Paşa KərimovGörkəmli ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru, dosent, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun icraçı direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Paşa Kərimov bu gün - ömrünün 64-cü ilində vəfat etmişdir.
Paşa Kərimov həyatını elmə, ədəbiyyatımızın dərin qatlarının araşdırılmasına, klassik mətnlərin tədqiqinə, bir sözlə, böyük sənət xəzinəmizin nadir incilərinin üzə çıxarılmasına və xalqımıza çatdırılmasına sərf etmiş istedadlı alimlərdən idi. 1959-cu ildə Bakı şəhərində anadan olan P.Kərimov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirdikdən sonra həyatını Əlyazmalar İnstitutuna bağlamış və ömrünün sonuna qədər İnstitutda səmərəli fəaliyyət göstərmişdir.
Alim 1991-ci ildə "Əlican Qövsi Təbrizinin "Divan"ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni" mövzusunda namizədlik, 2012-ci ildə isə "XVII əsr anadilli Azərbaycan lirikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, ədəbiyyatşünaslıq elmimizə dəyərli töhfələr bəxş etmişdir.
P.Kərimov müxtəlif illərdə Ankara, Daşkənd, Kabil, Məzari-Şərif, Herat, Aşqabad, Təbriz, İslamabad və digər şəhərlərdə keçirilən beynəlxalq konfranslarda ədəbiyyatşünaslıq və mətnşünaslıq elmimizin müxtəlif problemləri ilə bağlı məruzələr etmiş, 2011-ci ildə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikan və Romada təşkil olunmuş Azərbaycan Mədəniyyəti Günlərində iştirak etmişdir.
P.Kərimovun dəyərli elmi fəaliyyəti həm ölkə daxilində, həm də xaricdə yüksək dəyərləndirilmiş, alim bir sıra nüfuzlu mükafatlara layiq görülmüşdür. 2012-ci ildə Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi “Türk ədəbiyyatına xidmət baratı” mükafatına layiq görülən P.Kərimov 2015 ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Bundan bir qədər sonra, 2017-ci il mart ayının 1-də alim İqtisadi Əməkdaşlıq Təşkilatı-nın 13-cü sammitində adıçəkilən təşkilatın “Elm və texnologiya” nominasiyası üzrə mükafatına layiq görülmüş və mükafatı alimə Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif təqdim etmişdir. P.Kərimov dəfələrlə AMEA-nın fəxri fərmanaları ilə də mükafatlandırılmışdır.
P.Kərimov “Əlican Qövsi Təbrizi “Divanı”nın tekstoloji tədqiqi”, “Qövsi Təbrizi “Divan”ının elmi-tənqidi mətni”, “XVII əsr Azərbaycan lirikası”. “XVII əsr Azərbaycan poeziyası”, “Sadiq bəy Sadiqinin türkdilli yaradıcılığı” adlı monoqrafiyaların, 100-dən artıq elmi məqalənin müəllifidir. O, xarici kitabxanalarda mühafizə olunan bir çox Azərbaycan əlyazmalarının ölkəmizə repatriasiya olunmasında yaxından iştirak etmişdir.