Əvvəli: https://edebiyyatqazeti.az/news/diger/5688-cavad-xanin-qardasi-fetheli-bey-hali-gencevi-ve-onun-poetik-yaradiciligi
Ölkənin ikiyə bölünməsindən sonra Şimali və Cənubi Azərbaycanın siyasi-iqtisadi, ictimai-mədəni həyatında fərqlər get-gedə özünü daha artıq dərəcədə göstərməyə başladı. Lakin müəyyən əlaqələr qalmışdı. Həyatı həm şimal, həm cənubla bağlı şəxsiyyətlərdən biri olan Fəthəli bəy Təbrizdə yerli ictimaiyyət arasında quzeyi təmsil edirdi. Onun əlimizə çatan şeirlər toplusunun Cənubda yazıldığı qənaətinə gəlirik. Bu məcmuənin əsasən çox çətin oxunan şikəstə-nəstəliq xətti ilə köçürülməsi, burada yol verilən bir sıra imla xətaları şairin ədəbi irsi haqqında mümkün qədər ətraflı fikir söyləməyə imkan vermirdi. Hazırda şairin topludakı türkcə və farsca bütün əsərlərini oxuduqdan sonra onun yaradıcılığı barədə daha çox söz deyə bilərik.
Şəhid Cavad xanın qardaşı, Rus-İran müharibələrinin iştirakçısı, Qacar qoşunlarının komandanı Abbas Mirzənin silahdaşı, özü də Qacar nəslinə mənsub olan Fəthəli bəyə Təbrizdə xüsusi hörmət var idi. Şeirlərindən birində Hali İran qoşunlarının ruslardan müdafiə olunan Səlim xana yardımı üçün Şirvana gəlməsini, Gəncə ətrafında döyüşdüyünü, Körpü savaşını xatırladır, Kürəkçay ətrafında olduğundan, "sipahi-şər" ("şər qoşunu") adlandırdığı rus qoşunları ilə döyüşdüyündən danışır:
Ol bənəm Gəncə hüdudunda urub atəşi-qəhr,
Dəmi-tiğimdə axıtdım neçə yol rudi-Kürək.
Dəfaətilə bənəm qala qabağında edən
Nizədarani-sipahi-şər ilə cəngü cəbək
Şair Təbrizdə yaşayarkən Şimal həsrəti ilə yaşamış, bu həsrəti şeirlərində ifadə etmişdir. Bir qəzəlində Qarabağa gedən olsa, ondan moruq gətirməsini xahiş edir:
Məzaqi-canimi səfrayi-möhnət təlx edib,
Qarabağa gedən olsa, de kim, qədri moruq göndər.
Şimali Azərbaycanda yaşayan Haşim adlı şəxsə ünvanladığı şeirində Fəthəli bəy quzeyli dost-tanışlarının, bu diyarın həsrətini çəkdiyini, vətənimizi ikiyə ayıran Araz çayına baxarkən gözlərindən Araz qədər yaş axıtdığını deyir. Fikrimizcə, bu şeir həmin dövr azərbaycanlılarının, xüsusilə də ziyalıların əhval-ruhiyyəsini bariz şəkildə əks etdirməkdədir:
Bir zaman yari-mehriban, Haşim,
Yad ol əhd, ol zəman, Haşim.
Həsrəti-ləli-abdarından,
Bağrım olmuş həmz qan, Haşim.
Dərməndəm, dəvayi-dərdi-diləm,
Dürci-ləlində var güman, Haşim.
Seyri-tərəfi-Ərəs sən eylərsən,
Bən Ərəs didədən rəvan, Haşim.
Bəzi tədqiqatçılar XIX əsr poeziyamızda Azərbaycanın ikiyə bölünməsinə münasibət bildirən əsərlərin az olduğunu qeyd edirlər. Fikrimizcə, ölkəmizdə və xarici kitabxanalarda saxlanan yazılı abidələrimiz, əlyazmalarımız daha ətraflı araşdırıldıqca aşkar edilən bu mövzuda yazılmış şeirlərin sayı artacaqdır.
Klassik irsin ənənələrindən bəhrələnən XIX əsr Azərbaycan ədəbiyyatında yeni dövrün, ictimai-siyasi şəraitin tələbi ilə yeni təmayüllər özünü göstərirdi. Poeziyada dünyəvi məhəbbətin tərənnümü, ictimai problemlərin əksi, cəmiyyətdəki haqsızlıqların, hakim təbəqələrin özbaşınalıqlarının tənqidi, zəhmətkeş, yoxsul insanların ağır vəziyyətinin təsviri, satira get-gedə daha artıq dərəcədə özünə yer alırdı. Şairlərin müxtəlif janrlarda yazdıqları əsərlərdə konkret tarixi hadisələrin, gündəlik həyatın, məişətin, insanlar arasındakı şəxsi münasibətlərinin təsviri daha geniş ifadəsini tapırdı. Sayı artmış mənzum məktublarda əhvalpürsanlıq, gündəlik ehtiyaclar, adi, sıravi insanların problemləri əksini tapırdı, bu əsərlərdə şair kimdənsə, daha imkanlı şəxsdən pul, məişət əşyası, ərzaq istəyə bilərdi. Bu mövzularda yazılan şeirlər XIX əsr həyatını və məişətini daha dəqiq, düzgün təsəvvür etməyimizə kömək edir. Sadalanan meyillər Fəthəli bəyin şeirlərində də özünü göstərməkdədir.
