Yazılı abidələrimizin tanınmış araşdırıcısı, ədəbiyyatşünas, əlyazmaçı alim, filologiya elmləri doktoru, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin müdiri Paşa Əli oğlu Kərimov şeir-sənət ocağında boya-başa çatıb, böyük şairimiz Əli Kərimin oğludur.

Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra daim çox sevdiyi əlyazmalarla ünsiyyətdə olmaq üçün Əlyazmalar İnstitutunda işləməyə başlamış, artıq 38 ildir ki, bu müəssisəyə sədaqətini qoruyub saxlamışdır. İlk öncə Şəxsi arxivlər şöbəsində işlədiyi zaman Cəfər Cabbarlının əlyazma halında olan "Dramanın əsasları", "İslamiyyətdən sonrakı fars ədəbiyyatı" və s. məqalələrini ictimaiyyətə ilkin təqdim edən gənc tədqiqatçı ədibin yaradıcılığının naməlum tərəfləri barədə məqalə yazır. Bundan sonra Türkdilli əlyazmaların tədqiqi şöbəsinə keçərək orta əsrlər yazılı abidələrimizin tədqiqi ilə məşğul olmağa başlayır. O, 1991-ci ildə "Əlican Qövsi Təbrizi divanının tekstoloji tədqiqi və elmi-tənqidi mətni" mövzusunda namizədlik, 2012-ci ildə "XVII əsr anadilli Azərbaycan lirikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Namizədlik dissertasiyasının elmi-tənqidi hissəsi 800 səhifədən ibarətdir. Tədqiqatçı dünya kitabxanalarında saxlanan Qövsi əlyazmalarını müqayisə edərək şairin lirik şeirlər toplusu-divanının elmi-tənqidi mətnini ortaya çıxarmışdır. Bütövlükdə iş min səhifədən ibarətdir. Elmi yaradıcılığı boyu ömrünün son dövrlərində Əlyazmalar İnstitutunda çalışan akademik Həmid Araslıdan nümunə götürən Paşa müəllim həmişə iki işi - yazılı abidələrimizin nəşri və hərtərəfli araşdırmaya cəlb etmək işini birləşdirmişdir. O, bütün elmi tədbirlərdəki çıxışlarında deyir ki, Azərbaycan xalqının tarixini, mədəniyyət, elm, dil və ədəbiyyat tarixini öyrənmək üçün AMEA Əlyazmalar İnstitutunda saxlanan materialların araşdırılması yetərli deyil. Dünyanın müxtəlif kitabxanalarında saxlanan yazılı abidələrimizi tədqiqata cəlb etmək lazımdır.

Paşa Əlioğlu indiyədək keçmiş SSRİ məkanında, İran və Türkiyədə, bir sıra Avropa ölkələrində, ABŞ-da yerləşən kitabxanalarında saxlanan onlarla əlyazmamızın surətini əldə edərək araşdırmaya cəlb etmiş, ədəbiyyat tariximizin öyrənilməsinə sanballı töhfələr vermişdir. Onun xarici kitabxanalardan surətlərini əldə etdiyi, eləcə də Əlyazmalar İnstitutunda saxlanan əlyazmaların köməyi ilə yazdığı monoqrafiyaları içində xüsusilə "XVII əsr anadilli Azərbaycan lirikası" kitabı diqqətəlayiqdir. Vaxtı ilə akademik Həmid Araslı əlində olan bütün imkanlardan, əlyazma qaynaqlarından, müxtəlif təzkirələrdəki məlumatlardan istifadə edərək 1956-cı ildə "XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi" adlı ali məktəblər üçün dərslik yazmışdı. Sələfinin yolunu davam etdirən Paşa Əlioğlu əldə etdiyi yeni qaynaqlardan bəhrələnərək ədəbiyyat tariximizin XVII əsr dövrünü daha geniş, əhatəli tədqiqat obyektinə çevirdi.

Alimin "XVII əsr anadilli Azərbaycan poeziyası" monoqrafiyası da maraq doğurur. Buradakı oçerklərdən biri, XVII-XVIII əsrlərdə yaşamış, əvvəl Hindistana, sonra Bəsrəyə mühacirət etmiş Şükri adlı şairimiz haqqında məqalə bir daha göstərir ki, hələ ədəbiyyat tariximizin öyrənilməmiş səhifələri çoxdur. Orijinal dəst-xətti olan Tərzi Əfşara həsr edilmiş oçerk onunla diqqətəlayiqdir ki, alim şairin indiyədək araşdırmadan kənarda qalmış şeirlərini nəzərdən keçirmişdir.

