AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov Tehranda yaşayan ədəbiyyat tədqiqatçısı Firuz Rifahi Ələmdarinin yardımı ilə XVI əsr Azərbaycan şairi Yusif bəy Ustaclunun Tehran Universitetinin Mərkəzi Kitabxanasında saxlanan anadilli divanının surətini əldə etmişdir. Nüsxədə 188 qəzəl, 1 məsnəvi, müxtəlif klassik janrlarda yazılmış şeirlər vardır. Yusif bəy Ustaclu Səfəvi hökmdarlarından Şah İsmayıl (1501-1524) və Şah Təhmasibin (1524-1576) dövründə yaşayıb-yaratmış, bir müddət şahzadə Sam Mirzə (1517-1567) ilə dostluq etmiş, hökmdarın əmri ilə XVI əsrin yetmişinci illərində qısa müddət ərzində Təbriz valisi olmuşdur. Mənbələr və əsərləri onun istedadlı bir şair olduğunu, Nəvai və Füzuli təsiri ilə şeirlər yazdığını göstərir. Paşa Kərimov Londonun Britaniya Muzeyi Kitabxanasında saxlanan əlyazma divanı əsasında 2012-ci ildə şairin lirik şeirlər toplusunu nəşr etdirmişdir. Divanın yeni əlyazma nüsxəsinin köməyi ilə şairin həyat və yaradıcılığını, onun XVI əsr ədəbiyyat tariximizdəki mövqeyini daha ətraflı öyrənmək mümkün olacaqdır.

manuscript.az