Türkiyədə məşhur olan böyük fikir adamı, görkəmli sufi alimi Məhəmməd Zahid Kotku (1897-1980) əslən Azərbaycanin Şəki şəhərindəndir. Onun atası İbrahim Əfəndi 1880-ci ildə Türkiyəyə köçərək orada məskunlaşmışdır. Məhəmməd Zahid Kotku Türkiyədə məşhur təsəvvüf mürşidi kimi tanınmış, xeyli sayda ardıcıllar yetişdirmişdir. O, sufi və ümumiyyətlə, fəlsəfi mövzularda bir çox məşhur əsərlərin müəllifi olmuşdur.Məhəmməd Zahid Kotkunun yaradıcılığının tədqiq və təbliği ilə məşğul olan türkiyəli araşdırmaçılar Hüseyin Budak və Süleyman Arslan bu günlərdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olmuş, institutun direktor müavini, fil.ü.e.d. Paşa Kərimovla görüşərək, sufi filosofun həyat və yaradıcılığı barədə söhbət açmış, alimin öz vətənində tanıdılması istiqamətində görüləsi işlərdən danışmışlar. Sonda bu sahədə müştərək fəaliyyət göstərməyin vacibliyi vurğulanmışdır.