"Varislər"in bugünkü qonağı ölümündən 50 ildən artıq zaman keçməsinə baxmayaraq şeirləri hələ də sevgi ilə xatırlanan, poeziyası ilə ədəbiyyatımıza yeni ruh, yeni nəfəs, yeni üslub gətirən şair Əli Kərimin oğlu, AMEA Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Əlioğludur.

1931-ci ilin yazında gəlmişdi dünyaya. Kasıb bir ailənin sakit, özünə qapalı oğlu idi. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olsa da, orada təhsilini davam edə bilmir. Universitet onu yataqxana ilə təmin etmədiyi üçün təhsilini Teatr İnstitutunun teatrşünaslıq fakültəsində davam etdirir, amma burada da qərar tuta bilmir və III kursdan Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutuna keçir.

Moskva mühiti onun dünyagörüşünə çox təsir edir və burada dövrünün xeyli məşhur qələm adamı ilə tanış olur. O, 1955-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib Bakıya qayıdır.

Çağdaşları da, sonra ədəbiyyata gələn neçə-neçə şair də onun kimi yazmaq istəyirdi və bu yolda uğur qazananlar da oldu, yolunu azıb yolda qalanlar da. Amma o, yaşadı. Ömrü 38 yaşında tamamlandı, həm özündən sonra qoyub getdiyi şeirləri, həm də bir insan, bir dost kimi xatirəsi ilə əbədiyyət qazandı. O, Azərbaycan şeirinin unudulmaz Əli Kərimi oldu. Onun varisi Paşa Kərimovla Əlyazmalar İnstitutunda görüşdük.

İlk kitabı Moskvada nəşr olunmuşdu

- İlk kitabı Moskvada nəşr edilmişdi. O dövrdə Moskvada çap olunmaq, özü də ilk kitabı çap olunmaq böyük üstünlük idi. Sonra eyni kitab Bakıda çap edildi. İlk kitabın Moskvada çap olunmasına səbəb nə idi?

- 1957-ci ildə Moskvada Gənclərin VI Beynəlxalq Festivalı keçirilmişdi və atamın "Üçüncü atlı" poeması orada mükafata layiq görülmüşdü. Ona görə kitab Moskvada nəşr olunmuşdu və kitabda şeirləri, həm də festivalda mükafata layiq görülmüş poema yer almışdı.

- 60-cı illərdə əksər müəlliflər seçilmək, fərqlənmək üçün sərbəst şeirə üz tuturdu və onlar həmin dövrün modernistləri idilər. Amma heç biri Əli Kərim qədər uğurlu ola bilmədi. O vaxt yaşınız az idi, lakin ola bilsin, xatırlayırsız, atanız özü gənclərin sərbəst şeirə meyillənməsinə necə yanaşırdı?

- Əgər atamın şeirlərini diqqətlə nəzərdən keçirsəz görərsiz ki, o, ancaq sərbəstdə yazmayıb. Onun hecada yazdığı çox uğurlu şeirləri var.

- Bilirəm, bu barədə ayrıca danışmaq istəyirdim, amma söz düşdüsə buyurun, davam edim.

- Yəni onu sırf sərbəstçi kimi tanımaq doğru deyil. Əli Kərimi yenilikçi və novartor kimi tanımaq daha yerində olar. Çünki o, hecada da yeni təfəkkür tərzi ilə düşünüb yazan şair idi.

- Dövrə nəzər salsaq görərik ki, o dövrdə hecada yazan kifayət qədər uğurlu imzalar olub, çünki heca bizə daha yaxındır, klassik şeir, folklor vəznidir. Əli Kərimin hecada yazdığı şeirlər qədər başqa şairlər də hecada uğurlu şeirlər yazırdılar, amma Əli Kərimin sərbəst şeirləri fərqlənirdi.

