Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri məlum səbəblərdən sosial izolyasiya dövründə növbədənkənar məzuniyyətdə olduqlarından asudə vaxtını dəyərləndirərək yaradıcılıqlarını evdə də davam etdirirlər. Bu günlərdə Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov və “Farsdilli əlyazmaların tədqiqi” şöbəsinin elmi işçisi Rauf Şeyxzamanlı Fətəli bəyin şeirlər toplusunu nəşrə hazırlamışlar. Nəşrə geniş ön söz yazılmışdır. Qeyd edək ki, müəllifin farsca şeirlərini dilimizə Paşa Kərimov tərcümə etmişdir. Kitabın elmi redaktorları filologiya elmləri doktoru Xəlil Yusifli və böyük elmi işçi, şərqşünas Mustafa Əliyevdir. Əsər və onun müəllifi haqqında qısa məlumatı sizə təqdim edirik.

XÜLASƏ:

Haqqında çox az məlumata malik olduğunuz, əsərləri indiyədək çap edilməmiş şairlərimizdən biri də Gəncə xanı Cavad xanın qardaşı Fətəli bəy Ziyadoğlu Hali Gəncəvidir. Əldə edilən yeni mənbələr göstərir ki, Fətəli bəy dövrünün bir sıra siyasi, hərbi hadisələrində iştirak etmiş, Gəncə 1804-cü ilin 3 yanvarında çar Rusiyası ordusu tərəfindən işğal edildikdən sonra Cavad xanın ailəsi ilə birlikdə İrana köçmüş, “Hali” təxəllüsü ilə Azərbaycan türkcəsində və fars dilində şeirlər yazmışdır. Gəncənin işğalından sonra şahzadə Abbas Mirzənin başçılıq etdiyi ordunun tərkibində çar Rusiyasına qarşı döyüşmüş Fətəli bəy Təbrizdə, İranda hörmətlə qarşılanmış, şeirləri ilə tanınmış, 1825-ci ildə xəstələnərək vəfat etmişdir. Fətəli bəyin şeirlər toplusu AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanmaqdadır. Buraya şairin 37 qəzəl, 1 qəsidə, 11 məsnəvi, 17 qitə, 20 nəzm və 5 rübaisi daxil edilib. Bunlardan 1 qəzəl, 2 məsnəvi, 5 qitə və bir nəzm fars, digər şeirlər Azərbaycan türkcəsindədir. Halinin əlimizə gəlib çatmış şeirlərinin mövzu dairəsi kifayət qədər genişdir. O, şeirlərində dövründə baş vermiş bəzi hadisələri xatırlamış, ömrünün payızından, qocalıqdan danışmış, bir sıra müasirlərinə şeirlər, mənzum məktublar, həcvlər yazmış, didaktik nəsihətamiz fikirlərini ifadə etmişdir. Nəhayət, öz həyatından, məişət ehtiyaclarından bəhs etmişdir. Fətəli bəy Təbrizdə ictimaiyyət arasında Şimali Azərbaycanı təmsil etmişdir. Onun orada Şimali Azərbaycan, Gəncə, Qarabağ həsrəti ilə yazdığı şeirləri böyük maraq doğurur. Fətəli bəy Hali Gəncənin şeirlərinin çətin oxunan şikəstə-nəstəliq xətti ilə köçürülməsi, burada yol verilən bir sıra imla xətaları, şairin əsərlərini nəşr etdirməyə, onun ədəbi irsi haqqında ətraflı fikir söyləməyə mane olurdu.

Əlyazmalar İnstitutunun facebook səhifəsi