Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Aytən Mustafanın (Aytən İmanova) tərtib edib nəşrə hazırladığı “Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları” kitabı işıq üzü görüb. Kitabda yer alan ön sözün müəllifi də Aytən Mustafadır. Elmi-mədəni ictimaiyyət üçün nəzərdə tutulmuş bu kitabda XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının və fikir tarixinin görkəmli nümayəndələrindən biri olan Əbdürrəhim bəy Haqverdiyevin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan 9 saylı şəxsi arxivindən onun indiyə qədər ədəbi-mədəni mühitə tanış olmayan bəzi materialları: tarixi və ədəbi qeydləri, bəzi əsərləri, türk dili və türk teatr tarixi haqqında tədqiqatları orijinalda və rus dilindən tərcümə olunaraq oxuculara çatdırılmışdır.

Qeyd edək ki, yeni nəşrin elmi redaktoru mərhum mətnşünas alim fil.e.d. Paşa Kərimov, rəyçiləri əməkdar elm xadimi, fil.e.d., professor Məhərrəm Qasımlı və fil.e.d. Nailə Səmədovadır.

manuscript.az