14 dekabr 2016-cı il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyində əsas məsələ İnstitutun 2016-cı il ərzində elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabatının müzakirəsi idi. İclasda AMEA-nın Humanitar Elmlər Bölməsinin nümayəndəsi, bölmənin aklademik-katibinin müavini, AMEA-nın müxbir üzvü Muxtar İmanov da iştirak edirdi. İclasda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov hesabat məruzəsi ilə çıxış etdi. Məruzəçi ilk növbədə institutda ölkə başçısının və nazirlər kabinetinin, Akademiya rəhbərliyinin sərəncam və qərarları ilə əlaqədar görülən işlər haqqında, daha sonra institutda aparılan elmi işlərin yekunları və ən mühüm nailliyyətlərlə bağlı, nəşriyyat fəaliyyəti, beynəlxalq əlaqələr, elmi kadrların hazırlanması və s. haqqında ətraflı məlumat verdi. Sonra məruzə ətrafında müzakirələr oldu. Elmi Şura üzvləri direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, prof. Kamandar Şərifov, tarix ü.e.d. Tahirə Həsənzadə, elmi katib, dosent Əzizağa Nəcəfov hesabat məruzəsi ətrafında çıxış edərək görülən işlərin səmərəliliyindən danışdılar. Sonda AMEA-nın müxbir üzvü Muxtar İmanov çıxış etdi, Əlyazmalar İnstitutunda son illərdə görülən işlərin ümumrespublika əhəmiyyəti daşıdığını, bu müəssisədə yerinə yetirilən elmi nailiyyətlərin xüsusi önəm kəsb etdiyini, elm ilə təhsilin əlaqəsinin institutda yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi. AMEA-nın müxbir üzvü, fil.ü.e.d., prof. Muxtar İmanov Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 2016-cı il ərzində elmi və elmi-təşkilati fəaliyyətini yüksək qiymətləndirdi, institutun əməkdaşlarına gələcək elmi və ictimai fəaliyyətlərində uğurlar dilədi.