P.Əlioğlu Səfəvilərin 235 illik hakimiyyətinin (1501-1736) bütün mərhələlərində ədəbiyyatımızın inkişafına dair maraqlı araşdırmaların müəllifidir. Onun XVI əsr ədəbiyyat tariximizə dair iki tədqiqatı üzərində dayanmaq istərdik. I Şah İsmayıl (1501-1524) və I Şah Təhmasibin (1524-1576) dövründə yaşayıb-yaratmış, bir müddət şahzadə Sam Mirzə (1517-1567) ilə dostluq münasibətlərində olmuş, hökmdarın əmri ilə 1571-1573-cü illərdə baş vermiş Təbriz üsyanının yatırılmasında iştirak etmiş, qısa müddət Təbriz valisi olmuş Yusif bəy Ustaclunun divanının əlyazma nüsxəsi Londonun Britaniya muzeyində saxlanır. Paşa müəllim bu divanın surətini əldə edərək faksimilesini və müasir əlifbaya transliterasiyasını nəşr etdirmiş, geniş ön sözdə Yusif bəy Ustaclunun yaradıcılığı və dövrün ədəbiyyatı haqqında ətraflı elmi fikir söyləmişdir. Alim göstərir ki, Yusif bəyin divanı ədəbiyyat tariximizin o dövrünə aiddir ki, böyük özbək şairi Nəvainin güclü təsiri hələ qalmış, Füzulinin artmaqda olan təsiri də özünü göstərməkdədir.

Paşa Əlioğlu 2013-cü ildə çap etdirdiyi "Sadiq bəy Sadiqinin türkdilli yaradıcılığı" adlı monoqrafiyası ilə ədəbiyyat tarixçiliyimiz qarşısında duran bir sıra məsələləri həll etmiş oldu. Yalnız Səfəvilər dövrünün deyil, bütövlükdə ədəbiyyatımızın ən parlaq şəxsiyyətlərindən biri, ensiklopedik zəka sahibi, şair, ədəbiyyatşünas, rəssam Sadiq bəy Əfşar Sadiqinin (1533-1610) türkdilli yaradıcılığı ilk dəfə bu kitabda bütövlükdə tədqiq edilmişdir. Müəllif Təbriz Mərkəzi Kitabxanasında saxlanan əlyazmalardan, bir sıra digər mənbələrdən istifadə edərək S.Əfşarın türkcə şeirlərini, məktublarını toplayaraq transliterasiya etmiş, bu əsərləri ətraflı təhlil edərək şairin lirikasının özəllikləri, ədəbiyyat tariximizdəki mövqeyi, şəxsi insani keyfiyyətləri barədə fikir söyləmişdir. Artıq deyə bilərik ki, Sadiq bəyin möhtəşəm irsi içərisində türkcə əsərlərinin hamısı işıq üzü görmüş və araşdırılmışdır. Məsələ orasındadır ki, Sadiq bəy Əfşar Azərbaycan türkcəsi ilə yanaşı, cığatay və Osmanlı dillərində də yazıb-yaratmışdır. Əsərlərini təhlil etdikdən sonra alim belə bir nəticəyə gəlir ki, Sadiq bəy türkdilli şeirlərinin çoxunu həyatının son dövrlərində yazmışdır.

Alim keçən il surətini Tehranın Məclis kitabxanasından əldə etdiyi əlyazmanın və təzkirələrin köməyi ilə ədəbiyyat tariximizin naməlum bir nümayəndəsi olan Əbdülfəttah Marağayi barədə məlumat verdi. Bundan sonra XVIII əsr anadilli poeziyamızdan danışarkən Ə.Marağayinin irsini də nəzərə almaq vacib olacaqdır. P.Əlioğlunun İstanbulun Topqapı Sarayı Muzeyindən XVIII əsr poeziyamızın istedadlı nümayəndəsi, Nadir şahın saray şairi Nəşə Təbrizinin divanının surətini əldə edərək araşdırması, buradakı 168 beytdən ibarət anadilli şeirləri transliterasiya edərək haqqında geniş bir elmi məqalə yazması ədəbiyyat tariximizə dəyərli töhfə oldu. Nəşənin anadilli şeirlərinin təhlili, burada hansı tarixi hadisələrin və necə əks olunması barədə maraqlı fikirlər şairin ədəbiyyatımızdakı mövqeyinin müəyyənləşdirilməsinə kömək edəcək.

Paşa Əlioğlu XIX əsr ədəbiyyatımızın tədqiqinə, bu dövrə aid naməlum yazılı abidələrinin ortaya çıxarılaraq nəşrinə və tədqiqinə xüsusi fikir verir. O, belə hesab edir ki, nisbətən yaxın vaxt olsa da, XVIII-XIX əsrlərə aid çoxsaylı ədəbiyyat nümunələrimiz araşdırmadan kənarda qalmışdır ki, bu da dövrün ədəbi prosesinin sözün həqiqi mənasında obyektiv, elmi dəyərləndirilməsinə mane olur. Paşa müəllimin 2015, 2016-cı illərdə çap etdirdiyi "Abbasqulu ağa Bakıxanovun əlyazma irsi" və "Firidun bəy Köçərlinin şəxsi arxivi" adlı məqalələri bir daha diqqətə çatdırır ki, klassik ədəbiyyatın tədqiqində ilkin mənbələrdən, əlyazma qaynaqlarından və arxiv sənədlərindən istifadə edilməsi ən vacib şərtdir. Artıq çap edilmiş əsərlər əsasında hansısa sənətkar haqqında yeni fikir söyləmək çətin məsələdir.