Ərəb-fars söz və ifadələrinin çoxluğu Halinin bir sıra şeirlərini müasir oxucular üçün anlaşılmaz edir. Lakin onun sadə, danışıq dilinə yaxın bir dildə yazdığı şeirləri də vardır. Şairin aşağıda bir hissəsini örnək gətirdiyimiz şeiri Füzulinin məşhur qəzəlinə nəzirədir.
Urdu atəşi-ələmi-hicr bizim canimizə
Basmadı yar qədəm külbeyi-ehzanimizə,
Ey ki, cəmiyyəti-əsbabilə halın xoşdur
Rəhm qıl, rəhm bizim hali-pərişanimizə.
Hali şeirlərindən birində göz yaşlarına görə sevgilisindən üzrxahlıq edərək deyir ki, şeh də sudur və o, lalənin, qızılgülün gözəlliyinə zərər yetirməz:
Gözüm sirişki rüxsarə qarşü mə`n etmə,
Səfayi-laləvü gül kəm olurum jalə ilən.
Şair məşuqədən ayrılığı cəhənnəmdən də betər sayır. Ona görə hicran əzabı çəkən üçün cəhənnəm də bir cənnətdir:
Afəti-hicran görən çəkməz cəhənnəm qorxusun,
Duzəxi cənnət bilür hər fariğ ol həngamədən.
Fəthəli bəyin bir sıra məhəbbət şeirlərində aşiq sevgilisinə ürək sözlərini sadə, gündəlik danışıq dilində izhar edir:
Ey sərvi-rəvan, haçan gəlirsən?
Key qüvvəti-can, haçan gəlirsən?
Getdi, getdi təvanü tabım,
Ey tabü təvan haçan gəlirsən?
Halinin lirik qəhrəmanının sevgilisinə üz tutaraq dediyi sözlər səmimiyyəti ilə diqqəti cəlb edir. Gözəl ondan nə üçün bu hala düşdüyünü soruşur. Aşiq isə o qədər halsızdır ki, ona cavab verməyə belə özündə qüvvət tapa bilmir:
Kim səni eyləmiş şikəstə-dedin,
Qalmıyıb qüdrətim cavabımıza...
Demə Hali bənə degil bəndə
Taqətü tab yox itabımıza.
Başqa bir şeirdə aşiq şikayət edir ki, bir gözəli sevdiyinə görə dəyişmiş, tamam başqa adam olmuşdur. Məşuqənin bunu görməməsi, laqeydliyi, onu tamamilə pərişan etmişdir:
Nur idim şimdi Süleyman oldum,
Çün gədayi-dəri-sultan oldum.
Oldum əfsaneyi-aləm, ol gül,
Nə üçün bilmədi, nalan oldum.
XIX əsr şairləri arasında həcv yazmaq kifayət qədər geniş yayılmışdı. Tədqiqatçılar haqlı olaraq göstərirlər ki, dövrün bir sıra həcvləri ictimai tənqid səciyyəsi daşıdığına görə satira səviyyəsinə yüksəldiyi halda, bir çoxları da şəxsi münasibətlərə görə yazılırdı, belə şeirlərdə təhqiramiz sözlər də işlədilirdi. Maraqlıdır ki, Hali əsrin bəzi şairləri (məsələn, S.Ə.Şirvani) kimi həcv yazmağı bəyənmədiyini bildirdiyi halda həcv yazmışdır. Şair məsnəvi formasında yazdığı bir şeirində başqalarının eyibini söyləməyi, həcv yazmağı məsləhət görmür:
Tərki-tənz eylə, hərzəgu olma,
Pərdə çək nöqsə, eybacu olma.
Buna baxmayaraq Fəthəli bəyin də həcvləri vardır. Onun Dövlətabadiyə yazdığı həcvdən görünür ki, bu şeir həmin adamın nankorluq edərək başqalarına yazdığı həcvə cavab olaraq yazılmışdır. Müəllif təhqiramiz ifadələr işlətsə də, bu şeiri satira kimi də qəbul etmək olar. Söhbət riyakar adamdan, özünü mötəbər din adamı kimi göstərib yaramaz əməllərlə məşğul olan şəxsdən gedir:
Ey kələmbəş Dövlətabadi,
Köhnə yoldaş Dövlətabadi.
Rişinə, qəbzədən ki, artıqdır,
Tüf, bəktaş Dövlətabadi,
Olma bədgu, dutar səni bir gün,
Nəməkü aş, Dövlətabadi.
Mövləvi şal başa qoymuş özü
Cüzvi-ovbaş Dövlətabadi.
Başqa bir şeirində Fəthəli bəy həmişə yalan danışan riyakar bir şəxsi tənqid edir:
Doğru söz, çünki kəsilmiş dilinə gəlməz heç,
Dedigin olsa ki, gün çıxdı, yalantək görürəm.