- Aydındır. Demək istəyirəm ki, onun imzası ədəbiyyatda fərdi yaradıcılıq üslubu ilə tanınır və fərdilik atamın hecada yazdığı şeirlərdə də var. O ki qaldı dediyiniz o sərbəstçilərə, xatırlayıram Adil Rəsul, Fikrət Qoca, Fikrət Sadıq, onlardan nisbətən gənclər Ələkbər Salahzadə, İsa İsmayılzadə, Camal Yusifzadə və başqaları bizim o vaxt Vaqif küçəsi-30 ünvanındakı yarızirzəmi evimizə tez-tez gəlib-gedirdilər və adlarını çəkdiyim adamlar yaradıcılıq cəhətdən Əli Kərimə yaxın adamlar idilər. Əli Kərimdən sonra Ə.Salahzadə, İ.İsmayılzadə və başqaları bu yolu uğurla davam etdirdilər. Amma məsələ ondadır ki, hər birinin özünün fərdi yaradıcılıq üslubu var. Sizə bir məsələni deyim: ümumiyyətlə, ciddi şairlərin hər birinin öz fərdi yaradıclıq üslubu olmalıdır. Amma Əli Kərimdən yazanların əksəriyyəti - Yaşar Qarayev, Rəsul Rza, Asif Əfəndiyev, akademik Tofiq Hacıyev, Vaqif və Cavanşir Yusiflilər və başqaları - onun fərdi yaradıcılıq üslubuna xüsusi diqqət ayırıblar.

Fərdi yaradıcılıq üslubu olan şair

- Burada qeyri-adi heç nə yoxdur, Paşa müəllim. Əli Kərim dedikdə elə fərdi və fərqli yaradıcılıq üslubu yada düşür...

- Aydındır. Deməyim odur ki, əgər belə ciddi ədəbiyyat adamları onun fərdi yaradıcılıq üslubuna bu qədər diqqət ayırırlarsa, demək, Əli Kərimin fərdi yaradıcılıq üslubu digər şairlərdən seçilir. Əslində, fərdi yaradıcılıq üslubu olmayan şairlər haqqında heç danışmağa da dəyməz. Adlarını çəkdiyim alimlər Əli Kərim haqqında yazarkən fərdi yaradıcılıq üslubu digərlərindən ciddi şəkildə fərqlənən bir imzadan söz açırlar.

Poetik ruhu tükənmişdimi nəsr yazmağa başladı?

- Əli Kərim şair kimi əvəzsiz idi. Belə gözəl və dillər əzbəri olan şeirlərin müəllifi nədən birdən-birə "Pillələr" romanı yazmaq fikrinə düşdü. Adətən, şeirdən nəsrə keçənlər poeziyada tükəndiklərini hiss etdikləri üçün hekayə, roman yazmağa başlayırlar.

- Yox, deməzdim "Pillələr" birdən-birə yaranıb. Bu roman ilk dəfə 1964-cü ildə "Azərbaycan" jurnalında çap olunmuşdu və böyük diskussiyalara səbəb olmuşdu.

- Məni maraqlandıran başqa şeydir. Nə oldu ki, Əli Kərim birdən-birə roman yazdı? Poetik ruhunun tükəndiyinimi hiss etmişdi?

- Yox, qətiyyən. Siz də qeyd elədiz, rəhmətlik akademik Tofiq Hacıyev də yazmışdı, "Pillələr" poetik üslubda yazılmış nəsrdir. Və Əli Kərimin nəsri tək "Pillələr"lə bitmir, onun hekayələri də var. "Mavi nəğmənin sahilində" adlı çox maraqlı povesti də var. Bu povest tam olmasa da, müəyyən qədər avtobioqrafik sayıla bilər, çünki burada Əli Kərimin atasının obrazı var. Burada onun gənclik illəri, Göyçayda yaşadığı dövr əks olunub. Üstəlik, öz obrazı da var. O, atasının obrazını "Pillələr" romanında da verib, şeirlərində də ata obrazı var. Ümumiyyətlə, onun yaradıcılığında avtobioqrafik meyillər güclüdür. Atam "Pillələr"dən sonra da çox yaxşı şeirlər yazıb, yəni tükənməkdən söhbət gedə bilməz.

O, Kafkanı çox sevirdi

- Əli Kərimin yaradıcılığında dünya ədəbiyyatının təsiri nə qədər idi?

