştampla təsdiqlənən qeydi var.

Bundan başqa, C.Məmmədquluzadənin şəxsi arxivində onun felyeton və məqalələrinin avtoqraf və surətləri, qeyd kitabçaları, məktub və təliqələr, sənədlər, “Molla Nəsrəddin” jurnalı redaksiyasının kontor kitabça və qovluqları, redaksiyaya göndərilən məqalələr, başqalarının yazdığı tərcümeyi-hal və xatirələr, tərcümələr, fotoşəkillər, qəzet və jurnallar, müxtəlif çap kitabları, digər materiallar mühafizə edilir. Bu sırada ədibin, eləcə də ona yazılan, “Molla Nəsrəddin” jurnalı redaksiyasının müxtəlif şəxslərə və redaksiyaya ünvanlanan məktub və təliqələri, Həmidə Məmmədquluzadənin ailə üzvlərinə, digər şəxslərə və ona yazılmış məktubları qeyd etmək olar.

C.Məmmədquluzadənin şəxsi arxiv sənədlərindən 1907-ci il iyununun 15-də Zaqafqaziya Şiə Ruhani İdarəsinin onun Həmidə xanım Cavanşirin evlənməsini təsdiqləyən nikah kağızı, Həmidə xanımın 1872-ci il dekabrın 14-də doğulmasına, 1908-ci il martın 18-də Mirzə Cəlilin oğlu Midhətin anadan olmasına dair şəhadətnamə, “Molla Nəsrəddin” jurnalının Tiflisdə nəşrinə icazə verilməsi barədə şəhadətnamə, Həmidə xanımın Şuşa qəzasının Kəhrizli kəndində mülki torpaq sahəsini 7 bənddən ibarət şərtlə tədris idarəsinə verməsi barədə bağışlanma aktı, Təbriz müctəhidlərinin Mirzə Cəlil haqqında ölüm fitvası, müxtəlif ərizələr, mandatlar, müqavilələr böyük maraq doğurur.

C.Məmmədquluzadə Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibliyinə 1930-cu ilin fevralında ünvanladığı ərizədə jurnalın 25 ilinin tamamına qədər nəşr olunmasına icazə verilməsini xahiş edir. Ədib Azərbaycan Xalq Maarif Komissarı Maqsud Məmmədova ünvanladığı tarixi qeyd edilməyən ərizəsində iflic xəstəsi olduğuna görə ona verilən təqaüdün artırılmasını xahiş edir.

Həmidə xanımın ötən əsrin 30-cu illərində yazdığı “Cəlil Məmmədquluzadənin (Molla Nəsrəddin) tərcümeyi-halı” və xatirələri məktəb dəftərlərinə köçürülüb.

Ədibin şəxsi arxivində Azərbaycan, rus və Şərq dillərində olan kitablar onun dünya xalqlarının tarixi və ədəbiyyatı, Azərbaycan tarixi, ədəbiyyat tarixi, din tarixi ilə dərindən maraqlandığını göstərir.

azertag.az