Dekabrın 19-da Sorbonna Universitetinin professoru Əhməd İbrahim Dərviş Məhəmməd və məşhur misirli xəttat, Misir Xarici İşlər Nazirliyinin hüquq işləri üzrə baş mütəxəssisi Əşrəf Əhməd Ubeyd AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Qonaqları Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi müşaiyət edib. Əlyazmalar institutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov qonaqları qarşılamış, tədbir iştirakçılarına təqdim etmiş, onların səfərlərinin məqsədi barədə məlumat vermişdir. İnstitutda ərəb dili və ədəbiyyatı sahəsində mütəxəssislərlə keçirilən görüşdə iki ölkə arasında dostluq əlaqələrinin tarixindən söz açılıb, ərəb dilində yazmış azərbaycanlı müəlliflərin əsərlərinin tədqiqinin zəruriliyi vurğulanıb. Əhməd İbrahim Dərviş Məhəmməd ərəb dili və əlifbasının dünyadakı rolundan danışıb. Alim Azərbaycanda olduğu müddətdə institutda mühafizə olunan ərəbdilli əlyazmalardan istifadə etmək üçün ona şərait yaradılmasını xahiş edib. Tədbir iştirakçıları Əşrəf Əhməd Ubeydin institutun sərgi salonunda nümayiş etdirilən xətt növləri ilə tanış olublar.