18 noyabr 2016-cı il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Respublikasının 25 illiyinə həsr olunmuş “Azərbaycan əlyazmaları dünya kitabxanalaında” adlı I beynəlxalq elmi-nəzəri konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli mənəvi sərvətimiz olan əlyazmaların axtarışının, toplanmasının və nəşrinin vacibliyini bildirmişdir. O, konfrans ərəfəsində nəşr olunan jurnalda bir çox dəyərli materialların yer aldığını qeyd etmişdir. Akademik İsa Həbibbəyli konfransın son dərəcə aktual mövzuya həsr olunduğunu qeyd etmiş və klassik ədəbiyyatımızın öyrənilməsinin əlyazmaların tədqiqindən keçdiyini bildirmişdir. İ.Həbibbəyli Azərbaycanın əksər alimlərinin fəaliyyətinin Əlyazmalar İnstitutundan başlandığını xüsusi vurğulamışdır. Sonra konfransa xeyir dua vermək üçün söz bir ağsaqqal kimi alimimiz akademik Vasim Məmmədəliyevə verilmişdir. V.Məmmədəliyev Azərbaycan əlyazmalarının tədqiqi və araşdırılması sahəsində ciddi işlər görülsə də, irəlidə böyük vəzifələrin durduğunu qeyd etmişdir. AMEA-nın müxbir üzvü, Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu dünya kitabxanalarındakı Azərbaycanın tərcümə əsərlərinin əlyazmaları, filologiya elmləri doktoru, professor Kamandar Şərifov Misirdə saxlanan Azərbaycan əlyazmaları, tarix üzrə elmlər doktoru Tahirə Həsənzadə Azərbaycan əlyazmaları Astani –Qüdsi-Rəzəvi kitabxanasında, İran İslam Respublikasında gəlmiş professor Möhəmməd Amin Sultan Əl-Qurrayi Şah İsmayıl Xətainin “Külliyyat”ının nadir əlyazma nüsxəsi mövzusunda məruzələr etmişlər. Konfrans günün ikinci yarısında bölmələrdə davam etmişdir.