AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan "İmadəddin Nəsimi: sələflər və xələflər - Orta əsrlər əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri" mövzusunda XVII elmi-nəzəri respublika konfransı keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Əlyazmalar İnstitutunun ekspozisiya zalında Nəsimi yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar. Sərgidə Əlyazmalar İnstitutunun rəssamı Fəxrəddin Əliyevin Nəsiminin şeirlərinə çəkdiyi illüstrasiyalar və şairin əsərlərindən ibarət əlyazmalar nümayiş olunub.
Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq konfransın Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli və Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında 11 yanvar 2019-cu il tarixli sərəncamları çərçivəsində baş tutduğunu bildirib.
Akademik sözügedən sərəncamlardan irəli gələrək AMEA-da silsilə konfransların, elmi sessiyaların keçirildiyini, mətbuatda Nəsimi yaradıcılığına dair 30-a yaxın məqalənin dərc edildiyini, o cümlədən 4 kitabın nəşrə hazırlandığını diqqətə çatdırıb. Bundan əlavə, şairin yaradıcılığının Türkiyə, Serbiya, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə keçirilən tədbirlərdə təbliğ olunduğunu vurğulayıb.
İ.Həbibbəyli, həmçinin cari ilin sentyabr ayında Tarix İnstitutunun təşkilatçılığı ilə, o cümlədən Naxçıvan Bölməsində Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbirlərin baş tutacağını söyləyib.
Ölkə rəhbərliyi səviyyəsində Nəsimi yaradıcılığına daim diqqət göstərildiyini deyən akademik 1973-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyinin UNESKO səviyyəsində qeyd olunduğunu bildirib. Qeyd edib ki, ümummilli liderin qətiyyəti sayəsində Bakıda Nəsiminin heykəli ucaldılıb, bədii film çəkilib, metro və rayon şairin adına adlandırılıb, onun əsərləri ana dilində kütləvi çap olunub.
Müstəqillik dövründə isə Prezident İlham Əliyevin imzaladığı sərəncamların şairin əsərlərinin çapında, dünyada təbliğində mühüm rol oynadığını söyləyən AMEA-nın vitse-prezidenti ölkə rəhbərliyinin təşəbbüsü ilə Nəsimi irsinin davamçısı Məhəmməd Cövdət Nəsiminin və ailəsinin Azərbaycana gəldiyini, ata-baba yurdu olan Şamaxı şəhərini ziyarət etdiklərini xatırladıb.
Sonra Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxış edərək rəhbərlik etdiyi müəssisə tərəfindən Nəsimi yaradıcılığının geniş tədqiq olunduğunu və şairin anadilli divanının iki nüsxəsinin surətinin əldə edildiyini bildirib.
Tədbirdə, həmçinin Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovun "Professor Cahangir Qəhrəmanovun nəsimişünaslıq fəaliyyəti", Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Yaqub Babayevin "Nəsimi poeziyasında insan konsepsiyası", Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, filologiya üzrə elmlər doktoru Laləzar Əlizadənin "Multikultural mühitdə formalaşan Nəsiminin poetik düşüncə tərzi, yaxud Nəsiminin "quş dili"" və Mirzağa Əliyev adına Mədəniyyət Evinin aparıcı mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Vərağa Almasovun "Nəsimi və Quran" mövzusunda məruzəsi dinlənilib.
Daha sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.
science.gov.az