- O, mənim yaddaşımda yazan adamdan daha çox oxuyan adam kimi qalıb. Çox güclü mütaliəsi vardı, rus dilində çox rahat oxuyurdu və dünya nəsrinə yaxından bələd idi. Sevdiyi müəlliflərin başında E.Heminquey dururdu. Folkneri, Remarkı oxuyurdu. H.Böllü, Kafkanı çox sevirdi və onların təsirini atamın nəsrində hiss edirəm. Bir dəfə Moskvadan gələndə özü ilə çoxlu kitab gətirmişdi. Rus dilini çöx gözəl bilir və rusdilli ədəbiyyatı çox sərbəst oxuyurdu. Dostların onun ətrafına toplaşmasının bir səbəbi də kitablar idi. Onlar birlikdə bu kitabları müzakirə edirdilər. O, bizə də, yaxınlarına da kitabı sevdirə bilirdi.

Əli Kərimin güclü yumor hissi vardı. Bir də görürdün otağı qəhqəhə alıb başına, gedib baxırdın, hamı uğunub gedib, bircə ondan başqa. Nəsə danışıb hamını güldürürdü, amma özünün heç dodağı da tərpənmirdi. Bu yumor hissi onun bütün yaradıcılığında var.

Əli Kərim haqqında xeyli kitab yazılıb. Feyzi Mustafayevin "Dinmə, ey kədər" və Altay Məmmədovun "Tanıdığım Əli Kərim" kitablarını qeyd etmək istəyirəm. Həmin kitablardan da atamın xarakterini aydın təsəvvür etmək mümkündür. Sakit adam idi, amma yeri gələndə elə bu sakitliyini, təmkinini qoruyaraq mahiyyəti açıb deyə bilirdi.

- Ailənin böyük övladı sizsiz. Sizdən başqa iki qardaşınız - Azər və Orxan - var. Allah Orxan müəllimə rəhmət eləsin, çox gənc yaşında dünyadan getdi, ruhu şad olsun. Paşa müəllim, siz atanızı 10 yaşınız olanda itirmisiz. Atadan sonra böyük qardaş olmaq, evin böyük övladı olmaq necə idi.

- Bir qardaşım Orxan iqtisadçı idi, ortancıl qardaşım riyaziyyatçıdır, mənsə ədəbiyyatı seçdim. Mənim ədəbiyyatı seçməyimin səbəbi atamın kitabları, ədəbiyyatı mənə sevdirməsi idi. Bəlkə də elə ailənin böyük övladı olduğuma görə mühüm bir vəzifəni öz üzərimə götürdüm - Əli Kərim ədəbi irsinin nəşri. Əslinə qalsa, elə onun irsini araşdıranlardan biri də mənəm. Kiminsə bir müəllif haqqında yazıb-yazmamasından asılı olmayaraq - əlbəttə, yazmaqları çox yaxşıdır - ən vacib olan məsələlər həmin müəllifin əsərlərinin və xatirələrinin çap olunmasıdır. Ömrüm boyu atamın əsərlərinin çapı ilə məşğul oldum. Varis kimi borcumu bunda görürdüm və bunu da elədim.

Bu mənim üçün çox çətin bir iş idi, çünki atam yaradıcılığa çox həssas yanaşırdı və o, dünyasını dəyişdikdən sonra xeyli çap edilməmiş əlyazması üzə çıxdı, onları çapa hazırlamaq məsuliyyət tələb edirdi. Yəni onun ölümündən sonra bir neçə kitabı çıxdı ki, sağlığında çap olunmamışdı. Elə əsərlərini çap etməzdən əvvəl özümüzə sual verirdik: "O özü bunu çap etdirərdimi?!". Biz onun yaradıcılığına həm də bu meyarla yanaşdıq.

Varis olmağımın yükünü daha çox bunda gördüm

- Ümumiyyətlə, Əli Kərimin oğlu olmaq həyatda sizə nə verdi? Bu sizə müəyyən yollar açdı, yoxsa mane oldu? Yəni Əli Kərimin oğlu olmaqla fərqli nə qazandınız? Söhbət birbaşa sizin şəxsi həyatınızdan gedir.

