İctimai Televiziyanın yayımladığı "Yadigarlar" verilişi bu dəfə Əzizağa Məmmədovun əziz xatirəsinə həsr olunub.

Əzizağa Məmmədov 1918-ci ilin yazında Lənkəranda dünyaya göz açıb. Orta məktəbi,texnikumu,institutu Bakıda bitirib. İlk əmək fəaliyyətinə müəllimliklə başlayıb. Tarix və ədəbiyyat muzeylərində müxtəlif vəzifələrdə çalışıb. İkinci Dünya müharibəsindən sonra Bakı Dövlət Universitetinin aspiranturasında oxuyub.Onun mətbuatda dərc edilən ilk məqaləsi Şah İsmayıl Xətai haqqında olub. 1949-cu ildə başa çatdırdığı elmi əsəri də “Şah İsmayıl Xətainin həyat və yaradıcılığı adlanırdı.Əzizağa Məmmədovun 15-dən artıq kitabı nəşr edilib və bu kitabların doqquzu Şah İsmayıl Xətai ilə bağlıdır. 1970-ci ildə müvəffəqiyyətlə müdafiə etdiyi doktorluq dissertasiyasının mövzusu “Şah İsmayıl Xətai əsərləri mətnlərinin tədqiqi və elmi-tənqidi mətni” olmuşdur. Əzizağa Məmmədov Xətaişünaslıqda ilk dəfə olaraq böyük şairin divanının səkkiz əlyazması əsasında onun əsərlərinin tam elmi-tənqidi mətnini hazırlamışdır. Bu prosesdə Xətai divanının 1535-ci il tarixli ən qədim nüsxəsindən istifadə olunmuşdur. Əzizağa Məmmədov Şah İsmayıl Xətainin əsərlərini II cilddə tərtib etmiş, lüğət və izahlar hazırlamış, müqəddimə yazaraq Azərbaycan oxucularına əvvəlcə 1966-1973, sonra isə 1975-1976-cı illərdə çatdırmışdır.



itv.az