Fevralın 21-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda filologiya üzrə fəlsəfə doktoru Vərağa Almasov və ilahiyyatçı Hacı Həsən Hüseyninin birgə müəllifliyi ilə nəşr olunmuş “Nəsimidən nəsimlər” adlı kitabın təqdimatı keçirilib. Kitabın redaktoru Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Azadə Musabəylidir. Təqdimat mərasimini açan institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov bildirib ki, kitab böyük şairin 650 illik yubileyinə ithaf olunsa da, Nəsimi dühasının araşdırılması, şərhi yalnız bir ilə sığa bilməz, onun fəlsəfəsinə nə qədər dərindən baş vursaq da, yenə tapıntılar ortaya çıxacaq. Şairin poeziyasından bəhs açan P. Kərimov sözügedən nəşrdə dəyərli təhlillərin aparıldığını qeyd edib.

Kitabın rəyçilərindən biri, Əlyazmalar İnstitutunun “Kitabxana və elmi informasiya” şöbəsinin müdiri Qutiyera Cəfərova çıxışında bildirib ki, “Nəsimi ili” geridə qalsa da, bu kitab böyük şairin zəngin irsinin araşdırılması istiqamətində ən dəyərli töhfələrdəndir.

Nəsimi yaradıcılığından söz açan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı şairin yaradıcılığı haqqında aparılmış təhlillərə görə hər iki müəllifi, xüsusən də bu günlərdə 60 yaşı tamam olan Vərağa Salmanovu təbrik edib. Kitabın rəyçisi, institutun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli bildirib ki, öz dövründə Nəsimi qədər Quranı sistemli şəkildə şərh edən, dərindən bilən ikinci bir şair olmayıb və bu kitabda maraqlı məqamlardan biri odur ki, Nəsiminin Həzrət Əliyə olan münasibəti, Quranda əks olunan ümumbəşəri mövzularla bağlı fikirləri olduqca gözəl əks etdirilib. N.Məmmədli adıgedən kitabın Azərbaycan nəsimişünaslığnda Nəsimini Quran hafizi kimi, islam alimi kimi araşdıran uğurlu addımlardan biri kimi qiymətləndirib. Alim əlavə edib ki, burada şair yalnız irfani baxımdan deyil, poetik cəhətdən də dərin araşdırılıb. Kitabın digər rəyçisi – Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov çıxışında bildirib ki, Vərağa müəllim bu kitabda Nəsimini şumer dövründən tutmuş Xaqani, Nizami, hətta Şəhriyar kontekstində təhlil edib. O, şairin yaradıclığını bərabər surətdə həm dini, həm də elmi cəhətdən araşdırıb. Ə. Nəcəfov Quranın gözəl bilicisi Həsən Hüseyninin də şərhlərini yüksək qiymətləndirib. Çıxışçı onu da əlavə edib ki, bu kitabda hər iki müəllifin nəsimişünasların əməyinə hörmətlə yanaşdığı da açq-aydın görünür.

Digər çıxışçı, institutun Kitabxana və elmi informasiya şöbəsinin böyük elmi işçisi Mircəfər Seyidov kitabı Nəsimi yaradıcılığına yeni baxış kimi dəyərləndirib. Sonra söz Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Nəsib Göyüşova verilib. Nəsimi yaradıcılığından, onun dinlə əlaqəsindən məruzə edən alim kitabda təqdim olunan araşdırmaları yüksək qiymətləndirib, müəllifləri təbrik edib. N.Göyüşov həmçinin Vərağa Almasovu keçmiş mənəvi dəyərlərə bağlı bir şəxs olduğunu, fikirlərini ustalıqla yazıya köçürdüyünü vurğulayıb və sözügedən kitaba görə onu alqışlayıb.

Çıxışında Nəsimi yaradıcılığına böyük məhəbbət bəslədəyini söyləyən kitabı nəşrə hazırlayan və ön sözün müllifi, institutunun “Kitabxana və elmi informasiya” şöbəsinin böyük elmi işçisi Sona Xəyal bu kitabda həm Vərağa Almasovun, həm də Həsən Hüseyninin şairin yaradıcılığı ilə bağlı yanaşmalarının ilk dəfə təqdim olunduğunu bildirib. Sonda kitabın müəllifləri Vərağa Almasov və Hacı Həsən Hüseyni təqdimat mərasiminin təşkilinə görə Əlyazmalar İnstitutunun rəhbərliyinə və iştirakçılara öz təşəkkürlərini bildiriblər.

www.manuscript.az