Noyabrın 22-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA Humanitar Elmlər Bölməsinin (HEB) ümumi yığıncağı keçirilib. Tədbirdə bölmə üzvləri, bölməyə daxil olan elmi müəssisələrin rəhbərləri, elmi katibləri və digər aidiyyatı üzrə şəxslər iştirak ediblər. İştirakçılar əvvəlcə bölmənin tərkibinə daxil olan elmi tədqiqat müəssisələrinin nailiyyətlərini əks etdirən kitab və jurnallardan ibarət sərgi ilə tanış olublar.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bölməyə daxil olan elmi müəssisələrdə 2019-cu il ərzində görülmüş elmi-tədqiqat işləri və kadr məsələlərini müzakirə etmək üçün tədbiri açıq elan edib. Yığıncaqda bölməyə daxil olan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Folklor İnstitutu, Memarlıq və İncəsənət İnstitutu və Hüseyn Cavidin Ev Muzeyinin rəhbər və nümayəndələri illik hesabatlar üzrə məruzələrlə çıxış ediblər.

Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov hesabat ilində institutda Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin fərman, qərar və sərəncamlarının icrası istiqamətində məhsuldar iş aparıldığını bəyan edib.

Professor bildirib ki, “Nəsimi ili” çərçivəsində Əlyazmalar İnstitutunda elmi sessiya və Respublika Elmi Konfransı keçirilib, Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri aşkar olunub, Türkiyədən Nəsiminin anadilli divanının surəti əldə edilib, institutun alimləri şairin 650 illik yubileyi ilə əlaqədar respublikanın elm və təhsil müəssisələrində keçirilən bir sıra tədbirlərə qatılıblar. P.Kərimov akademik Teymur Kərimlinin “Nəsimi humanizminin ümumbəşəri əhəmiyyəti" mövzusunda etdiyi elmi məruzənin elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilidiyini vurğulayıb. Şairin yubileyi ilə əlaqədar akademik Teymur Kərimli və professor Paşa Kərimovun Serbiyada simpoziumda iştirakı və medallarla təltif olunmaları müəssisənin uğurları sırasında hesabatda təqdim olunub.

Paşa Kərimov ölkə başçısının sərəncamlarına uyğun olaraq cari ildə Əlyazmalar İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Cəfər Cabbarlının, Cəlil Məmmədquluzadənin və Həmid Araslının yubileyləri ilə əlaqədar əhəmiyyətli tədbirlərin keçirildiyini, araşdırmaların aparıldığını bildirib.

İnstitut əməkdaşlarının mühüm elmi tədqiqat işləri və nəşrlər, nüfuzlu xarici elmi məcmuələrdə, o cümlədən dörd alimin impakt faktorlu jurnallarda dərc olunmuş məqalələri, müəssisənin beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyətinin uğurlu olması, “Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnallarının UNESCO-nun Kommunikasiya və informasiya sektorunun reyestrinə daxil edilməsi də hesabatda əks olunub. Əlyazmalar İnstitutunun iki nəşri – akademik Teymur Kərimlinin “Çağdaşmız Nəsimi” monoqrafiyası və filologiya üzrə fəlsəfə doktoru Könül Bağırovanın elmi işçi Aytən İmanova ilə birgə tərtib etdiyi “Əli Nəzmi arxivinin təsviri” kitabları 2019-cu ilin mühüm elmi nəticələri olaraq təqdim olunub.

Məruzələr dinlənildikdən sonra müzakirələr aparılıb, fikirlər səsləndirilib.

Bölmənin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli 2019-cu il ərzində AMEA-nın elmi müəssisələrinin səmərəli fəaliyyət göstərdiklərini, uğurlu elmi nailiyyətlər əldə etdiklərini bildirib.

Yekun olaraq vitse-prezident İsa Həbibbəyli çıxış edərək bildirib ki, cari ildə elmi-tədqiqat planları və dövlət sərəncamlarından irəli gələn bütün tapşırıqlar bölməyə daxil olan müəssisələr tərəfindən layiqincə yerinə yetirilib.

manuscript.az