- Yaşadığımız dövrdə insanların hansı meyarlarına görə dəyərləndirildiyini siz də bilirsiz. Yəni yazıçı, şair övladı olmağın bu dövrdə elə bir xüsusi üstünlüyü yoxdur.

- Amma o dövrdə var idi axı...

- O dövrdə şeirə, ümumiyyətlə, ədəbiyyata olan hörmət və məhəbbət şairin, yazıçının övladına da bir növ dəstək olurdu. Sizə bir şey deyim: Əli Kərim çox danışan adam deyildi, tənhalığı sevirdi. Məclislərdə də çox danışmırdı. Birdən hansısa şeirin ilk misraları yaranırdı və kənara çəkilib öz aləminə qapılırdı. Sükut və xəyal psixologiyası. Yəqin, şair elə belə olmalıdır. Amma dünyasını dəyişəndın sonra gördüm, bu sakit adamın çoxlu dostu var imiş. Artıq xeyli vaxt ötüb və həmin dostların çoxu vəfat edib. Lakin onu sevirdilər bu adamlar. Atam susqunluğu, xəyalpərəstliyi və bayaq dediyim kimi, yerində işlətdiyi yumoru ilə özünü sevdirə bilmişdi.

- Bayaq dediz ki, dostları tez-tez evə gəlib-gedirdilər. Yəqin, evdə tez-tez süfrə açılır, yeyib-içmək məclisləri də qurulurdu...

- Yeyib-içmək məclislərindən daha çox söz, ədəbiyyat məclisləri qurulurdu. Axı elə güclü imkanları da yox idi, cavan idi hamısı.

Bir yaş böyük olsa da atama ustad deyirdi

- Bilirsiz nə soruşmaq istəyirəm: həmin məclislərdə daha çox hansı dostun, yəni konkret olaraq kimin səsi qulaqlarınızda qalıb?

- Altay Məmmədovun səsi. Gəncədə yaşayırdı, gözəl dramaturq və nasir idi. Bax, Altay müəllim də sakit təbiətli adam idi, amma o da özünü sevdirə bilmişdi. Şagirdləri, müəllim kollektivi onu çox istəyirdi. Atam dünyasını dəyişəndən sonra da Altay müəllim bizi unutmadı, həmişə gəlib-gedir, əlaqə saxlayırdı. Elə mən də Altay müəllimin ailəsinin xeyrində-şərində iştirak etməyə çalışıram. Əli Kərim yoxdur, Altay müəllim yoxdur, amma övladlar, ailələr arasında əlaqələr qalıb. Sonra öz xarakterinə, səsinə, danışığına görə də Əli Kərimə oxşayan, onun kimi sakitliyi sevən Adil Rəsulun səsi qulaqlarımdadır. Mirzə Babayevin ifasında məşhur "Limanda" mahnısının sözləri onun idi. Fikrət Sadıq... atamdan 1 yaş böyük olsa da, ondan sonra ədəbiyyata gəlsə də, Əli Kərimi özünə ustad sayırdı. Atif Zeynallını da xatırlaya bilərəm. Açığını deyim ki, onlar dünyadan köçəndə elə bilmişəm ən yaxın adamlarımdan kimisə itirirəm.

- Bir qədər əvvəl dediniz ki, Əli Kərimin şeirləri daha çox avtobioqrafik xarakter daşıyır. Belə çıxır ki, "Qaytar ana borcunu" şeiri də avtobioqrafikdir? Elə isə bu şeirin qəhrəmanının prototipi kimdir?

- Avtobioqrafik də demək olar. Əli Kərimin yaxın bir dostu vardı, prototip onun qardaşıdır. Amma bu, bir nəfəri nəzərə almaqla yazılan şeir deyil. 1950-ci illərdə kəndlərdən, rayonlardan şəhərə gənclərin böyük axını vardı, təhsil almaq, iş tapmaq üçün gəlir, sonra qəbul olsalar da, olmasalar da, iş tapsalar da, tapmasalar da şəhərdə qalırdılar. Sonradan onların çoxu "Qaytar ana borcunu"n qəhrəmanına çevrilirdi. Mən həmin şeirin konkret prototipini tanıyırdım.

