Paşa Əli oğlu Kərimov 1959-cu il 10 fevral tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olub. Görkəmli şair Əli Kərimin böyük oğludur.


Orta təhsilini Bakı şəhərində 132 saylı məktəbdə aldıqdan sonra Paşa Kərimov Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur.Ali təhsilini bitirdikdən sonra 1982-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar institutunda çalışır. 1999-2003-cü illərdə Əlyazmalar İnstitutunun elmi katibi işləmişdir. 2003-2011-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2011-ci ilin 1 noyabrından AMEA Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edib. 2014-cü ildən direktor müavinidir. 2015-ci ildən həm də "Multidistiplinar əlyazmalar və çap kitabları" şöbəsinin müdiridir.AMEA Əlyazmalar İnstitutunun nəzdindəki 7213.01-“Dinşünaslıq” üzrə birdəfəlik ixtisaslaşdırılmış dissertasiya şurasının sədridir.



1991-ci ildə «Əlican Qövsi Təbrizinin «Divan»ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2012-ci ildə isə «XVII əsr anadilli Azərbaycan lirikası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Nazirlər kabineti yanında Tərcümə Mərkəzinin elmi-bədii şurasının, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin elmi şurasının üzvüdür. "Azərbaycan", "Filologiya məsələləri", "Multikulturalizm", "Əlyazmalar Yanmır" jurnallarının redaksiya heyətinin üzvüdür. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.



Klassik ədəbi abidələrimizin filoloji və tekstoloji araşdırılması və nəşrə hazırlanması işi ilə məşğul olur. İlk dəfə olaraq XVI-XVII əsr Azərbaycan şairlərindən Qövsi Təbrizi, Mürtəzaqulu xan Şamlu, Vəhid Qəzvini, Sadiq bəy Əfşar, Yusif bəy Ustaclu və b. türkcə divanlarını, XIX əsr şairi Mirzə İsmayıl Qasirin şeirlərini və bir sıra başqa abidələrimizi çap etdirmişdir. Azərbaycan tarixində əhəmiyyətli rola malik bir çox əlyazmaların

1.ABŞ-ın Merilend ştatının Baltimor şəhərindəki Volters İncəsənət Muzeyində saxlanılan 15-ci əsr osmanlı şairi Ətainin Nizami Gəncəvinin təsiri ilə türkcə yazdığı "Miniatürlü xəmsə" əsəri

2.Almaniyada yaşayan soydaşımız Məhəmmədəli Hüseyninin köməyi ilə Şah İsmayıl Xətainin xətt nümunələri

3.Almaniyada yaşayan soydaşımız Məhəmmədəli Hüseyninin köməyi ilə, adı indiyədək ədəbiyyat tariximizə düşməmiş Abdulla Bərqi Xoyinin şerləri

4.Ağqoyunlular və Səfəvilər dövründə yaşamış (XV-XVI əsrdə) Azərbaycan şairi Əhməd Şövqi Təbrizinin lirik şeirləri toplusu divanının Ankara Milli Kitabxanasında saxlanan nüsxəsi

5.XV- XVI əsrlərdə yaşamış Azərbaycan şairi Sürurinin şeirlər toplusu-divanının İstanbulun Süleymaniyyə və Manisa şəhər kitabxanalarında saxlanan əlyazmaları

6.XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əbülqasim Nəbatinin Təbriz Mərkəzi Kitabxanasında saxlanan anadilli "Divanı"

7.Təbriz Mərkəzi Kitabxanasından XIX əsrdə yaşamış Güney Azərbaycan şairi Sabit Əndəbilinin lirik şeirlər divanı

8.XIX əsrin sonu-XX əsrin əvvəllərində yaşamış Azərbaycan şairi Molla Əli Talibinin divanı

9.Paris Milli Kitabxanasında saxlanan Azərbaycan tarixinə, mədəniyyətinə dair 200-dən artıq materialın surətləri, elektron variantları

10.Filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimov ilə birgə Mirzə Baxış Nadimin iki əlyazma şeir toplusu

11.Almaniyada yaşayan həmvətənimiz Məhəmmədəli Hüseyninin köməyi ilə Şah İsmayıl Xətainin nəvəsi İbrahim Cahinin şeirlər toplusu divanının surəti

12.Ankara Milli Kitabxanasından yaradıcılığında Nəsiminin güclü təsiri olan, XVI əsrdə yaşamış osmanlı şairi Heyrəti divanının surəti

13.Ankara Milli Kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının iki nüsxəsinin surəti

14.Ankara Milli Kitabxanasından Şah İsmayıl Xətainin və onun oğlu I Şah Təhmasibin ana dilində yazdıqları şeirləri və s.

aşkarlanmasına və AMEA Əlyazmalar institutuna gətirilməsinə nail olub. Bir çox yerli və beynəlxalq konfranslarda iştirak edib və bir sıra mükafatlara layiq görülüb.Şair Əli Kərimin "Daş" Şeiri əsasında çəkilmiş "Daş" Qısametrajlı Cizgi Filminin ssenari müəllifi olmuşdur. 2016-2017-ci tədris illindən AMEA Əlyazmalar İnstitutunun magistrlarına "Yazılı abidələrin nəşri problemləri" mövzusunda mühazirələr deyir.