P.Əlioğlu ilk dəfə olaraq Mirzə İsmayıl Qasir (T.Nurəliyeva ilə), A.Bərqi, Mirzə Baxış Nadim, Molla Qasim Zakir (R.Kərimovla) və Fətəli bəy Hali Gəncəvinin şeirlərini (Cavad xanın qardaşı Fətəli bəyin farsca şeirlərin də bədii tərcümə etmişdir) nəşrə hazırlanmışdır. Hazırda alim Mirzə Baxış Nadimin yaradıcılıq yoluna həsr edilmiş monoqrafiya üzərində çalışır. Tədqiqatçı yazır ki, indiyədək Mirzə Baxış Nadimi satirik şair kimi təqdim etmişlər. Halbuki son vaxtlarda əldə etdiyimiz əlyazmaların araşdırılması göstərir ki, Nadim həm də gözəl lirik aşiqanə qəzəllər, tarixi mövzulu müxəmməslər, qoşmalar, rübailər, qitələr, mənzum məktublar, dini şeirlər müəllifidir. Bütün bunlar ətraflı araşdırılmalıdır.

Paşa Əlioğlu görkəmli ictimai xadim, xeyriyyəçi, gözəl lirik şeirləri ilə tanınan Xurşidbanu Natəvanın yaradıcılığına həmişə diqqətlə yanaşmış, onun həyat və yaradıcılığının naməlum səhifələrinin açılmasına xüsusi əhəmiyyət vermişdir. O, şairənin iki naməlum şeirini mətbuata təqdim etdi, 2012-ci ildə Əliabbas Müznibin əlyazma halında qalmış "Natəvan Xurşidbanu" adlı kitabını transliterasiya edərək ön sözlə nəşr etdirdi. Alim Natəvanın nəvəsi Əkbər xan Naxçıvanskinin, Zülfüqar Hacıbəyovun şairə haqqında xatirələrini transliterasiya edərək 2012-ci ildə çap edilmiş "Xurşidbanu Natəvan. Neçin gəlməz" kitabına daxil etmişdir. Kitabın elmi redaktoru olan Paşa müəllimin yazdığı "Xurşidbanu Natəvanın irsi" adlı ön söz böyük maraq doğurur.

P.Əlioğlu XIX-XX əsrlərdə yaşamış, Qarabağ ədəbi mühitinin yetirməsi olan Nəcəfqulu bəy Şeydanın "Gülşəni-maarif" təzkirəsini nəşr etdirmiş, onun sovet dövrü yaradıcılığı barədə maraqlı məqalə yazmışdır. Məqalədə göstərilir ki, N.Şeydanın nəşr etdirmədiyi şəxsi arxivində qalmış şeirləri onun həqiqi mənada dissident şair olduğunu, sovet rejiminin antimilli mahiyyətini tənqid və ifşa etdiyini sübut edir. Alimin Səməd Vurğunla Şəhriyar yaradıcılığını yaxınlaşdıran, birləşdirən cəhalətə həsr edilmiş məqaləsi böyük elmi maraq kəsb edir. Bundan başqa, böyük şairimiz Əli Kərimin ədəbi irsinin nəşri sahəsindəki yorulmaz fəaliyyəti Paşa müəllimin ədəbiyyat tariximiz qarşısındakı xidmətlərindən hesab edilməlidir.

Paşa Əlioğlu Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin elmi şurasının üzvü, Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin elmi şurasının və müdafiə şurasının üzvüdür. 2012-ci ildə "Türk ədəbiyyatı" vəqfinin təsis etdiyi "Türk ədəbiyyatına xidmət baratı"na layiq görülüb, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib. 2017-ci ildə elm və texnologiya nominasiyası üzrə İqtisadi Əməkdaşlıq Təşkilatının mükafatına layiq görülüb. 2019-cu ildə klassik ədəbiyyatın tədqiqindəki xidmətlərinə görə Serbiya Kral Akademiyasının təsis etdiyi İvo Andriş medalını alıb.

Paşa Əlioğlunun elmi yaradıcılığını, bütün qüvvəsini sərf etdiyi amalı bu sözlərində əksini tapmışdır: "Milli mədəniyyətimizə, ədəbiyyatımıza dair nə iş görürüksə, düşmənlərin hikkəli inkarı ilə qarşılaşmalı oluruq. Biz indi milli mübarizənin ön cəbhəsindəyik. Bu mübarizədə yeganə silahımız sənədlər, yazılı mənbələr uydurulmamış, saxtalaşdırılmamış əlyazma qaynaqlarıdır. Həqiqətən, sözün düzünə xidmət etdiyimizə görə qələbə çalacağımıza heç bir şübhə yoxdur". Haqq işimizin qələbəsi üçün həqiqətpərəstliyi, vətənpərvərliyi ilə bütün qüvvəsini əsirgəmədən çalışanlardan biri də yazılı abidələrimizin yorulmaz tədqiqatçısı Paşa Əlioğludur.

Şöhrət SƏLİMBƏYLİ

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı

525.az