Fəthəli bəyin nə qədər yaşadığını bilməsək də, onun 1825-ci ildə Təbrizdə vəfat etdiyi barədə məlumatımız vardır. Göründüyü kimi, doğma şəhəri Gəncədən 1804-cü ildə çıxdıqdan sonra o, 21 il yaşamışdır. Şeirlərindən bəzilərini ixtiyar yaşında yazdığını görürük. Halinin qocalığa həsr etdiyi şeirləri, beytləri diqqəti cəlb edir. Şeirlərindən birində o, həmyaşlarının dünyanı tərk etdiyini, özünün isə hələ ki yaşadığını deyir:
Həmrəhan yetdi mənzilə, qaldım,
Səndə, Hali, necə hünərdir bu.
Şair belə hesab edir ki, saçların ağarması, bədənin zəifləməsi artıq dünyanı tərk etmək vaxtının gəldiyindən xəbər verir:
Baş ağarmaq, göz qaralmaq ba qədi-xəm rəmzdir,
Haliya çıxmaq gərək bu təngna dəhlizdən.
Beytdəki bu dünya demək olan "təngna dəhliz" ifadəsi ilə istiarə yaradılmışdır. Burada ifadə edilən fikir XVII əsrdə yaşamış böyük şairimiz Saib Təbrizinin (1601-1677) "Ömür keçdi, səfər əsbabını amadə qılın" misrasıyla başlanan qəzəlini xatırladır. Saibin bu şeirdə belə bir beyti var:
Yaş qılır xəm qocalar qamətini taətsiz,
Əgməmişkən sizi bu çərxi-müqəvvəs, əgilin.
Qeyd etdiyimiz kimi, Hali yaşadığı mühitdə baş verən hadisələrə, kiminsə doğulmasına və ya ölümünə, səfərdən qayıtmasına şeirlər həsr etmiş, bəzi hadisələrə dair maddeyi-tarixlər yazmışdır. Kərbəla səfəri zamanı vəfat etmiş Əlimərdan bəyə həsr etdiyi qəsidəsində Fəthəli bəy bir tərəfdən onun qürbətdə öldüyünə görə təəssüfləndiyini bildirir, digər tərəfdən, günahlarının bağışlandığını, cənnətə düşdüyünü deyərək təsəlli tapır. Burada da o, həmdəmlərinin dünyanı tərk etdiyini, özünün isə hələ də yaşayaraq bu dünyanın əzablarına dözməyə məcbur olduğunu deyir:
Həzar əfsus, ey nakamü möhnətdidə qardaşım,
Olubdur kövkəvi-dürriyi-ömrün qarət, vafil.
Qəribü qürbət içrə nuş etdin cami-mərgi-ari,
Bu tədbirilə oldun sən şəhidan silkinə daxil.
Yat asudə, diyari-Kərbəladır mədfəni-pakın,
Olur qüfran sana, olur rəhmət sana şamil.
Bən ancaq təngnayi-dəhrdə bihəmdəmü munis,
Qəmü ənduh hər dəm zaidü dərdü ələmi-kamil.
Fəthəli bəy Hali Gəncəvinin adı bir sıra XIX əsr mənbələrində çəkilsə də, məlumat azlığından çağdaş tədqiqatlarda onun tarixi hadisələrdə iştirakı, ədəbi irsi barədə demək olar ki, danışılmır. Halbuki o, Gəncə xanlığının siyasi həyatında, Rus-İran müharibələrində fəal iştirak etmiş, zamanında şeirləri ilə tanınmışdı.
Şairin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan şeirlərinin kifayət qədər geniş mövzu dairəsi vardır. Fəthəli bəyin dünyəvi eşqin tərənnümünə həsr etdiyi bir sıra əsərləri incə lirizmi, axıcılığı ilə seçilir. Hali bəzi şeirlərində Rus-İran müharibəsindəki iştirakını, bu zaman baş verən hadisələri xatırlamış, Azərbaycanın ikiyə bölünməsindən, şimaldakı dost-tanışlardan, doğma şəhərdən ayrı düşdüyündən kədərləndiyini bildirmişdir. Şairin satirik şeirləri həcvləri, mənzum məktubları, didaktik-nəsihətamiz, qocalığa həsr edilmiş əsərləri, ayrı-ayrı şəxslərin övladlarının dünyaya gəlməsi, ölümü münasibətilə yazdığı, müxtəlif məişət məsələlərindən bəhs edən şeirləri də maraq doğurur, dövrün mənzərəsini daha yaxşı təsəvvür etməyimizə kömək edir. Fəthəli bəy Hali Gəncəvinin ədəbi irsinin nəşri və ətraflı tədqiqi, onun XIX əsr ədəbiyyat tariximizdəki mövqeyinin müəyyənləşdirilməsi tədqiqatçılarımız qarşısında duran vacib məsələlərdəndir.
Paşa Əlioğlu
AMEA Əlyazmalar İnstitutunun direktor müavini
Ədəbiyyat qəzeti
edebiyyatqazeti.az