AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 70 illik yubileyinə həsr olunan “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq elmi-nəzəri konfrans keçirilib. 30 noyabr – 3 dekabr tarixlərində baş tutan onlayn tədbirdə müxtəlif ölkələrin, o cümlədən respublikamızın elm və təhsil müəssisələrinin alim və mütəxəssisləri də iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan institutun direktoru, akademik Teymur Kərimli hazırda xalqımızın möhtəşəm zəfər sevinci, tarixi günlər yaşadığını qeyd edib. Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun fitnəkar düşmən üzərində qazandığı böyük qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib. Sərkərdə, xalq və ordu birliyinin sarsılmazlığı nəticəsində qısa müddət ərzində Azərbaycanın zəfəri ilə başa çatan II Qarabağ müharibəsinin dünya hərb tarixində özünəməxsus iz qoyduğunu, 2020-ci ilin həm də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 70 illik yubileyi ilə əlamətdar olduğunu ifadə edib. Ölkəmizin zəngin əlyazmalar xəzinəsinə malik olduğunu qeyd edən alim Ümummilli lider Heydər Əliyevin Əlyazmalar İnstitutunu milli sərvətimiz adlandıraraq burada qorunub saxlanılan nadir kitabları Azərbaycanın qiymətli tarixi abidələri kimi dəyərləndirdiyini xatırladıb.

Nəsillər arasında informasiya mübadiləsində mühüm mənbə olan əlyazmaların vahid məkanda toplanmasının əhəmiyyətini vurğulayan akademik Teymur Kərimli bildirib ki, bu onların qorunmasının peşəkarlara həvalə edilməsini təmin etməklə yanaşı, tarixi əhəmiyyətli qaynaqların öyrənilmə prosesini, tərcümə, transliterasiya işini də vahid mərkəzdən idarəetmə imkanı yaradır.

Kağız üzərində həkk olunan yazılı abidələrin həssaslığından söz açan alim Əlyazmalar İnstitutunun laboratoriyalarında bərpaçı mütəxəssilərin köməyilə yenidən istifadəyə təqdim edilən əlyazmaların elektronlaşdırılmasının dövrün tələbi olduğunu vurğulayıb. Elektron kitabxananın hazırlanması istiqamətində görülən işləri nəzərə çatdıraraq əlyazmalar fondunun zənginləşdirilməsinin mühüm vəzifələrdən olduğunu qeyd edib. Akademik respublikamızda əlyazmaların toplanması və mühafizəsi sahəsində illərin sınağından uğurla çıxan elmi müəssisənin üzərinə Azərbaycan mədəniyyətinin dünyada təbliği kimi məsuliyyətli vəzifənin düşdüyünü bildirib. Qeyd edib ki, burada qorunub saxlanılan dünya şöhrətli əlyazmalar YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Gənclərin əlyazmaşünaslıq elminə cəlb olunması istiqamətində institutun magistratura pilləsinin əhəmiyyətini vurğulayan alim müxtəlif stimullaşdırıcı layihələrin həyata keçirildiyini bildirib. Burada təhsil alan magistrlərin laboratoriyalarda həyatını əlyazmaşünaslıq elminə həsr edən alimlərin rəhbərliyi ilə təcrübə qazandığını və artıq gənc mütəxəssis kimi elmimizə töhfə verdiklərini vurğulayıb.

Akademik Teymur Kərimli AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondu ilə əməkdaşlıq çərçivəsində əldə olunan uğurlardan da söz açıb. Pandemiya dövründə də bu əlaqələrin onlayn davam etdirildiyini, qədim diyarımızın əlyazmalarının tədqiqi istiqamətində əldə olunan nailiyyətlərdən bəhs edib. Alim 70 yaşını qeyd edən elm ocağında işğaldan azad olunmuş torpaqlarımızla bağlı tədqiqatların aparılacağını vurğulayıb.

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov çıxışında tədbir iştirakçılarını şanlı qələbəmiz və Əlyazmalar İnstitutunun yubileyi münasibətilə təbrik edib. 70 illik şərəfli tarixi dövr qət etmiş elmi müəssisənin fəaliyyətini dəyərləndirən alim həyata keçirilən birgə layihələrdən, əldə olunan elmi nailiyyətlərdən bəhs edib. Rəhbərlik etdiyi fondda türkdilli qədim əlyazma və daşbasma üsulu ilə çap olunan kitablarlayanaşı, XIX əsrin sonlarından etibarən elektrik mətbəəsində çapdan çıxan kitabların da mühafizə olunduğunu qeyd edib. Həmin əlyazmalar haqqında geniş məlumat verən alim bildirib ki, sözügedən kitabların Azərbaycan oxucusunun bədii zövqünün formalaşmasında, dünya mədəniyyəti ilə tanış olmasında, həmçinin ölkəmizdə tərcümə sənətinin və məktəb tarixinin öyrənilməsində əhəmiyyəti böyükdür.

AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxışında Qarabağ uğrunda savaşın, Vətən müharibəsinin xalqımızın böyük qələbəsi ilə başa çatması və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 70 illik yubileyi münasibətilə təbrikini səsləndirib. Əlyazmalar İnstitutunun fəaliyyətini yüksək qiymətləndirən alim rəhbərlik etdiyi bölmə ilə elmi müəssisə arasında uzun illərdən bəri davam edən əməkdaşlıq əlaqələri sayəsində uğurlu elmi nəticələrin əldə olunduğunu vurğulayıb.

Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən Konfutsi adına Özbək-Çin İnstitutunun direktoru, dosent Saodat Nasirova öncə Qarabağ uğrunda haqq savaşında Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun zəfər çalması münasibətilə xalqımızı təbrik edib. Alim Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə rəhbərlik etdiyi institut arasında cari ilin iyununda elmi-mədəni əməkdaşlıq sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq memorandumunun imzalandığını xatırladıb. Nadir kitab abidələrinin, o cümlədən qədim əlyazma və əski çap kitablarının tədqiqi və tərcüməsi sahəsində qarşılıqlı əlaqələrin daha da inkişaf etdirildiyini vurğulayıb. Qeyd edib ki, hazırda Özbək-Çin İnstitutunun mütəxəssisləri ilə yarım əsrdən artıq dövrü uğurla başa vuran zəngin xəzinəyə malik AMEA Əlyazmalar İnstitutu elmi-mədəni təcrübə mübadiləsi aparır. Yubiley münasibətilə institutun kollektivini təbrik edən alim vurğulayıb ki, hər iki xalqın böyük şair, filosof və digər nümayəndələrinin əlyazmalarının elmi müəssisələrdə uzun illər ərzində qorunub saxlanılması dostluq münasibətlərinin bariz nümunəsidir. Bildirib ki, iki qurum arasında əməkdaşlıq əlaqələrinin bundan sonra da möhkəmləndirilməsi xalqlarımızın mədəni irsinin gələcək nəsillərə ötürülməsi baxımından olduqca əhəmiyyətlidir.

Konfransda institutun beynəlxalq əməkdaşlıq əlaqələri haqqında da məlumat verilib. Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova qeyd edib ki, vaxtilə dünyanın müxtəlif kitabxana, muzey və arxivlərinə daşınmış milli sərvətimizin surətini əldə etmək elmi müəssisənin əsas hədəflərindəndir. Bu baxımdan Türkiyə, İran, Ərəbistan, Amerika, Almaniya, Rusiya, İngiltərə və digərölkələrlə beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, dünyanın müxtəlif kitab xəzinələrində saxlanılan Azərbaycan əlyazmaları haqqında informasiyanın toplanması, institutun əlyazma ekspozisiyasının təşkili, yenilənməsi, qorunub saxlanılması və təbliği işi uğurla həyata keçirilir.

Çap kitablarının tədqiqi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərov çıxışında Əlyazmalar İnstitutunun fondlarında saxlanılanmaterialların sistemli şəkildə tədqiqi, elmmetrik təhlili və elmi təsviri, nəşrə hazırlanan çap məhsulu, nəşrlərin nüfuzlu elmi indeksləşdirmə bazalarında və akademik sosial şəbəkələrdə qeydiyyatı, həmçinin reytinqinin yüksəldilməsi istiqamətində görülən işlər haqqında məlumat verib. Elmi tədqiqatlarla bağlı vahid elektron məlumat sisteminin yaradılması, idarə olunması və elmmetrik informasiyaların əlçatanlığının təmin edilməsi və digər sahələrdə həyata keçirilən əməli tədbirləri nəzərə çatdırıb.

Tədbirdə, həmçinin institutun direktor müavinləri, filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva-Kəngərli, Paşa Kərimov, institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və digərləri çıxış ediblər.

Növbəti günlərdə keçirilən onlayn bölmə iclaslarında təqdim edilən filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlinin “Dünya kitabxanalarında saxlanılan “Koroğlu” eposu əlyazmalarının müqayisəli təhlili”, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun “Bəsiri əsərlərinin əlyazma nüsxələri barədə”, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin “Nizami Gəncəvinin “Xeyir və Şər” hekayəsinin ana qaynağı haqqında” və digər alimlərin müxtəlif mövzularda məruzələri böyük maraqla qarşılanıb.

Tədbirdə gələcək perspektivlər ətrafında rəy və təkliflər səsləndirilib, konfransın bilik və təcrübə mübadiləsi baxımından əhəmiyyəti vurğulanıb.

manuscript.az