2020-ci il mart ayının 5-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində RETƏŞ nəzdində Klassik ədəbi irs və folklorşünaslıq üzrə elmi şuranın ilk iclası keçirilib.
İclası şuranın sədri akademik Rafael Hüseynov açaraq şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib.
Akademik Rafael Hüseynov son dövrlərdə humanitar elm sahəsində ciddi irəliləyişlərin, böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb. O humanitar elmin prioritet istiqamətlərində araşdırmaların aparılması, mövzuların miqyasının genişləndirilməsi, yeni tədqiqatların müasir dünya elminin tələblərinə uyğunlaşmasının zəruriliyini qeyd edib.
Daha sonra şura sədri mövcud şuranın fəaliyyətinin elmi istiqamətlər üzrə elmi şuralar haqqında yeni Əsasnamə ilə tənzimləndiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.
Gündəlikdəki növbəti məsələ doktorant və dissertantların tədqiqat mövzularının müzakirəsi və təsdiqi olub.
Şuraya təqdim edilən mövzulardan elmlər doktorluğu hazırlığı üzrə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Şirinova Rübabə Bahadır qızının “XVII-XIX əsrlərə aid dini-fəlsəfi əlyazma mətnlərinin paleoqrafik xüsusiyyətləri və müqayisəli tədqiqi” mövzusunda araşdırma materialının dil baxımından əhatəsi dəqiqləşdirilərək “XVII-XIX əsrlərə aid ərəbdilli dini-fəlsəfi əlyazma mətnlərinin paleoqrafik xüsusiyyətləri və müqayisəli tədqiqi” şəklində qeydə alınmışdır.
Elmlər doktorluğu hazırlığı üzrə təqdim edilən ikinci iş – AMEA Gəncə Bölməsinin dissertantı Tağıyeva Aləmzər Tofiq qızının “Nizami Gəncəvinin həyat və yaradıcılığı rus elmi-nəzəri fikrində” mövzusunun tədqiqat obyekti kimi müəyyən edilmiş problemi elmlər doktorluğu üçün bəsit olduğundan təsdiqlənməmiş, dissertanta müvafiq tövsiyyələr verilərək mövzusunun qeydiyyata alınması növbəti iclasa saxlanılmışdır.
Fəlsəfə doktorluğu proqramı üzrə müraciət etmiş şəxslərdən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Bəkirov Novruz Kamal oğlunun “Molla Cümə əsərlərinin əlyazma nüsxələrinin müqayisəli-tekstoloji tədqiqi”, AMEA Folklor İnstitutunun doktorantı Yusifova Ülkər Surxay qızının “Azərbaycan folklorunda dərviş obrazının tipologiyası” mövzuları olduğu kimi qeydiyyata alınmışdır.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı Quliyeva Samirə Həsən qızının “Azərbaycan ədəbiyyatında felyeton janrının səciyyəvi xüsusiyyətləri (XX əsrin əvvəllərinin dövri mətbuat materialları əsasında)” mövzusu konkretləşdirilərək “XX əsrin əvvəllərinin Azərbaycan mətbuatında dərc edilmiş felyetonların təsnifatı və səciyyəvi xüsusiyyətləri” kimi təsdiq edilmişdir.
Bakı Dövlət Universitetinin doktorantı Qurban Aynurə Azər qızının “Məhəbbət dastanlarının formalaşmasında yazılı ədəbiyyatın rolu (“Leyli və Məcnun”, “Fərhad və Şirin” dastanları əsasında)” və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı Quliyeva Leyla İbrahim qızının “Müasir ingilis ədəbiyyatşünaslığında Nizami irsinin öyrənilməsi” mövzularının plan-prospektlərində müəyyən dəyişikliklər aparılması tövsiyyə edilərək qeydiyyata alınmışdır.
Müzakirələrdə şuranın sədr müavini fil.ü.e.d., prof. Mehdi Kazımov, şuranın katibi fil.ü.e.d., prof. Aida Qasımova ilə yanaşı üzvlərdənAMEA-nın müxbir üzvü Nüşabə Araslı, filologiya üzrə elmlər doktorları, professorlar Şəfəq Əlibəyli, Kamil Allahyarov, Azadə Musayeva, Tofiq Məlikov, Paşa Kərimov, Seyfəddin Rzasoy, Tərlan Quliyev, Kamandar Şərifov da iştirak ediblər.