AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Afaq Əliyeva və kiçik elmi işçi Pərvanə Teyyubovanın uzunmüddətli gərgin əməyinin məhsulu olan “Qulam Məmmədli arxivinin təsviri” kitabı işıq üzü görmüşdür.Kitab milli –mədəni irsimizin tədqiqi tarixində müstəsna xidmətləri olan mətnşünas alim, təzkirəçi, nasir, publisist, mətbuat araşdırıcısı Qulam Məmmədlinin adıçəkilən institutda saxlanılan şəxsi arxivindəki materialların təsvirinə həsr edilmişdir. Afaq Əliyeva kitaba yazdığı önsözdə tədqiqatçının ölümündən 23 il keçməsinə baxmayaraq, onun həyat və fəaliyyətinin öyrənilməsi sahəsində hələ də boşluq olduğunu bildirmiş və ustad sənətkarın 1972 və 1979-cu illərdə öz əli ilə qələmə aldığı tərcümeyi-halı əsasında ömür yoluna işıq salmağa çalışmışdır.

Kitab “Tərcümeyi-hallar”, “Salnamələr”, “Topladığı əsərlər” , “Məktublar”, “Qulam Məmmədliyə aid sənədlər”, “Fotoşəkillər” adlı bölmələrdən ibarətdir. Kitabın redaktoru fil.ü.e.d. Paşa Kərimov, rəyçiləri fil.ü.e.d. Nailə Səmədova və fil.ü.f.d. Qətibə Quliyevadır.

Kitab AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının 19 sentyabr 2016-cı il 7 saylı qərarı ilə çap olunmuşdur.

elyazmalarinstitutu.com