Məlum olduğu kimi, martın 28-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakıda bütün müasir standartlara cavab verən “Yeni klinika”nın açılışı olub. Açılışda Prezident İlham Əliyev bu gün bütün dünyada koronavirus (COVİD-19) ilə mübarizədə ön cərgədə gedən, yorulmadan gecə-gündüz çalışan, həyatlarını risk altına atan həkimləri alqışladığını, onlara inandığını və güvəndiyini bildirib.

Prezident eyni zamanda geniş ictimaiyyəti də həkimlərimizi dəstəkləməyə, sosial məsuliyyət aksiyalarına qoşulmağa çağırıb: “Azərbaycan həkimləri xalqımıza xas ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və həyatlarını risk altına ataraq, xəstələrə xidmət göstərirlər. Həkimlər ən yüksək qiymətə layiqdirlər. Bu ağır günlərdə həkimlərimizin əməyi, fədakarlığı yüksək qiymətləndirilir, onlara həmrəylik və dəstək göstərmək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək.”

AMEA Əlyazmalar İnstitutunun rəhbərliyi və kollektivi də koronavirus infeksiyası ilə mübarizə üzrə fəaliyyət sahəsində sosial dəstək nümunəsi göstərərək müxtəlif tibb məntəqələrində və karantin mərkəzlərində həyatlarını riskə ataraq fədakarlıqla öz vəzifə borclarını yerinə yetirən həkim və tibb işçilərimizə bu məsuliyyətli işdə uğurlar arzulayır, təşəkkürlərini çatdırır, Prezidentin “Azərbaycan həkimlərinə eşq olsun!” şüarına qoşulur.

manuscript.az