Rəsul Rza ilə həmyerli idi

- Müxtəlif yazılarda Əli Kərimin ədəbi camedə tanınmasında, qəbul olunmasında, müəyyən mənada üzə çıxmasında Xalq şairi Rəsul Rzanın adı və nüfuzu hallanır. Əli Kərimin Rəsul Rzaya münasibəti necə idi və burada yerliçilikdən doğan doğmalıq olubmu? Yəni Rəsul müəllim və Əli Kərim göyçaylı idilər...

- Rəsul Rzaya münasibəti çox yaxşı idi. Deyə bilmərəm yerliçilik nə dərəcədə rol oynayıb, amma bayaq dedik ki, Əli Kərim anadan istedadlı doğulmuşdu. Bir istedadlı adama kömək etmək böyüklük göstəricisidir. Atam ağsaqqallara, özündən böyüklərə çox hörmətlə yanaşırdı. Yaşlı şairlərimizin arasında yazı üslubları fərqli də olsa Rəsul Rza ilə Əhməd Cəmilə böyük hörməti vardı. Üstəlik, Rəsul Rza ilə onları həm də ruh yaxınlığı birləşdirirdi, ikisi də sərbəstdə yazırdı. Atam Rəsul Rzanın 50 illiyinə gözəl bir şeir də həsr eləmişdi. Əslinə qalsa, Rəsul Rza böyük düşünən adam olub, inanmıram yerliçilik nəsə rol oynaya, sadəcə, Əli Kərimin istedadını görüb və ona dəstək olub.

Ümumiyyətlə, atamı köhnə kişilərin həyat tərzi, davranışı çox maraqlandırırdı. Bir Məmməd Əkbər vardı, uzun illər redaksiyalarda, nəşriyyatlarda mürəttib işləmişdi, yaşlı adam idi, Cavidi, C.Məmmədquluzadəni, M.S.Ordubadini görmüşdü. Onunla uzun-uzun söhbətlər edirdi, Cavidin, Mirzə Cəlilin xasiyyətini, davranışını soruşurdu.

- Paşa müəllim, sizə bir sumqayıtlını maraqlandıran sual vermək istəyirəm. Sumqayıtda doğulub-böyümüşəm, mənim üçün xüsusilə maraqlıdır. Uzun illərdir Sumqayıtda Əli Kərim adına poeziya klubu fəaliyyət göstərir və son illər şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov klubun fəaliyyəti üçün çox gözəl bir bina ayırıb. Əlaqəniz varmı həmin klubla? Bir də... ümumiyyətlə, müəyyən məqamlarda Sumqayıt və Əli Kərim adı assosiasiya doğurur. Biri 70 yaşı olsa belə hələ də gənclik şəhəri kimi xatırlanan, biri də elə 38 yaşında əbədi olaraq gənc qalan Əli Kərim...

- Əvvəllər olurdum. Vaqif İbrahimin sağlığında müxtəlif görüşlərə dəvət edirdilər. Bəli, yeni, gözəl bina ayrılmasından da xəbərim var. Təəssüf ki, son illərdə nəsə dəvət olunmuram. O ki qaldı Sumqayıta, elə mən özüm də Sumqayıtı çox sevirəm, çünki atam da Sumqayıtı çox sevib, orada dostları olub - Feyzi Mustafayev, Vaqif İbrahim, Əşrəf Veysəlli və başqaları. Atam dəfələrlə məni də özü ilə Sumqayıta aparıb görüşlərə gedirdi. Atamdan sonra da mənim Sumqayıta münasibətim həmişə doğma olub.

- Özünüz necə, bu gün Əli Kərimin şeirlərini oxuyursuz və zaman keçdikcə o şeirlər sizin üşün adiləşmir ki?

