Sentyabrın 11-də “Qafqaz Media” İctimai Birliyinin sədr müavini Sahilə Abdullayeva AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət edib. “Qafqaz Media” İB-nin təsisi etdiyi “Heydər Zirvəsi” diplomunu institutun alimi – Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovaya təqdim etmək məqsədilə müəssisənin qonağı olan S.Abdullayevanı direktor, akademik Teymur Kərimli qəbul edib. Alimin fəaliyyətindən söz açan akademik bildirib ki, Esmira xanımın elmi yaradıcılığının təkcə çalışdığı müəssisədə deyil, eləcə də müxtəlif təşkilatların diqqət mərkəzində olması heç də təsadüfi deyil. E.Cavadova Azərbaycan Milli Mətbuatının, Həsən bəy Zərdabi irsinin öyrənilməsində böyük xidmətlər göstərib, dəyərli nəşrlərə imza atıb.

Görüşdə iştirak edən institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov söyləyib ki, E.Cavadova Əlyazmalar İnstitutunda çalışdığı ilk gündən indiyədək öz yorulmaz fəaliyyəti ilə hər zaman gənclərə örnək olub. Alimin zəhmətkeşliyindən, ərsəyə gətirdiyi əsərlərdən bəhs edən P.Kərimov onun Zərdabi irsinin ortaya çıxarılmasındakı əməyinin əvəzsiz olduğunu, Zərdabinin doğum tarixinin digər araşdırmaçılar tərəfindən yalnış təqdim edildiyiniEsmira xanımın faktlarla, şəxsi arxiv sənədləri ilə sübut etdiyini vurğulayıb.

Görüşün digər iştirakçıları – institutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Nailə Səmədova və elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə də E.Cavadova haqqıında xoş sözlər söyləyiblər, alimin fəaliyyətini yüksək qiymətləndiriblər.

Sonda “Qafqaz Media” İB-nin sədr müavini S. Abdullayeva diplomu Esmira Cavadovaya təqdim edib. E.Cavadova diploma layiq görüldüyünə görə “Qafqaz Media” İB-nə, eləcə də onun haqqında səsələnən dəyərli fikirlərə görə həmkarlarına təşəkkür edib.

manuscript.az