- Məncə, Əli Kərimin şeirləri heç vaxt adiləşə bilməz. İki əsrdə yaşayan bir insanam və bu şeirlər mənim təfəkkürümə çox yaxındır. Mənə elə gəlir ki, təkcə mən bu fikirdə deyiləm. Ola bilsin gənclər ədəbiyyatı bir o qədər oxumurlar, amma ədəbiyyatdan az-çox başı çıxanlar üçün Əli Kərim heç vaxt adiləşə bilməz. Bunu təkcə Əli Kərimin oğlu olduğum üçün demirəm. Ədəbiyyatşünasam və mənə hər şeyi bəyəndirmək o qədər də asan deyil. Formalaşmış bədii zövqüm var. Əli Kərimin şeirlərinin əksəriyyəti beynimdə yaşayır, amma buna baxmayaraq yenə o şeirləri açıb oxuyuram və onun həyatdan olan istəyini hələ indi, yavaş-yavaş dərk edə bilirəm.

- Sağlığında şöhrət və sərvət zirvəsinə çıxan elə adamlar var ki, həyatdan gedən kimi unudulur. Amma Əli Kərim 50 ildən artıqdır həyatda yoxdur və hələ də xatırlanır, sevilir. Həyat fanidir və bir gün biz də dünyanı tərk edəcəyik amma həyat üçün elə bir resept varmı ki unudulmayasan, yaddaşlarda sevilərək qalasan. Siz necə, dünyadan gedəndən sonra xatırlanacağınıza əminsiz?

Bir gün o dünyada üz-üzə gələcəksiz...

- Bilirsiz necədir? Biz bir şeydə xoşbəxt adamlarıq, çünki Əli Kərim kimi heç bir dəstəyi olmayan adamın həyatda öz yerini tapa bilməsinin və qısa ömür yaşayıb həyatdan getsə də, əbədiyyət qazandığının şahidiyik. Bunu Müşfiq haqqında da, dünyanın müxtəlif yerlərində yaşayan və əbədiyyət qazanan adamlar haqqında da demək olar. Ədəbiyyat bu cəhətdən həm yaxşı meydandır, həm də çox qəddar yerdir. Bu meydanda ancaq istedadlılar əbədi yaşayır. Atama bu xoşbəxtlik nəsib olduğuna görə mən də özümü xoşbəxt hesab edirəm, çünki onun adı ilə bir yerdə biz də yaşayacağıq.

- Otaqda tək qalanda, yorulanda, sıxılanda Əli Kərimin hansı şeiri keçir beyninizdən? Onun hansı misralarını daha çox pıçıldayırsız?

- Çox şeirini... Hər ovqatın öz şeiri var, bəlkə də. Ailəmə, övladlarıma tez-tez dediyim misralar budur:

"Sevgisi də soyuq idi

təzə əkini hər bəladan

hifz eləyən qalın qar kimi...".

Yəni sevgi əkini - münasibətləri saxlamaq üçün soyuqdur və ata məhəbbəti də belə olmalıdır. Bu misraları övladlarım da əzbər bilir.

- O dünyaya inanırsız?

- İnanıram...

- Bir qədər əvvəl də dedik, həyat fanidir və gec-tez hamımız bu dünyadan gedəcəyik. Və sevdiklərimizin çoxu haqq dünyasındadır. O dünyada Əli Kərimlə görşüsəndə ona nə deyəcəksiz?

- Məncə, Əli Kərimlə o dünyada qarşılaşsaq belə başa düşəcəyəm ki, mən də yaxşı tərəfdəyəm, yəni cəzalandırılan tərəfdə deyiləm. Və mənə elə gəlir ki, görüşsək uzun müddət hər ikimiz susacağıq, sonra kim ilk sözü deyəcək, kim danışmağa başlayacaq, deyə bilmərəm... Çünki Əli Kərim demək istədiyi sözlərin çoxunu elə üzünün ifadəsi ilə deyirdi. Mənimsə qəribə xüsusiyyətim var, ürəyimcə olmayan adama münasibətim o anda sifətimdən oxunur...

Söhbətləşdi: Əyyub QİYAS

edebiyyatqazeti.az